Pandemiya dövründə... xoşbəxt olmaq

Pandemiya dövründə... xoşbəxt olmaq

Həyat insanlara hər zaman sevinc bəxş edə bilməz. Yaşadığımız bu zəmanədə həm insanlarla, həm xəstəliklərlə və saysam bitməyəcək müxtəlif nüanslarla mübarizə aparmalıyıq. Amma hər insan eyni ola bilməz və fərqlidir. Bəzi insanlar əzmlə vuruşursa da, bəzi insanlar əksinə özlərində o gücün olduğuna inanmırlar, geri çəkilirlər. İndi bütün dünya koronovirus adlı pandemiya ilə savaşdadır. Bir çox xəbər mənbələrindən bildiyimiz qədər insanlar bu xəstəliyə tutulur, ölənlər var.

Və bir çoxumuz hər şeyin yaxşı olacağına inanarkən bəzilərimiz həyatdan küsüb, sadəcə, yaşamaq xətrinə vaxtımızı dəyərsizləşdiririk.

Bu müddətdə motivasiyamızı necə yüksək tutmalıyıq?

Əvvəlcə bu yaşadığınız həyatı mənimsəyin. Onun hər anının qiymətini bilin.Əslində bir çox insanın fərqində olmadığı bir şey var. Zaman bizə verilmiş ən dəyərli hədiyyədir. Xoşbəxt olmaq, bədbinliyə qapılmamaq hər kəsin öz əlindədir. Bəziləri belə düşnür: “Məndə heç nə alınmır. Heç nə mənə sevinc gətirmir”. Bu düşüncədə olanlar, təəssüf ki, necə yaşamağı bilmirlər. Maraqlı sual yaranır.

Necə yaşayaq ki, xoşbəxt olaq?

Əvvəlcə sizin sevincinizə mane olan nədirsə, onu tapın

Yəni bütün gün düşündüyünüz, dərdini çəkdiyiniz nədirsə, onu zehininizdən uzaqlaşdırmağa çalışın. Heç asan deyil. Bu yəqin hamıya məlumdur. Amma çalışmasan, nəticəsini də görə bilməzsən. Xoşbəxt olmayan insanlar həyatda nə məqsəd güddüklərini bilməyən və sabaha gözlərini açmaq üçün hədəfi olmayan insanlardır.

Xoşbəxt olmaq üçün yaşam məqsədi tapın

Səhər yataqdan duranda o beyninizdəki hədəf, onu etmək istəyi sizi həyata bağlayacaq. Ən sıravi hədəflərdən başlaya bilərsiniz. Zaman keçdikcə, o məqsədlərin böyüdüyünün siz belə fərqində olmayacaqsız.

Üçüncü addım: əlinizdə olan hər şeyin qədrini bilin

Gileylənmək, özündə olanı bəyənməyib başqasının olanı gözündə böyütmək insanları həmişə bədbin edir. Unutmayın, artıq tamah baş yarar. Hər kəs əvvəl əlində olanı yüksək qiymətləndirməyi bacarmalıdır.

Ən böyük bədbəxtlik, təəssüf ki, özünü xoşbəxt etməyi bacarmamaqdır

Bu insanlar hər zaman kiminsə sevgisinə, qayğısına ehtiyac duyurlar. Və tək qaldıqlarları zaman depressiv halda olurlar. Halbuki insanlara ən böyük sevinci elə özləri yaşadır. Hər kəsin sevgisi gerçək olmur. Yalan sevgilərə inanmaqdansa, yalnız qalıb özünü müəyyən müddətlik bədbin hiss etmək yaxşıdır. İnsan təkbaşına film izləməkdən, eləcə də, kitab oxumaqdan, gəzməkdən zövq almağı sınamalıdır.

Əsas faktorlardan biri - qorxularınızı bilin

Qorxularınızı bildikdən sonra onlardan qaçmaq yerinə, mübarizə aparmağa çalışın. Siz həmin qorxuya qalib gəldikdə iftixar və sevinc hiss edəcəksiniz: “Mən bacardım” deyəcəksiniz.

Öz şəxsi fikriniz olsun və sonuna qədər heç kim sizi dəstəkləməsə belə, siz fikrinizin arxasında durun

Ətrafımızda paxıl, yalançı, qeybətcil və sair hər xarakterdə insanlar var. Və bizə deyilən hər sözə əhəmiyyət verməməyi, önəmsəməməyiyi biz bacarmalıyq. Əlbəətə, bəziləri bizim xeyrimizə deyilir. Onları dinləmək və əməl etmək vacibdir.

Yaşadığınız həyatı sevin və dəyərləndirin. Bir dəfə yaşamaq şansımız olduğunu unutmayaq. Nə olsa belə, həyata küsməyin. Hər zaman yenidən başlamağı bacarın.

Materialı hazırladı: Ülkər Abdurahmanlı

Mənbə: www.bizimyol.info