Cəbhənin ön sırasında dayanan qəhrəmanlara - ÖZƏL

Cəbhənin ön sırasında dayanan qəhrəmanlara - ÖZƏL

Çox istidir hə? Qalxın kondisioneri işə salın… İndi sərinlədi? Yaxşı ki, belə əşyalar var, hə? Bir anda evinizin hərarətini dəyişdi…

Xəstəxanalarımızın bəzilərində də var. Tibb əməkdaşları bu əşyanı işə sala bilərlər sizcə? Xeyr! Xəstələrin problemi ağciyərlə bağlı olduğu üçün onlara müalicə alan şəxslərin yatdığı otaqlarda kondisioneri işə salmaq qəti qadağandır. Əyinlərinə geyindikləri libas ətraf mühitlə bədənin əlaqəsini tamamilə kəsir və hava keçirmir. Hər dəfə nəfəs alanda, verəndə eynəklərini buxar örtür, eynəklərini belə həmin proses zamanı silə bilmirlər. Maskalar tərləyir, libas hava keçirmədiyi üçün təbii olaraq tərləyir, isti də bir yandan.

Bu geyimlə nə qədər qala bilərsiz?.. Düşünürsüz? Şəxsən mən bəlkə də 15 dəqiqə. Artığına dözə bilmərəm, səbr də bir yandan. Amma onlar dözməyə məcburdur. 10 dəqiqə, yarım saat, bəzən 1 saat və s. dözürlər…

Kənardan baxana futbol asan gəlir deyirlər. Həqiqətən də elədir. Kənardan baxana bu libas maraqlı gəlir, görəsən o libasın içində olmaq istəyərikmi? Bu isə sual olaraq qalır. Cavabını bildiyimiz halda qürurumuz əl vermir ki, “Təbii xeyr! Halal olsun onlara!” deyək.

Özümüzə özgə olduğumuz kimi, onlara da özgəyik. Onlar isə bizə özgə deyil, ən azından bir xəstənin müalicəsi üçün bu geyimdə və şəraitdə psixoloji təhlükəni, travmanı kənara qoyuram, həyati təhlükəni əsas götürürəm. Bəli! Həyati təhlükə. Bəzilərinin vaxtı ilə inanmadığı, daha sonra isə qohumunda, dostunda, tanışında aşkar olunduqdan sonra fərqinə vardığı, hamımızın aylardır adını eşitməkdən bezdiyi, başına min cür tac keçirdiyimiz “Covid-19” təhlükəsi. Onlar bu bəla ilə yaxın təmasda lakin, bu geyim vasitəsilə cismi uzaqlıqda dayanırlar. Bəzən geyim belə mühafizə edə bilmir. Amma ümid edək ki, hər zaman mühafizə etsin!

Həkimsiz cəmiyyət düşünün bir anlıq…

Bir zamanlar hər birimizin aşağıladığı, bəzən şəxsi zəmində problemimiz olduğu halda təhqir belə etdiyimiz, hətta irəli gedərək “qəssab” ləqəbi qoyduğumuz, lakin bu gün günümüzün qəhrəmanına çevrilən görünməz qəhrəmanlarsız fəlakətin həcmini təsəvvür edə bilirsiniz? Zaman-zaman “Azərbaycanda həkim yoxdur! Gürcüstan, İran həkimləri savadlıdır!” deyib hüzuruna ümidlə getdiyimiz, adlarını güc bəla ilə əzbərlədiyimiz Mehdipurlar, Şavaridzelər haradadır? İmdadımıza çata bilirlər?

Deməli, bu həm də onun göstəricisidir ki, Azərbaycanda həkim var, bəli, var. Qəssab demirəm ha, həkim deyirəm. Hansı ki, övladının gül ətrinə, qoynuna sarılmasına, ərkəsöyünlüyünə həsrət qalaraq başımızın üstünü kəsdirən, gözlə görünməyən, lakin ölümlə əhd bağlamış Covid-19-a qarşı bizi müdafiə edən həkimlərimiz Azərbaycanda var imiş. Aylar əvvəl “Ana (Ata), gedirəm xaricə, bir müddət sonra qayıdacam, gələndə sənə ən sevdiyin oyuncağı gətirəcəm. Vaxt olduqca da sənə ordan zəng edəcəm. Babanın, nənənin sözünə bax, onları yorma, yaxşı qızım (oğlum)” deyib, “Virusa yoluxacaqmı, yoluxmayacaqmı, yoluxsa vəfat edəcəkmi, qalib gələcəkmi?” kimi fikirləri ağlına gətirmədən necə ki, valideynləri ilə vidalaşıb cəbhəyə gedən hərbçi misalı, övladını doya-doya bağrına basıb evdən vəzifə başına (xidmətə) çıxan həkimlərimiz var imiş. Bu gün onlar virusla mübarizədə ön cəbhədə dayanırlar. Sıralarından gözləri qarşısında azalan da olur. Bunu görə-görə döyüşü yarımçıq qoyub, fərariliyi seçib, səngərini başsız qoyub qaçmırlar, mübarizəyə davam edirlər. Aylardır davam edən mübarizədə eyni prosedurlar, eyni vəziyyətlər sayəmizdə artıq adət halını alıb. Niyə məhz sayəmizdə? Çünki biz, evdən çıxarkən aldığımız 2 saatlıq icazə müddətində maska taxmağı ya özümüzə sığışdırmırıq, ya inamsızlıqdan bir kənara atırıq, ya da vecsizlikdən maskanı üstümüzdə gəzdirmirik ki, toplum arasında istifadə edək…

Yuxarıda qeyd etdiyim kimi, halbuki, onlar üçün maska artıq həyatlarının bir parçasına çevrilib. Onlar qanunlara riayət edir, biz isə bu qanun bizim üçün olduğu halda boyun qaçırdırıq, ta ki, yoluxana qədər. Yoluxanda isə artıq hər şey üçün çox gec olur. Biz çox, onlar az. Günlük yoluxma sayının son günlər 500-dən yuxarı olduğunu nəzərə alın və düşünün hər həkimə neçə xəstə düşür? Halbuki, xəstə sayını azaltmaq öz əlimizdədir. Gəlin, əl-ələ verək və onların aylardır üzlərinə həsrət qaldıqları ailələrinə qovuşmalarına yardım edək. Necə? Çox asan. Artıq necəliyini yaxşı bilirsiniz!

Covid-19-la mübarizə üçün aylar əvvəl evi və ailəsi ilə vidalaşaraq mübarizəyə qoşulan gözə görünməz qəhrəmanlarımıza Tanrıdan dözüm, səbr, mübarizə əzmi arzu edir, xəstələrimizə şəfa diləyirəm!

Fəqan Muxtar

KONKRET.az

Mənbə: konkret.az