Karantin teatrlara nə qədər ziyan vurub? - SORĞU

Karantin teatrlara nə qədər ziyan vurub? - SORĞU

Karantin rejimində Azərbaycanda fəaliyyətini dayandırmış, zərər çəkən ilk sahələrdən biri də teatrlar olub.

Martın 13-dən koronavirus pandemiyası səbəbi ilə Azərbaycanda sosial təcrid üçün tədbirlər tətbiq edilib.

Kütləvi tədbirlərin ləğv edilməsi səbəbi ilə fəaliyyətini dayandıran teatrlar nə qədər xərcə düşüb?

Cebhe.info-ya açıqlamasında Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətinin rəhbəri Pərvin Nurəliyeva bildirib ki, itirilən gəlirin dəqiq miqdarını demək düzgün olmaz:

"Karantin başlar-başlamaz bütün teatrların, həmçinin Gənc Tamaşaçılar Teatrının fəaliyyəti dayandırıldı. Elə bundan dərhal sonra biz sosial şəbəkələr vasitəsi ilə fəaliyyətimizi davam etdirdik. Bilirsiniz ki, ilk öncə "evdə qal" kampaniyası başladılmışdı, bizim teatrımızın əməkdaşları da tamaşaçılarımızın sənətdən uzaq düşməməsi üçün bu kampaniyaya qoşuldular. Onlar müxtəlif şeirləri, monoloqları səsləndirirək "evdə qal" deyə çağırışlar etməyə başladılar".

Artıq tamaşaların onlayn məşqlərinə başladıqlarını deyən Pərvin xanım qeyd edir ki, tamaşalar tam hazır olduqda izləyicilərə təqdim olunacaq:

"Karantindən əvvəl bizim teatrımızda iki tamaşanın məşqləri gedirdi. İsmayıl İmanın "Balaca yaramaz məxluq" pyesinə bizim teatrın baş rejissoru Bəhram Osmanov quruluş verirdi, həmçinin "Mauqli" tamaşasına rejissor Elşad Rəhimzadə quruluş verirdi. Artıq tamaşaların onlayn məşqləri də aparılır. Təbii ki, yeni mövsümdə normal iş həyatına qayıtdıqdan sonra tamaşaların quruluşu bitəcək və biz bunları öz teatr sevənlərimizə təqdim edəcəyik".

Mövzu ilə əlaqədar Azərbaycan Dövlət YUĞ Teatrının direktor müavini İlham Hüseynov da Cəbhə. info-ya bildirib ki, bütün işçi heyətinin maaşları dövlət tərəfindən hər ay ödənilir:

"Mən özüm teatrdan əlavə də dövlət işində işləyirəm, aylıq sabit maaşımı alıram. Teatrlarda da hazırda tamaşalar göstərilmir, amma maaşları alırıq".

Semra Ələkbərli
Cebhe.info

Mənbə: cebhe.info