Bakı Xanları Sarayı: tarixi və bu günü

Bakı Xanları Sarayı: tarixi və bu günü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ­birinci xanım Mehriban Əliyeva iyunun 29-da “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində Mehriban xanım Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa edilən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun bir hissəsi, o cümlədən, Bakı Xanları Sarayının bərpa-konservasiyası ilə tanış olublar. Bərpa-konservasiya işləri ilə yanaşı, ərazidə yeni parkın salınması istiqamətində, habelə arxeoloji qazıntılar zamanı aşkarlanmış hamam, həmçinin hamamda və ərazidə aparılan arxeoloji qazıntılar və görülən rekonstruktiv işlərə də baxılıb. İçərişəhərdə yerləşən bu tarixi-memarlıq ansamblının özünəməxsus tarixçəsi vardır. Birinci vitse-prezident Mehriban xanımın təşəbbüsü və dəstəyi ilə aparılan bu bərpa-konservasiya işləri tariximizə, milli dəyərlərimizə verilən ən yüksək dəyər və hörmətin təzahürüdür.

Məlum olduğu kimi, Azərbaycanın qədim tarixi şəhərləri, əsasən arxeoloji qazıntılar nəticəsində aşkar edilən maddi-mədəniyyət nümunələrinə, həmçinin yazılı qaynaqlara görə öyrənilir. Tariximizin elə dövrləri olmuşdur ki, bu haqda daha ətraflı məlumat əldə etmək üçün arxeoloji dəlillərlə yanaşı, həm yazılı mənbələrə, həm də epiqrafik və etnoqrafik material, eləcə də, digər nümunələrə ehtiyac yaranmışdır. Lakin elə dövrlər də vardır ki, – istər Şirvanşahlar dövrü olsun, istərsə də xanlıqlar dövrü – onlardan bizə qalmış miras və maddi irs nümunələri qərəzli və məqsədli olaraq ya qismən, ya da tamamilə dağıdılmış, həcm və çəki fərqi qoyulmadan, qiymətli hesab edildiyinə görə qarət edilmiş, başqa ölkələrə aparılmışdır.
Şəhərlər bir növ cаnlı оrqаnizmdir. Hər şəhərin özünəməхsus tаlеyi vаrdır. Bəzi şəhərlər hərbi, siyаsi hаdisələrdən кənаrdа qаlsа dа, bir qismi tаriхi hаdisələrin güclü burulğаnındа çırpınır, bir qismi tаlаn və yаnğınlаrа, fеоdаl çəкişmələrinə, təbii fəlакətlərə tаb gətirməyərəк məhv оlur, digərləri isə əlvеrişli təbii-iqlim şərаitinə, güclü iqtisаdiyyаtınа, ticаrət və sənətкаrlığının inкişаfınа görə çiçəкlənərəк şöhrət qаzаnırdı. Bakı məhz belə şəhərlərdəndir.
İçərişəhərin ən hündür yerində yerləşən Şirvanşahlar sarayı necə dövlətçilik tariximizin rəmzi, öz dövrünün dövlətçilik – idarəçilik atributu sayılırsa, Bakı xanlarının iqamətgahı da öz dövrünün dövlətçilik – idarəçilik simvolu sayılmalıdır.
Bakı xanları və onların iqamətgahları haqqında düşünərkən, həmişə tədqiqatçıları bir sual narahat edirdi. Xalq arasındakı deyimlərə, rəvayətlərə, həmçinin o dövrün səyyah, yazıçı, mühəndis-hidroqraf və digərlərinin qeydlərinə, habelə şifahi gəzən məlumatlara əsasən öyrəndiyimiz, lakin vizual görmədiyimiz, dağınıq tikililərin olduğu əraziyə necə saray deyə bilərik? Axı, biz və bizim ata-babalarımız bu möhtəşəm sarayı görməmişik. Bu məsələni araşdırmaq geniş tarixi tədqiqat və ərazidə aparılacaq arxeoloji qazıntıların labüdlüyünü tələb edirdi. Bu əzəmətli saraydan 2016-cı ilə qədər sadəcə sarayın giriş portalı, bir neçə uçuq-sökük qəzalı bina, yeraltı hamam və kiçik məscid salamat qalmışdı.
Hələ 2000-ci illərdə Bakı xanlarının saray kompleksi ərazisində, yer altında qalmış bir tikilinin varlığı haqqında bizdə bəzi informativ məlumatlar var idi. Azərbaycan Dövlət Arxivində aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdi ki, İçərişəhərin Qoşa qala qapılarının yanında (keçmiş hərbi hissənin ərazisi) son orta əsrlərə aid hamam olmuşdur. 1918-ci ildə rus təyyarəçisi V.L.Korvin Kerberin səmadan çəkdiyi fotoşəkildə də hamam və onun qübbələri aydın görünür.
Sovet dönəmində isə bu ərazidə Hərbi Polis İdarəsi yerləşmişdi. Hamamın iki pəncərəsi Qoşa qala qapılarından sol tərəfdə – şərq qala divarında hal-hazırda da qalmaqdadır. 2006 - 2007 -ci illərdə hətta bu pəncərələrdən içəri girib, bəzi tədqiqatlar belə aparmışdıq.
Tarixə nəzər. Məlum olduğu kimi, 1747-ci ildə Nadir şahın ölümündən sonra Azərbaycan ərazisində 20-dən çox kiçik feodal dövlət, olan xanlıq və sultanlıqlar yaranmışdı. Bakı xanlığı ərazisinə görə kiçik olsa da Azərbaycanın şimalında yaradılmış çox önəmli və strateji siyasi dövlət qurumlardan biri idi. Xanlar feodal zümrəsinin ali təbəqəsi olmuşlar. Bakı xanlarının sarayında aşağıdakı xanlar yaşamış və xanlığı idarə etmişlər:
I Mirzə Məhəmməd xan (Dərgahqulu xanın oğlu) 1747-1765-ci illərdə
Məlik Məhəmməd xan (I Mirzə Məhəmməd xanın oğlu) 1765-1784-cü illərdə
II Mirzə Məhəmməd xan (Məlik Məhəmməd xanın oğlu) 1784-1791-ci illərdə
Məhəmmədqulu xan (I Mirzə Məhəmməd xanın oğlu) 1791-1792-ci illərdə
Hüseynqulu xan (Hacı Əliquluağa xanın oğlu) 1792-1806-cı illərdə
Bakı xanlığının əsasını Dərgahqulu bəyin atası Hüseyn bəy Məhəmməd (hakimiyyət dövrü 1718-1723-cü illər) qoymuşdur. Amma 1723-cü ildə I Pyotrun general Matyuşkinin başçılığı altında Bakı şəhərinə göndərdiyi hərbi ekspedisiya zamanı şəhəri ruslara müvəqqəti təhvil verdiyi üçün xəyanətdə ittiham edilərək Nadir şah tərəfindən vəzifəsi əlindən alınmış və oğlu Dərgahqulu bəy Nadir şah tərəfindən xan kimi təsdiqlənmişdir. Maştağanın bəyi kimi fəaliyyətə başlayan Dərgahqulu bəy (hakimiyyət dövrü 1723-1731-ci illər) isə Səfəvilərin şəhər valisi öldürüldükdən sonra Bakı valisi olaraq fəaliyyətini davam etdirib. Səfəvilər dövründə Bakını son vali kimi idarə edən məhz Dərgahqulu bəy olub. Dərgahqulu bəy 1731-ci ilə qədər hakimiyyətdə olub və 1736-ci ildə döyüşlərinin birində yaralanaraq dünyasını dəyişib. Dərgahqulu bəyin oğlu, 11 yaşlı Mirzə Məhəmməd (I Mirzə Məhəmməd 1747-1768-ci illər) artıq Nadir şahın ölümündən sonra növbəti Bakı xanı olub.
İyerarxiya nərdivanında “bəy” titulundan yuxarıda duran xanlar cah-cəlallı sarayları, mülk və gəlirləri ilə həmişə seçilmişlər. Bakı xanlarının sarayı zənginlik və gözəlliyi ilə, nəinki rus generallarını, bütün görənləri məftun etmişdir. Vaxtilə indiki Qoşa qala qapısının yaxınlığındakı beş həyətdə yerləşmiş saray, portalda yazılmış tarixə əsasən, 1750-51-ci illərdə bir neçə mərhələdə inşa edilmişdir.
Bakı xanları inzibati, maliyyə, hərbi və məhkəmə hakimiyyətini əlində cəmləşdirib, xanlığı öz mülkü kimi idarə edirdilər. Öz bayrağı olan və xanlığa aid sikkələr zərb etdirən Bakı xanlarının Divanı vardı ki, bütün vergi, müharibə və sülh, eləcə də digər mühüm dövlət məsələlərini həll edirdi.
Bakının Rusiya imperiyası tərəfindən 1806-cı il III işğalı (I işğal – 1723-cü il general-leytenant M.A Matyuşkin tərəfindən, II işğal 1796-cı il general V.Zubov tərəfindən) zamanı İçərişəhər ərazisində bir neçə tarixi məhəllə sökülmüş, o cümlədən də Bakı xanlarının sarayının yerindəki bir neçə bina qismən dağıdılmışdı. Məhz o zaman Kiçikqala küçəsi 1-13 saylı ünvanlar ərazisindəki tarixi məhəllə sökülmüş, yerində Bakı qarnizonunu yerləşdirmək üçün əsgər kazarmaları tikilmişdi.
Bakı Xanlarının Sarayının ərazisindəki kompleks, bir neçə binadan ibarət olmuşdur. Bunlar Məscid binası, Qonaq evi, Yataq evi, Tövlə və Gülüstandan – yəni hovuzdan ibarət idi. Bu ərazidə su kəhriz sistemi, hamam və ovdan da var idi.
Bakı xanlarının evinin yerindəki bilavasitə xanlığa aid ilk ikimərtəbəli Yataq evi adlanan bina 1730-cı illərdə məhz Dərgahqulu bəy tərəfindən inşa edilmişdir. İkimərtəbəli, 7 otaqlı bu bina yataq evi olduğu üçün vaxtilə gözəl və zəngin bəzədilmişdi. Lakin rus ordusunun qarət və özbaşınalığı ucbatından xeyli zərər görmüşdü.
Alman səyyahı Samuil Qotlib Qmelin 1785-ci ildə Sankt-Peterburqda nəşr edilmiş “Путешествие по России” kitabının III hissəsində Bakı Xanları Sarayından da bəhs edir. O, yazır: “Xanın dənizə yaxın hissədə, qarşısında gözəl bir bağın olduğu və qalanın bütün tikililərindən ayrı duran, indi təmir edilən evi var. İndiki xanın torpaq səddi yaxınlığında Şərq və Avropa üslubunda, hasara alınmış daha gözəl bir bağ var.”
Bakı xanlarının Abşeronda da bir neçə mülkü və böyük bağları olmuşdur. Bakı xanlarının indiki Nəsimi heykəli və Milli Bank yerləşən ərazidəki bağları çox möhtəşəm idi. Bu haqda 1858-66-cı illərdə Bakıda olmuş və unikal bir xəritə hazırlayan hidroqraf, kapitan-leytenant A.F Ulski Bakı Xanları Sarayı, onların bağları və mülkləri haqqında çox maraqlı məlumat təqdim edir. Onun xəritəsində bu bağ “Ханский сад” kimi qeyd olunur. A.F Ulski yazırdı ki, “Bağın mərkəzində böyük mülk ucalır. Yam-yaşıl və güllü-çiçəkli, hovuzlu bağda ceyran, cüyür və tovuz quşları var, bülbüllərin oxuması insanı valeh edir...”.
XIX əsrin sonlarında nəşr olunan “Закавказский край - заметки” adlı kitabda da Azərbaycan xanlıqlarında xan saraylarındakı vəzifələr, sarayların təminatı, Bakı xanı Hüseynqulu xanın qala daxilindəki sarayının ümumi görüntüsü haqqında maraqlı məlumatlar öz əksini tapmışdır.
Onu da qeyd etmək yerinə düşərdi ki, XVII əsrin sonlarında, daha doğrusu, 1684-cü il yanvarın 5-də, Səfəvi hakimiyyəti dövründə Bakıda olan alman əsilli həkim-təbib, etnoqraf və səyahətşunas alim Engelbert Kempfer məhz Bakı Xanları Sarayı yerləşən ərazidə gözəl və yaraşıqlı mülklərin olduğunu yazır. Engelbert Kempferin istər London kitabxanasının arxivində, qızıl fondda saxlanılan qədim latın dilində yazdığı yol qeydləri əlyazmasında, istərsə də 1712-ci ildə çap edilən kitabında, həmçinin “Bakı” qrafik rəsmində bu ərazidə hər hansı bir hamamın olduğundan bəhs edilmir.
(ardı var)

 

Kamil İbrahimov,
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun şöbə müdiri, tarix üzrə elmlər doktoru, professor

 

Mənbə: xalqqazeti.com