BDU-da onlayn seminar: müasir axtarış üsullarının tətbiqi ilə Gədəbəy filiz rayonunda kəşf olunmuş yataqlar

BDU-da onlayn seminar: müasir axtarış üsullarının tətbiqi ilə Gədəbəy filiz rayonunda kəşf olunmuş yataqlar

Bakı, 8 iyul, AZƏRTAC

İyulun 8-də Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsi tərəfindən “Müasir filizəmələgəlmə modellərinin və axtarış-kəşfiyyat üsullarının tətbiqi ilə Gədəbəy filiz rayonunda kəşf olunmuş yataqlar” mövzusunda onlayn elmi seminar keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, seminarda Geologiya fakültəsinin dekanı Məhluqə Məmmədova elm və texnikanın inkişafı nəticəsində müasir dövrün bəşəriyyətin mənəvi-sosial həyatında baş verən mühüm dəyişikliklərlə xarakterizə olunduğunu qeyd edib. O, həmçinin fakültədə aparılan elmi tədqiqatlar və əldə olunan nailiyyətlər haqqında məlumat verib.

Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru Məmməd Rəcəbov vurğulayıb ki, koronavirus (COVID-19) pandemiyası səbəbindən BDU-da konfransların, elmi seminarların, ustad dərslərinin, müzakirələrin, iclasların onlayn formatda keçirilməsi artıq ənənə halı alıb.

BDU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Hüseyn Məmmədov Geologiya fakültəsinin elmi uğurlarından danışaraq burada aparılan elmi-tədqiqat işlərinə diqqət çəkib.

Sonra “Azerbaijan International Mining Company” Şirkətinin geoloji kəşfiyyat işləri üzrə meneceri, yer elmləri üzrə fəlsəfə doktoru Anar Vəliyev “Müasir filizəmələgəlmə modellərinin və axtarış-kəşfiyyat üsullarının tətbiqi ilə Gədəbəy filiz rayonunda kəşf olunmuş yataqlar” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Gədəbəy filiz rayonunda son vaxtlar kəşf olunmuş Qədir, Uğur yataqları barədə, bərk faydalı qazıntı yataqlarının genezisinin, əmələgəlmə və yerləşmə qanunauyğunluqlarının, filizdaşıyan metasomatik dəyişilmələrin araşdırılması, gizli filiz kütlələrinin birbaşa axtarışı və proqnozlaşdırılması haqqında ətraflı məlumat verilib.

Geologiya-mineralogiya elmlər doktoru, professor Vasif Babazadə müvafiq ixtisas üzrə təhsil alan tələbələrin geologiya ilə bağlı biliklərinin inkişaf etdirilməsi, onların geoloji tədqiqatlarda istifadə olunan mütərəqqi yanaşma və metodologiyalarla, bu istiqamətdə hazırlanmış yeni cihaz və avadanlıqlarla tanış edilməsi, həmçinin çöl-tədqiqat işlərində müəyyən vərdişlərin formalaşdırılması məsələlərinə aydınlıq gətirib.

Seminara qoşulan BDU-nun rektoru Elçin Babayev bildirib ki, elmi fəaliyyətin yeni meyarlarla təşkili və idarə edilməsi, elmi infrastrukturun müasirləşdirilməsi və qabaqcıl texnologiyaların tətbiqi həyata keçirilən islahatların əsas prinsipləri sırasındadır. Bakı Dövlət Universitetinin Geologiya fakültəsi geoloji elmlərin inkişafına, respublika ərazisinin geoloji quruluşunun, geodinamik şəraitinin, geoloji proseslərin öyrənilməsi sahəsində fundamental və tətbiqi məsələlərin həllinə, həmçinin Azərbaycanın mineral-xammal bazasının yaradılması və möhkəmləndirilməsinə mühüm töhfələr verib.

Mənbə: azertag.az