Şair-jurnalist Akif Səmədin anım günü...

Şair-jurnalist Akif Səmədin anım günü...

“Bugün qoşmaları, gərayalıları dillər əzbəri olan tanınmış şair, jurnalist Akif Səmədin anım günüdür. Nur içində yatsın”. Bu fikirləri Milli Məclisin deputatı, Mədəniyyət Qənirə Paşayeva özünün Facebook səhifəsində paylaşıb. Xanım deputat şairin anım günü ilə bağlı daha sonra yazıb:

“Akif Səməd (Akif Səməd oğlu Məmmədov; 22.07.1959, Aslanbəyli, Qazax – 06.07.2004, Bakı) –1976-cı ildə doğma kəndindəki orta məktəbi bitirib, həmin il Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Jurnalistika fakültəsinə qəbul olunub. Ali təhsilini bitirdikdən sonra, ADPU-nun “Gənc müəllim” qəzeti və müstəqil “Mərhəmət” jurnalı redaksiyalarında işləyib. Azərbaycan Dövlət Teleradio Şirkətində redaktor vəzifəsində çalışıb. Hələ tələbəlik illərindən bədii yaradıcılıqla ciddi məşğul olan Akif Səmədin şeirləri dövri mət-buatda dərc edilib, geniş oxucu marağına səbəb olub. “Qiblə yelləri” (1992), “Uzaqlardan gəlirik” (1994), “Adəmdən…” (1995), “Ömrü özünə yaşasan” (1996), “Özümə yol” (2004) adlı kitabları gün üzü görüb.
“VEKTOR”un nəşr etdiyi “Hərənin öz Akifi” toplusunda şairə ünvanlanmış şeirlər, şeirlərinə nəzirələr yer alıb. Rəssam Nəvai Metin Akif Səmədin portretini yaradıb. “AranFilm” Yaradıcılıq Mərkəzi şairin haqqında sənədli film çəkib (2019). Vəfatından sonra, “Seçilmiş əsərləri” yayınlanıb, xatirə gecəsi keçirilib.
Çağdaş Azərbaycan təniqinin demək olar, bütün aparıcı simaları Akif Səməd yaradıcılığı haqqında məqalələr yazıb, onun etnoqrafik yaddaşdan, xalq ruhundan – epos təfəkküründən gələn və fitri istedadla yoğrulmuş şeirlərinin məziyyətlərini incələyib.
Oğlu – gənc şair Ulucay Akif atasının ədəbi yolunu davam etdirir.
2004-cü il iyulun 6-da Azərbaycan Yazıçılar Birliyinin “NATAVAN” Klubunda aparıcısı olduğu bir kitab təqdimatından sonra, “ürək tutması”ndan vəfat edən şair, bir gün sonra doğma Aslanbəylidə torpağa tapşırılıb. Başdaşı abidəsinin müəllifi Məmməd Dəmirçioğludur.
Hər ikisinin ruhu şad olsun!”

Hazırladı:
Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

Mənbə: xalqqazeti.com