“Cavidşünaslıq” elmi araşdırmalar toplusunun növbəti cildləri nəşrə hazırlanıb

 

Bakı, 7 iyul, AZƏRTAC

AMEA-nın Hüseyn Cavidin ev-muzeyi tərəfindən “Azərbaycan və türk xalqlarının ədəbiyyatı və incəsənətinin tarixi inkişaf dinamikası və multikultural proseslərin perspektivləri” adlı layihə çərçivəsində “Cavidşünaslıq” elmi araşdırmalar toplusunun növbəti beş cildi - XXI-XXV cildləri nəşrə hazırlanıb.

Muzeydən AZƏRTAC-a bildirilib ki, son altı ayda növbəti cildlər üçün 2012-2015-ci illər cavidşünaslığına dair materiallar toplanılıb, sistemləşdirilərək ümumiləşdirilib və nəşrə hazırlıq mərhələsinə təqdim olunub.

Toplunun XXI cildinə 2012-ci ildə Hüseyn Cavidin 130 illik yubileyi, zəngin bədii irsi və şəxsiyyəti, pyeslərinin səhnə həyatı haqqında yazılmış məqalələr, xatirələr, internet materialları daxil edilib.

Cavidşünaslıqda 2013-cü ildə aparılmış tədqiqatlar, xüsusən də şairin həyat və yaradıcılığına dair dövri mətbuatda dərc olunan mühüm yazılar XXII cilddə yer alıb. Toplunun XXIII cildində 2013-cü il mayın 16-18-də Hüseyn Cavidin ev-muzeyinin iştirakı ilə Bakıda təşkil olunmuş “Türk dünyasını işıqlandıranlar: M.Akif Ersoy və Hüseyn Cavid” adlı beynəlxalq elmi konfransın materialları verilib.

Oxucular XXIV cilddə Hüseyn Cavidin həyat və yaradıcılığının müxtəlif problemlərinə həsr olunmuş və 2013-2014-cü illərdə müxtəlif mənbələrdə işıq üzü görmüş elmi, elmi-publisistik, ədəbi-bədii materiallarla tanış olacaqlar. XXV cildə 2014-2015-ci illərin cavidşünaslıq materialları daxil edilib.

Çoxcildliyin elmi məsləhətçisi AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli, layihə rəhbəri akademik Teymur Kərimli, tərtibçi-müəllifi isə muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlıdır.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

"Kişi işdən çıxıb düz evə getməlidir"

SONRAKI XƏBƏR

IBA Miles kartları ilə gələcək səyahətlər üçün indidən millər topla!