Freddi Merkurinin misilsiz markaları

Freddi Merkurinin misilsiz markaları

2020-ci il iyulun 9-da “Royal Mail” “Queen” qrupunun yaranmasının 50-illiyinə həsr edilmiş və üzərində rok-qrupun təsvirləri olan 13 markadan ibarət buraxılışını təqdim edib.

“Queen”in məşhur vokalisti Freddi Merkuri haqqında az bilinən faktlardan biri də odur ki, o, uşaqlıqdan filateliya ilə maraqlanıb və 1993-cü ildə Böyük Britaniyanın Poçt muzeyi onun marka kolleksiyasını satın alıb. Satışdan gələn gəlir Freddi Merkuri tərəfindən təsis olunmuş QİÇS-lə mübarizə xeyriyyə fonduna köçürülüb.

Fərrux Bulsara 1946-cı il sentyabrın 5-də Zənzibarda dünyaya gəlib. Yeddi yaşı tamam olanda valdeynləri onu Pançqani (Hindistan) şəhərinə göndəriblər. O, ilk təhsilini burda yerləşən internat məktəbdə alıb. Bir qədər sonra yaxınlıqda yaşayan babası və bibisi, ailəsi ilə ayrılığı çox ağır keçirən Fərruxu öz evlərinə aparıblar.

Adının “gözəl”, “xoşbəxt” kimi tərcümə olunmasına baxmayaraq, Fərruxun öz adından xoşu gəlmirdi, hamıya deyirdi ki, onu Freddi çağırsınlar. 1970-ci ildə isə adını rəsmi şəkildə dəyişib.

Musiqi sevgisini ona bibisi aşılayıb. Onun evində fortepiano vardı və qadın, Freddiyə onda ifa etməyi öyrədirdi. Ancaq Freddi heç vaxt özünü yaxşı pianoçu hesab etməyib.

Merkuri ilk rok qrupunu hələ məktəbdə oxuduğu zamanlarda – 1958-ci ildə yaratmışdı. “The Hectics” adlanan qrup məktəbdə keçirilən tədbirlərdə çıxış edirdi.

Freddi həyatda çox utancaq insan olub. O, jurnalistlərlə nadir hallarda ünsiyyətdə olur, şəxsi həyatı barədə danışmırdı. Amma səhnədə tamamilə sərbəstləşirdi.

Freddi Yaponiyanı çox sevirdi. Öz dediyinə görə, orda enerji yığırdı. Özüylə həmişə içində dostlarının ad günləri yazılmış bloknot olan çanta gəzdirirdi. Merkuri ailə ənənələrinə ehtiramla yanaşır, pişikləri sevir, istiotlu yeməklərə üstünlük verir, pəhriz saxlamır və idman zalına getmirdi. Yaşadığı bütün mənzillərdə kiçik idman zalları olduğuna baxmayaraq, musiqiçi onlardan heç vaxt istifadə etməyib. O zallar Freddinin dostlarının rahatlığı üçün qurulurdu.

Müğənninin ən sevimli ətri Yuber de Jivanşinin Odri Hepbern üçün hazırladığı “L’Interdit” idi.

F.Merkuri Con Lennonla Elvis Preslini öz kumirləri hesab edirdi.

“Queen” qrupunun ən məşhir hiti “Bohem rapsodiyası” idi. Freddi Merkuridən mahnının sözlərinin mənası barədə soruşanda o, “heç bir mənası yoxdur, bu, sadəcə gic-gic qafiyələndirilmiş cümlələrdir” deyirdi.

Bir dəfə Kral poçtu tərəfindən buraxılan markalardan biri böyük qalmaqala səbəb olur. Çünki markada Merkuri ilə yanaşı zərbçi Rocer Teylor da təsvir olunmuşdu. Qaydalara görə, markanın buraxıldığı dövrdə sağ olan insanlar markalarda təsvir olunmamalıdırlar. Yalnız kral ailəsinin üzvləri istisna təşkil edir. Poçt işçiləri rəsmi məktub dərc etdirərək, miniatürün dizaynının II Yelizaveta tərəfindən şəxsən təsdiqləndiyini bildirənə qədər qrupun pərəstişkarları sakitləşməmişdilər.

O ki qaldı musiqiçinin şəxsi marka kolleksiyasına… Freddi Merkurinin doğma bacısının dediyinə görə, müğənni marka toplamağa 9 yaşında başlayıb. Bu hobbini ona Zənzibarda bir nazirlikdə məmur işləyən atası Bomi Bulsara aşılayıb. O özü filateliyanı çox sevirdi və Freddini də kolleksiya yığmağa ruhlandırmışdı.

Freddi Merkurinin marka albomu

Bütün dünyadan marka örnəklərinin toplandığı kolleksiyanın böyük hissəsi Zənzibar və Şərqi Avropa markalarından ibarətdir.

Kolleksiyanın ən maraqlı cəhətlərindən biri markaların düzülüşüdür. Albomun bəzi səhifələrində onlar rənglərə, ölçülərinə, forma, ya da növlərinə görə sıralanıb. Lazımi formada və ya rəngdə markası olmayanda Freddi onların yerini boş qoyurdu.

Freddi 1966-cı ildə Aylsvort Politexnik məktəbini bitirib – orda, əsasən, təsviri sənətlə məşğul olurdu və imtahanda bu predmetdən ən yüksək bal almışdı.

Elə həmin ilin payızında o, Londonda yerləşən İlinq rəssamlıq kollecinə daxil olub və qrafik illüstrasiya kafedrasında oxumağa başlayıb.

Onun kolleksiyasının tərtibatında Merkurinin maraqlandığı bütün təsviri -sənət cərəyanlarını müşahidə etmək mümkündür.

Freddi Merkurinin marka kolleksiyası

1993-cü il dekabrın 17-də Bomi Bulsara öz markaları ilə birlikdə Freddi Merkurinin marka albomunu da hərraca çıxarıb və albom Böyük Britaniyanın Poçt muzeyi tərəfindən satın alınıb.

Bu kolleksiyanın əsl dəyəri markaların özü yox, dünyanın ən dahi sənətkarlarından birinin adı ilə bağlı olması və zəngin tarixi dəyər daşımasındadır. Freddi Merkurinin marka kolleksiyası həqiqətən misilsizdir.

The Postal Museum

 

Mənbə: azlogos.eu