"Ən yaxşı yalançılar" - Rauf Ra Yazır...

"Ən yaxşı yalançılar" - Rauf Ra Yazır...

"Qeyri-varlıqdan varlığa keçməyə səbəb olan bütün şeylər sənətdir."

Platonun sənət anlayışı - varlıq və qeyri -varlıq arasındakı - yoxluq daxilindəki nəsnədən konkretləşməyə, varlıqdakı nəsnədən isə mücərrədləşməyə qədər gedən ucsuz-bucaqsız, lakin şüur qəlibsizliyinə yerləşən - gedilmiş və ya gediləcək məsafədir. Bu məsafənin fikrin kontekstinə çevrilməsinə səbəb, Platonun fikrindəki "yoxluqdan – varlığa" yerdəyişməsinin əksini düşündükdə belə onun üçün sənətin formulu olan anlayışın anlamını itirməməsidir.

Rəvanın "Mən qadın olsaydım" şeiri mənim poetik zövqümün şeiri deyil. Rəvanın bu şeirdən daha gözəl şeirləri var. Fəqət bu şeirdə ədəbiyyatımızda əksər şeirlərdə olan "ilhamın şüurdan önə keçib mətnin kulisində yaratdığı müəllif xəbərsizliyi" ifadəsinə rast gəlmək olur. Rəvan özünün xəbəri olmadan (təbii ki, bu mənim zənnimdir.) şeir daxilində varlıq və yoxluq arasındakı məsafədə bacardığı qədər addımlamağa çalışıb. Addımların nə qədər çox, az, uğurlu və uğursuz olması barəsində danışmayacam. Şeirin alınması və alınmaması prinsipini bir kənara qoyub şeirdə - var olan mətn daxilində bacardığım qədər içə doğru addımlamağa çalışacam.

 

"Mən qadın olsaydım..."

 

Mətnləşmiş istənilən qadın ifadəsində ağlıma miflərin ağlımda qaraladığı "doğuş ilahiliyi" ifadəsi - həyatın "start" carçısı gəlir.

Beş min il bundan əvvəl yazılmış sumer mətnlərində "yeri-göyü yaradan” allahdan deyil, "yeri-göyü doğan” - "böyük tanrıları doğan" tanrıdan – Sumerin ilk tanrısı, qadın cinsində təsəvvür edilən Nammudan – danışılır...

 

Sonralar isə Patrialxal miflərin yaranması ilə yaranış məfhumu kreatsionizmə - yaradılışçılığa çevrildi...

 

Fəqət qonizm - doğuluşçuluq daima mənim şüurumda yaranış mifinin özəyi kimi qalıb. Bundan sonra da belə davam edəcək. Bu mifoloji mətnlər haqqında uzun-uzadı yazmaq olar, sadəcə məqsədim "mən qadın olsaydım..." ifadəsinin nə qədər içə doğru qalxa biləcəyini göstərmək idi. Doğrusu yazıya başlamazdan əvvəl şeiri miflərlə təhlil etməyi düşünmüşdüm, amma mətn daxilində yazdıqca şeirin özəyi olan "mən qadın olsaydım" ifadəsinin yuxarıda dediyim miflərin özəyi olan "doğuluşçuluq"la aynalama vəhdətini görüb elə buradaca "start" carçısına "stop" demək lazım olduğunu düşünürəm. Zira, zənnimcə, "mən qadın olsaydım" ifadəsində hər şey və ən əsası "Allahı doğmaq" ifadəsi aydındır.

 

İndi isə tarix səhifələrini geri çevirib bu günə qayıtmaq lazımdır. Olanları - təhdid və təhqirləri bilirik. Amma sənətdə sadəcə bir həqiqət var - önəmli olan insanlara yox, sənətin özünə cavab verməkdir. Qısaca belə də demək olar:

 

"Yaradıcılıqda bütün qaydalar nə yaxşı, nə pisdir - önəmli olan nəticədir!"

- Antoine de Saint-Exupéry

Sonda isə bunu deməmək günah olar, Rəvan şeirdəki istəklərin bütün anlamlarını üstüaçıq bir misrayla çox gözəl verib:

"şairlər ən yaxşı yalançılardır..."

"Happy end!"

Mənbə: yarpaq.az