AzTV-nin virusa yoluxan əməkdaşı: "Az qaldı deyim, yaxşı ki, cavab pozitiv oldu” - MÜSAHİBƏ

AzTV-nin virusa yoluxan əməkdaşı: "Az qaldı deyim, yaxşı ki, cavab pozitiv oldu” - MÜSAHİBƏ

Bütün dünyanı sarsıdan koronavirus (COVID-19) bəlası jurnalistlərdən də yan keçməyib.

Cebhe.info koronavirus testi pozitiv çıxıb, müalicə olunaraq sağalan AzTV əməkdaşı - jurnalist Almaz Mahmudla əlaqə saxlayıb.

Jurnalist müalicə prosesi barədə danışıb.

- Virusun ilk simptomlarını necə hiss etdiniz?

-Bir az soyuq olmuşdu və zənn etdim ki, adi qripəm. İsti çay içdim, adi qripdə istifadə etdiyimiz dərmanlardan qəbul etdim və s. Temperaturum yox idi. İşə getdim, həmkarım dedi ki, bəlkə evə gedəsən. Əslində AzTV-nin rəhbərliyi bizə bildirib ki, kim özünü bir az narahat hiss etsə, işə gəlməsin və həkimlə məsləhətləşsin. Mən də elə həkim məsləhəti ilə test elətdirmək qərarına gəldim. Şənbə günü axşam Təcili Tibbi Yardıma zəng etdik, məndən və ailə üzvlərimdən yaxma götürdülər. Birinci gün axşam cavab gəldi.

- Pozitiv nəticəni görəndə nə düşündünüz?

-Pozitiv nəticəni normal qarşıladım. Niyə? Bizim sevimli dostumuz, nevroloq Ləman Nur onu mənə necə sakit, gözəl izah etdisə , mən az qaldım deyəm ki, nə yaxşı cavab pozitiv oldu (gülür). Ləman xanım dedi ki, qəti əhval-ruhiyyəni korlama və uzağı 1 həftədən sonra pozitiv cavab neqativ olacaq. Elə o dediyi kimi də oldu. Onu da deyim ki, məndə asimptomatik idi, sadəcə ,özümü halsız hiss edirdim və iştahım kəsilmişdi, digər simptomlar yox idi. Bir də mən çox pozitiv adamam, yaxşı şeylər düşündüm. “Netflix”in maraqlı filmlərinə baxdım, hətta işimlə bağlı bir balaca araşdırma da apardım.

-Evdə müalicəyə özünüz qərar verdiniz?

- Vəziyyətim yüngül olduğundan, həkim nəzarəti altında evdə müalicə olunmağı seçdim. Mən evdə izolyasiya olundum. Tək otaqda qaldım, yeməyimi evdəkilər bişirib verəndə maska taxıb, əlimi spirtləyib götürürdüm. Eləcə də həyat yoldaşım və oğlum otağıma keçəndə “COVİD-19”-un tələb etdiyi bütün qaydalara əməl edirdilər. Söhbət edəndə onlar uzaqda - qapının yanında dururdular, mənə yaxın gəlmirdilər.

- Müalicə dövrünü necə təsvir edə bilərsiniz?

-Biləndə ki, testin cavabı pozitivdir, axşam TV-də yoluxanların statistikası deyiləndə, zarafatla “Mən də bu statistikda varam” ,- deyib zarafatlaşdım. Həkimin dediyi kimi, çoxlu maye qəbul edirdim, meyvə-tərəvəz yeyirdim. Tez-tez pəncərəni açıb evin havasını dəyişirdim. Dərmanlarımı da vaxtı-vaxtında qəbul edirdim.

- Vəziyyət ciddidir, lakin hələ də virusun varlığına inanmayanlar var, onlara hansı məsləhətləri verə bilərsiniz?

- Onlara zorla inam dərsi keçə bilmərik. Faktlar göz önündədir. Dünya pandemiyaya görə iflic olub, məgər onlar kordurlar? O zaman kor olaraq qalsınlar. Sadəcə, qaydalara hamı kimi onlar da əməl etsinlər, yetər.

Semra Ələkbərli
Cebhe.info

Mənbə: cebhe.info