Naxçıvan Dövlət Univesitetində məzun rəssamların sərgisi

Naxçıvan Dövlət Univesitetində məzun rəssamların sərgisi

Naxçıvan Dövlət Universitetinin incəsənət fakültəsində məzun rəssamların sərgisi təşkil edilib.
Rəngkarlıq və Təsviri incəsənət müəllimliyi ixtisası tələbələrinin buraxılış işlərinin üstünlük təşkil etdiyi sərgidə universitetin tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov qeyd edib ki, mövcud durumda belə, fakültədə keçirilən ustad dərsləri, əlamətdar tarixi günlərlə bağlı onlayn konsertlər bir ənənə şəklini alıb. Prorektor məzun tələbələri təbrik edib və əsərlərinin məşhur rəssamlarla birgə sərgilənməsini arzulayıb.
Təsviri incəsənət kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar rəssam Həbibə Allahverdiyeva bildirib ki, ümumilikdə 45 rəsm əsərinin nümayiş olunduğu sərgidə məzun tələbələrin buraxılış işləri yer alıb. Vurğulanıb ki, sərgiyə Rəngkarlıq ixtisasının tələbələri Arzu Tarverdiyeva 15, Ceyran Talıbova 12 əsərlə qatılıb. Diqqətə çatdırılıb ki, universitetdə adlı təqaüd alan hər iki tələbə artıq Naxçıvan Rəssamlar Birliyinin gənc üzlüyünə qəbul ediliblər.
Xalq rəssamı Hüseynqulu Əliyev müəllimi olduğu hər iki tələbəni təbrik edib və onların yaradıcılıq işlərini qiymətləndirib.
Fakültənin dekanı, Əməkdar rəssam Cavid İsmayılov "Gənc rəssamlar” klubunun fəaliyyətindən danışıb, gələcək perspektivlərini dəyərləndirib.
Sonra sərgiyə baxış olub.

Mənbə: aztehsil.com