Bir adamlıq şəhər... -Elçin Hüseynbəyli yazır

Bir adamlıq şəhər... -Elçin Hüseynbəyli yazır

Elçin Hüseynbəyli

("Paralel dünyalar" silsiləsindən)

... Biz orda qalmışdıq ki, müstəvidə ev cızıb qapı-pəncərəsini qoydum, orda gecələdim, yatıb yuxumu alandan sonra açıqlığa çıxdım, ətrafa göz gəsdirdim. Ucu-bucağı bilinməyən səhradaydım. Gözüm dəvə axtardı, amma nə özünü gördüm, nə tozunu. Dəvə karvanı görmək maraqlı olardı. Uşaqlıqda gördüyüm yuxularım, nağıllardan oxuduqlarım çin olardı, amma bunların heç biri olmadı...

Darıxdırıcıydı. Nəsə maraqlı bir şey fikirləşmək lazımıydı. Qoca Mələyin dünən dedikləri yadıma düşdü. Uşaqlığımda röyalarımda gördüyüm nağıllar şəhərini yaratmaq istədim.

Əlimi yuxarı qaldırıb, əvvəlcə şəhərin qızılı darvazalarını cızdım. Üstünə müxtəlif heyvan şəkilləri çəkdim: şir, pələng, qaplan, ceyran, maral və s....

Darvazanın qabağına iki gözətçi qoydum, əllərinə nizə və qalxan verdim. Bu, mənə antidemokratik göründüyünə görə gözətçilərin əlindəki silahları alıb atdım. Darvazanın qarşısnda bazar açdım. Bu da xoşuma gəlmədi. "Alverçi xalq" ayamasından qurtulmaq yolunu seçdim.

Ona görə də darvazaların qarşısına qoyduğum gözətçilərə qızıl dirhəmlər verdim. Fikirləşdim ki, həmin dirhəmləri şəhərə girənlərə versinlər, onlar da ürəkləri istəyəni alsınlar. Ora kim istəsə girə bilərdi. Amma indi məndən başqa bir kimsə yox idi.

Darvazalar məni görən kimi taybatay açıldı. Sanki kimsə mənim əvəzimdən "sim-sim" sehrli sözünü pıçıldadı. Qarşıda boşluq idi, ona görə də yerə əyilib daş döşəmə cızdım, cızdıqca yeridim. Sona çatdıqdan sonra çıxış darvazalarını boylatdım. Onun da qarşısına iki nəfər qoydum - sağdan və soldan, əllərinə tərəzi verdim ki, burdan çıxanların günahlarını çəksinlər. Əgər bir dirhəmdən artıq alver ediblərsə, deməli xəsisdirlər, ya tamahkar, ya da ki, oğru. Çünki pulları vardısa, qapıda qoyduğum adamlardan dirhəmi almamalıydılar.

Geri qayıtdım. Əvvəlcə sağ və sol hasarları uzatdım, baş küçədə karvansaralar tikdim, dükan-mağaza açdım. Lap ortada şah sarayı binə elədim. Sarayın qızılı pəncərələri vardı, pəncərənin birini açıq qoydum. Şah qızını yapdım, əlinə yelpik verdim. O da məni görən kimi yelpiyini yelləyib məni çağırdı. Amma başa saldım ki, hələ işimi qurtarmamışam.

 

Giriş qapısına qədər xeyli iş gördüm. Yenidən çıxışa doğru qayıtdım. Dükan-bazarların, dərzixanaların, bərbərxanaların sayını artırdım, səkilərin qırağına ağaclar düzdüm. Birdən ağlıma gəldi ki, darğa idarəsi yaddan çıxıb. Onu tikəndən sonra pozdum. Mənim nağıllarımda polis-molis olmalı deyildi.

Hesablamaya görə axşam düşmüşdü. Ona görə də göyə ay-ulduz düzdüm və şah sarayının qabağında dairə cızdım, yerə yorğan-döşək atdım və şah qızına baxa-baxa yuxuya getdim...

Səhər duran kimi çıxışa tələsdim. Darvaza gözətçiləri yatmışdılar, şah qızı da onların arasındaydı. Başımı buladım...

Onların üzünə bir xeyli baxandan sonra, anladım ki, nağıllar şəhəri uydurma yox, gerçək imiş...

Şəhəri yerlə-yeksan elədim, heç iyi-tozu da qalmadı...

İyul, 2020

Mənbə: olaylar.az