Qənirə Paşayeva əsərləri dövlət varidatı elan edilən Mirzə Fətəli Axundovdan yazdı

Qənirə Paşayeva əsərləri dövlət varidatı elan edilən Mirzə Fətəli Axundovdan yazdı

Bugün Azərbaycanda (ümumən Balkanlardan Hindistana qədərki türk-müsəlman dünyasında) dramaturgiyanın və Azərbaycan ədəbi tənqidinin banisi, yazıçı, şair, maarifçi, filosof, ictimai xadim, “müsəlman Şərqinin Molyeri”, əsərləri Azərbaycan Respublikasında dövlət varidatı elan edilən Mirzə Fətəli Axundovun doğum günüdür.

Mirzə Fətəli Axundov (Mirzə Fətəli Məhəmmədtağı oğlu Axundov (Axundzadə); 12.07.1812, Nuxa (Şəki) – 10.03.1878, Tiflis) – 1814-cü ildə atası və anası ilə birgə Təbriz yaxınlığındakı Xamnə qəsəbəsinə ( atası Mirzə Məmmədtağı əslən Xamnəli, anası Nanə xanım isə Şəkili idi) köçüb. ( Atası xırda ticarətlə məşğul idi, ticarətində çətinlik yarandığı üçün xanımı və 2 yaşlı oğlunu götürüb, Xamnəyə qayıtmağı üstün tutub). Burada, ailə münaqişəsi yaşayan Nanə xanım, dörd il sonra ərindən ayrılıb, Fətəli ilə Güney Azərbaycanın Qaracadağ mahalında yaşayan əmisi Axund Ələsgərin yanına gəlib, onun himayəsində yaşayıb.

13 yaşınadək ailəsi ilə birlikdə Güney Azərbaycanın müxtəlif bölgələrində yaşayan Mirzə Fətəli özkeçmişində yazırdı: “Mən bu tarixdən (1818) etibarən atamdan ayrılıb, bir daha onu görmədim… Bir ildən sonra – Axund Hacı Ələsgər mənim təlim və tərbiyəmə başladı… Bu Axund Ələsgər fazil bir şəxs olub, bütün islam elmlərindən, istər fars, istərsə ərəbcə olsun, kamil məlumatı var idi. Məni övladlığa qəbul etdi. Mən xalq arasında Hacı Ələsgərin oğlu kimi tanınmış oldum.” Məkkə ziyarərinə gedən Hacı Ələsgər, Fətəlini məntiq və şəriət qanunlarını öyrənmək üçün Gən-cəyə aparıb, Molla Hüseyn adlı axunda tapşırır. Burada Mirzə Şəfi Vazehdən də dərs alan gənc Fətəli, məntiq və fiqh elmlərini, xəttatlıq sənətini öyrənir; lakin Mirzə Şəfinin gənc Fətəliyə təsiri bununla bitmir. – Bu görüş Mirzə Fətəlinin həyat və yaradıcılığına, ümumiyyətlə, onun bir mütəfəkkir kimi formalaşmasına ciddi təsir göstərir; beləliklə, o, müəlliminin təsiri ilə ruhani olmaq fikrindən daşınıb, dövlət qulluğuna girməyi qərara alır. Səfərdən qayıdan Axund Hacı Ələsgər onun niyyətini bildikdə, Tiflisə gətirib, Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində tərcüməçi şagirdi vəzifəsinə təyin etdirib. Burada o, rus dilini də mükəmməl öyrənib, işində bacarıq və səy göstərərək, mütərcim vəzifəsinə keçirilib. Ömrünün sonunadək – 44 il həmin vəzifədə uğurla çalışan Mirzə Fətəli, o dövr Rusiyasının, Osmanlı və İran dövlətlərinin orden və medallarına layiq görülüb; 1873-cü ildə polkovnik hərbi rütbəsi alıb. Mirzə Fətəli bir neçə il Tiflis qəza məktəbində dərs deyib, sonra öz xahişi ilə işdən azad olunaraq, yerini müəllimi Mirzə Şəfiyə verib. O, bir müddət Tiflis ruhani seminariyasında da Azərbaycan dili müəllimi işləyib. Dövlət qulluğu ilə bağlı nümayəndə heyəti ilə İrana gedən Mirzə Fətəli, Güney Azərbaycanın bəzi şəhərlərinə səfər zamanı xalqın güzəranı ilə yaxından tanış olub, gələcək əsər¬ləri üçün material toplayıb.

1851-ci ildə Rus Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinə üzv seçilən Axundov, sonralar Qafqaz Arxeoqrafiya Komissiyasında tədqiqat işlərinə cəlb olunub. O, “Əkinçi” qəzetinin nəşrinə böyük önəm verib, onun səhifələrində “Vəkili-Milləti-Naməlum” imzası ilə məqalələr dərc etdirib. Mirzə Fətəlinin realist sənətkar kimi ədəbiyyatımızın inkişafında müstəsna xidmətləri olub. Onun 40 illik yaradıcılığı, ictimai-siyasi, maarifçilik fəaliyyəti zəngin və çoxcəhətlidir. O dövrdə Qafqazın inzibati və mədəni mərkəzi olan Tiflis mühiti Mirzə Fətəlinin ədəbi taleyində böyük rol oynayıb. Burada A.Bakıxanov, İ.Qutqaşınlı, M.Ş.Vazeh, Q.Zakir, A,Çavçavadze, A. Berje, A.A.Bestujev-Marlinski, A.Sereteli kimi görkəmli ədiblər, ictimai-siyasi xadimlərlə ünsiyyət, işbirliyi onun dünyagörüşünün dərinləşməsinə, yeni üfüqlər qazanmasına, ədəbi yaradıcılığına, ümumən yaradıcılığına müsbət təsir göstərib. O, bu mühitdə davamlı şəkildə mütaliə ilə də məşğul olub, klassik Şərq ədəbiyyatını, rus və Avropa ədəbiyyatını dərindən öyrənib. Rus Dram Teatrında Avropa və rus dramaturqlarının əsərlərinin tamaşaları Mirzə Fətəlidə dramaturgiyaya, teatra böyük maraq oyadıb. Dram sənətinin incəliklərini dərindən öyrənən ədib, 1850-1855-ci illərdə altı komediya yazmaqla ədəbiyyatımızda dramaturgiyanın əsasını qoyub. Həmin komediyalar müəllifin öz çevirməsində rus dilində “Kafkaz” qəzetində çap olunub. Dramaturq kimi şöhrətlənən Mirzə Fətəlinin “Müsyö Jordan və dərviş Məstəli şah” komediyası 1851-ci ildə Peterburqda ev teatrında , “Xırs quldurbasan” və “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyaları isə Tiflisdəki rus teatrında tamaşaya qoyulub, rəğbətlə qarşılanıb. M.F.Axundzadə Qafqaz canişininin yanındakı nüfuzundan istifadə edərək çar hakimləri tərəfindən sürgün edilmiş Q.Zakirin və övladlarının həbsdən, sürgündən azad olunmasına nail olub. O, həmçinin Qarabağın son hakimi Mehdiqulu xanın xanımının və qızı Natəvanın irslə bağlı hüquqlarını müdafiə edib. Eləcə də, Gəncə xanlığının hakimi Cavad xan Ziyadxan oğlunun çar qoşunları ilə döyüşdə həlak olmasından sonra, onun həbs qoyulmuş mal-mülkünün bir hissəsinin varislərinə qaytarılmasına nail olub. Yaradıcılığı, ictimai-siyasi, maarifçilik fəaliyyəti zənginliyi və çoxcəhətliliyi ilə seçilən Mirzə Fətəli, öz realist sənətkar kimliyi ilə ədəbiyyatımızın inkişafında müstəsna xidmətlər göstərib.

Mirzə Fətəli bədii yaradıcılığa şeirlə başlayıb ( “Səbuhi” təxəllüsü ilə yazıb); 1837-ci ildə – 25 yaşında olarkən “Puşkinin ölümünə Şərq poeması”nı yazıb və dərhal da rus dilində “Moskovskiy nablyudatel” jurnalında çap etdirib. Bununla o, Puşkinin faciəli ölümündə çarın əli olduğu üçün susmağa məcbur olmuş rus şairlərini xəcalətdən qurtarıb, Rusiya ədiblərinin vətəndaşlıq vəzifəsini yerinə yetirib… O, Azərbaycan ədəbiyyatında azad düşüncə tərzinin böyük nümayəndəsi olmaq etibarı ilə, İslam dünyasının ictimai, sosial və siyasi sahələrində radikal islahatların gərəkliliyi fikrini müdafiə edib. 1850-1855-ci illərdə özünün altı məşhur komediyasını yaratmaqla nəinki Azərbaycan ədəbiyyatında, bütövlükdə, Balkanlardan Hindistana qədərki türk-müsəlman dünyasında dramaturgiyanın əsasını qoyub. Böyük ustad bu komediyalar ilə Şərq aləmində dram yazmağın örnəyini göstərib. Bunu hər kəs qəbul edir ki, türk-müsəlman dünyasında dramaturgiya Mirzə Fətəli dramaturgiyasının gələnəkləri işığında inkişaf edib. Azərbaycan teatrı Mirzə Fətəlinin ölməz komediyaları zəminində yaranıb. 1873-cü ildə Həsən Bəy Zərdabi Nəcəf bəy Vəzirovla birlikdə Bakı məktəblərinin birində məşhur “Hacı Qara” əsərinin tamaşasını göstərməklə Azərbaycanda, həm də ümumən türk-müsəlman aləmində teatr hərəkatının əsasını qoyub. Mirzə Fətəlinin komediyalarında Azərbaycan qadınlarının timsalında ilk dəfə Şərq qadınlarının səhnə obrazları yaradılıb. XIX yüzildə teatr səhnəsində Azərbaycan qadınının səhnədə kişilərlə birlikdə gülüb danışmasını göstərmək hünər tələb edirdi. Zamanına görə bu böyük işi də məhz Mirzə Fətəlinin əsərlərini səhnəyə çıxarmaqla Azərbaycan maarifçiləri həyata keçirməyi bacarıb. Böyük ədibin əsərləri yalnız Şərqdə deyil, Qərbdə də maraq doğurub. Onun yaradıcılığı Avropa ədəbiyyatşünaslarının, teatrşünaslarının diqqətini çox tez cəlb edib. 1852-ci ilin avqustunda alman jurnalı “Magazin für die Literatur des Auslandes” (“Xarici ədəbiyyat jurnalı”) yazırdı: “Fikirləşmək olardı ki, Transqafqazın müsəlman əhalisi İslam ruhuna uyğun olaraq belə yeniliklərə (teatra) hələ uzun zaman yad qalacaq, lakin onların arasından qəflətən dramatik dahi meydana – Tatar Molyeri çıxdı, onun adı ölkəsinin sınırlarından qıraqda da diqqətə layiqdir. – O, Mirzə Fətəli Axundovdur”. M.F.Axundovun nəzəri-estetik fikirlərinin formalaşmasında, onun yaşadığı mühitin, tanış və ün-siyyətdə olduğu mütərəqqi aydınların, oxuduğu klassik və dünya ədəbiyyatı örnəklərinin çox bö-yük təsiri olduğu aydındır. Homer, Firdovsi, Nizami, Sədi, Cami, Şekspir, Puşkin və b. klassiklərin əsərlərini mükəmməl bilməsi, onun sənət və sənətkar haqqında estetik zövqünün formalaşmasında böyük rol oynayıb. M.F.Axundovun fəlsəfə, ədəbiyyat, sənət haqqında fikir və mülahizələri əsasən onun “’Kəmalüd-dövlə məktubları” adlı fəlsəfi traktatında, eləcə də “Föhristi-kitab” (1859), “Nəzm və nəsr haqqında” (1859), “Tənqid risaləsi” (1860), “İranın yüksək millət qəzetəsi haqqında kritika” (1866), “Mirzə Ağanın pyesləri haqqında kritika” (1871) və b. bu kimi məqalələrində parlaq şəkildə görünür.

– Bu əsərlərdə böyük mütəfəkkirin sənətdə realizm, tendensiya, bədiilik və onun meyarları, məzmun və forma vəhdəti, ideya və çağdaşlıq, tənqid və onun önəmi və s. bu kimi məsələlərlə bağlı fikir və mülahizələri öz əksini tapıb. Müraciət etdiyi yeni janrların nəzəri-estetik prinsiplərini də hazırlayan böyük mütəfəkkirin bütün ədəbi və nəzəri irsində ən başlıca meyar, sənətin, ədəbiyyatın gerçək həyatı nə dərəcədə əks etdirməsi, idraki və tərbiyəvi önəmi, xalqın yaşamı ilə birbaşa əlaqəsi ilə bağlıdır. Elm-təhsil vasitəsi ilə mədəniləşmək, xalqa məxsus elmi və ədəbi irsi mühafizə etməyi bacarmaq, tərəqqiyə mane olan hər şeyə qarşı amansız mübarizə aparmaq Mirzə Fətəlini daim düşündürən, qayğılandıran məsələlər olub. M.F.Axundovun pyesləri: “Hekayəti Molla İbrahim-Xəlil Kimyagər” (1850), “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur” (1850), “Sərgüzəşti-vəziri-xani-Lənkəran” (1850), “Hekayəti Xırsi-Quldurbasan” (1851), “Sərgüzəşti Mərdi-Xəsis (Hacı Qara)” (1852), “Mürafiə vəkillərinin hekayəti” (1855); satirik povesti: “Aldanmış Kəvakib (Hekayəti-Yusif şah)” (1857); məqalələri: “Fəhristi-kitab” (1859), “Nəzm və nəsr haqqında” (1862), “Tənqid risaləsi” (1862), “Kəmalüddövlə məktubları” (1865); Əsərləri əsasında çəkilmiş filmlər: “Hacı Qara” (tammetrajlı bədii film), “Dərviş Parisi partladır” (tammetrajlı bədii film), “Aldanmış ulduzlar” (opera; bəstəkar: Məmməd Quliyev, libretto: Vidadi Paşayev), “Hacı Qara” (tammetrajlı bədii film), “Mürafiə vəkillərinin hekayəti” (film-tamaşa), “İksir” (“Hekayəti Molla İbrahim-Xəlil Kimyagər” əsəri əsasında film); Haqqında çəkilən filmlər: “Böyük yazıçı-maarifçi” (qısametrajlı sənədli film), “Səbuhi” (tammetrajlı bədii film), “150 il. Mirzə Fətəli Axundov” (qısametrajlı sənədli film), “Mirzə Fətəli Axundov” (qısametrajlı sənədli film), “Sübhün səfiri” (tammetrajlı bədii film)… Bütün həyatını xalqının tərəqqisinə həsr edən Mirzə Fətəli Axundov ağır xəstəlikdən sonra vəfat edib, öz vəsiyyətinə uyğun olaraq, müəllimi Mirzə Şəfi Vazehin qəbri yanında – köhnə müsəlman qəbirstanlığında (indiki Tbilisi Botanika bağının ərazisində yerləşən “Görkəmli Azərbaycanlılar Panteonu”nda) dəfn olunub. Azərbaycan Respublikasının ən böyük kitabxanası – Milli Kitabxana Mirzə Fətəli Axundovun adını daşıyır. Ölkəmizin bir çox şəhər və rayonunda mütəfəkkir ədibin adına küçələr, Ağcabədidə, Xaçmazda Axundovun adını daşıyan məktəblər var. Bakıdakı Axundov parkı məşhudur. Mirzə Fətəli Axundovun parkdakı heykəli 1930-cu ildə yara-dılıb. Heykəl müəllifin ( -sonralar SSRİ Dövlət mükafatına, Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüş) – Xalq rəssamı Pinxos Sabsayın ilk böyük əsəridir. Bu, Axundovun təsviri incəsənətində ilk təsviridir, həmçinin Azərbaycanda ilk bürünc heykəldir. RUHU ŞAD OLSUN!

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva

 

 

Mənbə: turkustan.info