Fironluq edən hökmdarların qəbir əzabına məruz qalacağının  Qurandakı təsdiqi üzə çıxdı…

Fironluq edən hökmdarların qəbir əzabına məruz qalacağının  Qurandakı təsdiqi üzə çıxdı…

"Onlar (ölən gündən Qiyamətə qədər qəbir evində) səhər-axşam (gündə iki dəfə) odda yandırılarlar..."

Peyğəmbərimiz Məhəmməd Əleyhissəlamın hədislərində, eləcə də imam və övliyalardan nəql edilən söhbətlərdə ağır günahlar törətmiş insanların, o cümlədən zalım hökmdarların ölümlərindən sonra Qiyamət gününədək “bərzəx” deyilən qəbir aləmində əzaba məruz qalacaqlarından bəhs edilir. Lakin Allahın sonuncu Kitabı - Qurani-Kərimdə bu haqda konkret ayə olmadığından müsəlmanlardan bəziləri belə, qəbir əzabının gerçəkliyinə şübhə ilə yanaşırlar...

Moderator.az xarici İslam saytlarına istinadla qəbir əzabının Quran ayələri vasitəsilə təsdiqləndiyi iddia olunan materialı təqdim edir:

“İnsanlar var ki, Qiyamət gününə, günahkarların ağır əzaba düçar olacaqlarına və hər kəsin öz sözləri və əməlləri üçün məsuliyyət daşıyacağına inanmır. Çünki bəziləri ölümü varlıqlarının tam sonu kimi qəbul edirlər. Bəli, hər insan bu dünyaya yalnız bir müddət üçün gəlir, ancaq yer üzündə öldükdən sonra onu əbədiyyət gözləyir. Bu əbədiyyətin necə olacağı isə insanın özündən asılıdır. Kiminsə Cənnət sakini olacağını və ya Cəhənnəmdə cəzalandırılacağını yalnız Uca Allah bilir...

Bəs qəbirdə əzab gerçəkdirmi? Doğrudanmı, ölümdən dərhal sonra insan günahlarına görə cəzalandırılacaq? Bəli, bunun sübutu Qurani-Kərim ayələrində var:

“Beləliklə, Allah onu (o mömin şəxsi) onların qurduğu hiylələrin şərindən qorudu. Firon əhlini isə şiddətli əzab sardı (suya qərq oldular). Onlar (ölən gündən Qiyamətə qədər qəbir evində) səhər-axşam (gündə iki dəfə) odda yandırılarlar. Qiyamət qopduğu gün isə (deyiləcəkdir): “Firon əhlini ən şiddətli əzaba salın!”

("Gafir" surəsi, 45-46-cı ayələr).

Bu ayələrdə Firona və onun nəslinə, tayfasına əzab veriləcəyi açıq şəkildə bildirilir - səhər və axşam atəşə, oda veriləcəklər. Və bu cəza Cəhənnəmdəki bir cəza deyil, qəbirdə, yəni bərzəx aləmindəki bir cəzadır. Daha sonra isə bildirilir ki, Qiyamət günü fironun ailəsi ən ağır cəzaya məruz qalacaqdır...

Göründüyü kimi, Müqəddəs Kitabımızın bu ayəsi iki fərqli cəzadan bəhs edir. Birincisi, səhər və axşam qəbirdə baş verəcək cəzadır. İkincisi isə Qiyamət əzabı...

Bəhs edilən ayə qəbirdəki cəzanı açıq şəkildə göstərdiyinə görə İmam Mücahid, İkrim və Məhəmməd ibn Kaab deyib:

"Bu ayə qəbirdə əzabının gerçəkliyinə dəlildir."

Və bu rəyi əksər İslam alimləri bölüşürlər...”

Təqdim etdi: Sultan Laçın

Mənbə: moderator.az