Azana məğlub olan yad qızı Ayasofya... (VİDEO)

Azana məğlub olan yad qızı Ayasofya... (VİDEO)

Yazar Sevinc Çılğının 2019-cu ildə İstanbulu və məşhur Ayasofyanı ziyarət edəndən sonra yazdığı "İstanbul xatirəsi - Leyla” şeirini təqdim edirik. Şeirin Ayasofya çaları həm də günün mövzusu ilə səsləşir. Bildiyiniz kimi, artıq Ayasofya muzey deyil, məscid kimi fəaliyyət göstərəcək.

Sevinc Çılğın

"İstanbul xatirəsi - Leyla”

Hündür binaları göydən qəbir daşları kimi görünən şəhərdəyəm, Leyla

Quşlar şəhərində...

Sən anladın...

Yanındayam, Leyla, bir addımında

Hara getsəm, səni də özümlə daşıyıram, şah damarımda...

Göydən qəbir daşları kimi görünür hündür binalar

İtirəm Leyla, yenə itirəm

Ağlıma ilk gələn sən olursan

Özümü səndə axtarmağın adı nədi bilmirəm amma

İndi burdayam

İndi səndəyəm, Leyla

İndi mən bir az da Ayasofyayam, Leyla

Gündə beş dəfə oxunan azana məğlub olan yad qızı Ayasofya

Qağayılar uçuşur

Və hüzünlü axşam düşür üstümə

Görəsən gözlərinin yaddaşında qalarammı Leyla

Görəsən gözlərimin yaddaşında qalarmı Ayasofya

Məndən heç vaxt incimə Leyla

Məni həmişə bağışla

Bunu heç kəsdən istəmirəm Səndən başqa

Yol uzundu deyirsən

Gediləcək

Görüləcək yerimiz çoxdu deyirsən

Bilməm

Yetərmi ömür

Bitərmi ömür

İçimdə getmək və gəlməmək qorxusu var Leyla

Anlamıram

Bəs sən?

Hündür binaları göydən qəbir daşları kimi görünən şəhərə məndən salam söylə getsən

İstanbul – daha səninçün biraz da Sevinc xatirəsidir

Məni istanbul kimi xatırla, Leyla

Mənbə: qaynarinfo.az