Əfsanəvi rəqqas, Azərbaycan rəqs sənətinin şahzadəsi - Əminə Dilbazi

Əfsanəvi rəqqas, Azərbaycan rəqs sənətinin şahzadəsi - Əminə Dilbazi

1919-cu il, 26 dekabrda Qazaxda dünyaya gəlib. Beş yaşında böyük qardaşı Cavanşirin xəstələnməsi onu ailəsi ilə birgə Bakıya köçməyə məcbur edir. Qardaşının vəfatı ilə Əminənin həyatında yeni səhifə açılır.

Atası "Bu gündən Əminə mənim oğlum Cavanşirdir” deyərək, onu oğlan kimi böyüdür, saçlarını kəsdirib, ona oğlan paltarları geyindirir. Elə buna görə də, Əminə Dilbazi uşaqlıqdan idmana - yüngül atletikaya maraq duyur, yarışlarda birincilik qazanır.

Lakin 1935-ci ildə rəqqas Əşrəf Səfərovun təşəbbüsü ilə keçirilən rəqs müsabiqəsində iştirakı onun rəqqaslıq fəaliyyətinin təməlini qoyur.

Azərbaycan Xalq Rəqs Ansamblının yaradılması məqsədilə keçirilən müsabiqədə Əminə xanım xüsusi qabiliyyəti ilə fərqlənir və həmin ildən ansamblda fəaliyyətə başlayır.

Əminə Dilbazi 1935-ci ildə Üzeyir Hacıbəyovun bəstələdiyi "Kolxoz çölləri" musiqisi əsasında ilk rəqsini qurur və ifa edir. Dahi bəstəkar gənc rəqqasənin ifasını çox bəyənir, hətta ona zəng edərək bu rəqsi dövlət konsertinə salacaqlarını da bildirir.

Bunun ardınca Əminə Dilbazi Niyazinin musiqisinə "Dağlar gözəli”, Qılman Salmanovun musiqisinə "Alagöz” rəqslərini qurur. Bunlar onun quruluş verdiyi rəqslərin sadəcə başlanğıcı idi.

Əminə Dilbazi sonralar xareoqraf kimi bir çox filmlərdə, o cümlədən "Dədə Qorqud", "Azərbaycan toyu", "Bir bağçanın gülləri" səhnə əsərlərində, "Leyli və Məcnun" , "Arşın Mal Alan" və "O olmasın bu olsun" musiqili komediyalarında rəqslərə quruluşlar verib.

Əminə xanım milli rəqslərin ecazkar ifaçısı kimi məşhurlaşmışdı. O, rəqslərə yeni-yeni çalarlar gətirir və onları orijinal ifa üslubu ilə xeyli zənginləşdirirdi.“Vağzalı” rəqsində əllərində stəkan tutaraq süzməsi, qavalla rəqs ideyası onun fərdi ifa tərzi idi. “Çiləmə” və “süzmə” kimi əl hərəkətlərindən isə xüsusi məharətlə istifadə edirdi.

"Turacı”, "Tərəkəmə”, "Naz eləmə”, "İnnabı”, “Uzundərə”, “Ceyran Bala” rəqsləri onun ifasında zərif və incə şəkildə təqdim olunurdu.

Əminə Dilbazi 1936-1939-cu illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının solisti kimi çalışıb, bir sıra rəqs qruplarına rəhbərlik edib. Uzun illər Bakı Xoreoqrafiya Məktəbində və Azərbaycan Milli Konservatoriyası nəzdindəki İncəsənət Gimnaziyasında pedaqoji fəaliyyət göstərib. 100-dən artıq tələbə yetişdirərək milli rəqs məktəbinin inkişafı üçün böyük əmək sərf edib.

Azərbaycan milli rəqs sənətini müasir estrada səhnəsinə çıxaran və 20-dən çox ölkədə milli rəqslərimizi uğurla təbliğ edən sənətkar 1954-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1959-cu ildə isə xalq artisti fəxri adına layiq görülüb. 1999-cu ildə "İstiqlal" ordeni ilə təltif edilən görkəmli sənətkar Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü olub.

Milli rəqs sənətimizin yaşadılması üçün əvəzsiz rol oynayan Əminə Dilbazi 2010-cu ilin 30 aprelində, 91 yaşında vəfat edib.

Mənbə: modern.az