Batmanqılıncdan Aqil Abbasa qədər...

Batmanqılıncdan Aqil Abbasa qədər...

Yazıçı Aqil Abbasın “Batmanqılınc” romanı haqqında düşüncələr...

Beşinci sinifdə oxuyurdum. Bizə tarixdən dərs deyən, zəhmindən çəkinib qorxduğumuz Şükür müəllim şəstlə yeriyən, dikbaş uşaqlara yarızarafat, yarıciddi “Bunun yerişinə, duruşuna bax bir, elə bil Batmanqılıncın nəvəsidir” –deyirdi.

Kim idi Batmanqılınc? Məktəbin, kəndin kitabxanasını axtardım elə bir kitab tapmadım ki Batmanqılınc haqqında məlumat alım. Bir gün təsadüfən 8-ci sinfin “Ədəbiyyat” ktabında oxudum ki, Molla Pənah Vaqifi də, oğlu Əli bəyi də öldürən Məhəmməd bəy Cavanşir- yəni Batmanqılınc olub. Day ağına-bozuna baxmadan ürəyimin ən dərin qatlarında bu adama nifrət yarandı. Necə yəni? Bu boyda şairi, onun oğlunu Məhəmməd bəy niyə öldürüb? Öldürübsə deməli dürüst adam olmayıb, çünki mənim nəzərimdə Vaqifdən böyük şair yox idi, və onu öldürmək Allaha asi olmaq kimi bir şey idi. İçimdə bir küskünlük, qırğınlıq illər uzunu yaşadı. Böyüdükcə də bu qırğınlıq da sanki mənimlə bir yerdə böyüyürdü.

Orta məktəbi bitirdim, ali məktəbə qəbul olundum. Özü də tarix fakültəsinə. Maşallah, o vaxtkı tarix dərslikləri də sovet siyasəti ilə elə qarışmışdı ki, kimin kim olduğunu ayırd eləmək problem idi. Bu millətin cəfakeşi düşmən, düşməni isə dost libasında sırınmışdı. Bircə şey Məhəmməd bəyə qarşı qırğınlığımın üstünə su səpmişdi ki, o da çarizmin müstəmləkə siyasətinə olan münasibəti idi.

Uzun sözün qısası, bu küsü mənim içimdə düz 1995-ci ilə qədər davam elədi. Bir gün əlimə bir kitab keçdi. Bu Aqil Abbasın “Batmanqılınc” romanı idi. Siyasi hadislərin tüğyan elədiyi bir dövrdə romanı oxudum və açğını deyim ki, ya məsələnin məğzinə vara bilmədim, ya da sürətlə cərəyəan edən hadisələr diqqətimi cəmləmyə imkan vermədi. Bu yaxınlarda isə romandan bir parçanın radio versiyasına qulaq asdım. Elə bil ki uzun illər axtardığımı tapmışdım. İndi də romanı tapa bilmirdim. Nəhayət, müəllifin özündən kitabı ala bildim.

Mənim Batmanqılınc dərdimə dərman tapılmışdı. Aqil Abbasın şirin, şəkər dili ilə yazılmış, söylənmiş bir nağıl aləminə düşmüşdüm. Hər sətri dönə-dönə oxuyur, Məhəmməd bəyin iztirablarını, ağrılarını içimdə yaşayırmış kimi qovrulurdum. Bu dəfə də qarşımda iki Məhəmməd- biri Məhəmməd bəy Cavanşir, biri isə Ağa Məhəmməd Şah Qacar-dayanmışdı. Hər ikisi də görklü Türk soyunun ər övladları idi. Biri Bayat elinin Cavanşir qolundan, biri isə Qacarlar tayfasından. Hər ikisi də Azərbaycan adlı məmləkət üçün ürəyini, hiss və duyğularını varlığını qurban demiş tarixi şəxsiyyətlər.

“...Qarabağın ulu igidi Məmməd bəy Cavanşir oturmuşdu kötüyün üstdə-bığını çeynəyirdi. İgidlərinsə heç birinin danışmağa cəsarəti çatmırdı, hətta Məmməd bəyin hirsindən göyərmiş sifətinə baxmağa da ürək eləmirdilər.”

“...Qacar, əlinə qılınc keçirəndən bütün Şərqi lərzəyə gətirmiş, hətta Avropa dövlətlərinin kürkünə birə salmış şahlar şahı Ağa Məhəmməd şah Qacar, külli-İranın və Azərbaycanın sahibi dirsəklənmişdi mütəkkəyə, xumarlanırdı.”

 

Müəllif hər iki Məhəmmədin obrazını özünəməxsus təhkiyə dili ilə anladır, oxucunu gələcək qanlı döyüşə, faciəli sonluğa hazırlayırmış kimi baş verəcək müsibətin işartılarını əvvələ gətirir. Oxucu da Bu işartıların oda çevrilib dünyanı yandıracaq əndişəsiylə, həyəcanla hadisələrin axarına düşür, gah Batmanqılınc, gah Qacar, gah da Aqil Abbas olaraq bütöv bir ömür yaşayır. Əsərin bu iki əsas qəhrəmanındakı müsbət cəhətlər, ərlik, kişilik, Vətən sevgisi oxucunu düşünməyə, silkinib oyanmağa, əsrlərcə yaşadığımız müsibətlərə tanıklık etməyə məcbur edir.

 

Başlayaq Məhəmməd bəy Batmanqılıncdan. Bu bütöv obraz başdan-başa kişilik simvoludur-desəm yanılmaram. Mərddir, qeyrətlidir, hünərlidir, Vətənin bir qarış torpağı, bir qırıq daşı belə ona əzizdir. Dövlətə, dövlətçiliyə sədaqəti onu bəzən nifrət elədiyi əmisinin –İbrahim xanın- əmrindən çıxmağa qoymur, bircə dəfə də olsun xəyanət haqqında düşünmür. Nə edirsə Vətən üçün edir. Vəzifəsinə görə Qarabağ xanlığının müdafiə naziri, əlində bütün xanlığın silah-sursatı, qoşunu, üstəlik həm xalq, həm də döyüşçülər arasında yüksək sevgi və hörməti olan bu şəxs bircə dəfə də hakimiyyət eşqinə düşmür, böyüyünün üzünə ağ olmur. Ulu Türk törəsinə sədaqət, varlığına hakim kəsilmiş mərdlik onu bu sevdalardan çəkindirir.

Müəllif də qəhrəmanının obrazını sevərək yaradır, onu ruhuna hopdurub təqdim edir. Qacarın- amansız və qəddar şahın önündə belə əyilməyən Məhəmməd bəy həm hazırcavab, həm də müdrikdir. Hər an boynunun vurulması əmrinin veriləcəyini bilə-bilə nə çəkinir, nə də qəlbindən keçənləri gizlətmir. Hətta onun bu ağayanalığı, cəsurluğu və qorxmazlığı önündə qəddarlığı ilə ad çıxarmış Qacar belə sakitləşir, qəzəbini büruzə vermir. Qacarın o andakı düşüncələri də maraqlıdır. Belə bir igidin onun sərkərdəsi olması arzusumu, yoxsa mərdliyi və cəsurluğumu onu qəti qərar verməkdən çəkindirir? Hər bir halda Qacar nə qədər qəddar və amansız olsa da Məhəmməd bəyin məntiqli, həm də sərrast fikirləri qarşısında geri çəkilməyə, edam əmrini ertələməyə məcbur olur. Qacarın:

“-Yaxşı, de görüm, səni Qarabağa xan təyin etsəm, külli-Azərbaycanın ixtiyarını sənə versəm, İbrahimin başını kəsib mənə göndərərsənmi?- sualına :

- Əlahəzrət, deyəsən məni sizə yaxşı tanıtmayıblar. Mən xanlığa görə indiyədək yolunda baş qoyduğum yetmiş yaşlı əmimi öldürmərəm- cavbı onun əvvəldə qeyd etdiyim obrazını tamamlayır.

Bu anda maraqlı bir faktı qeyd etmək yerinə düşər. Yazıçı hər iki Məhəmmədi ürəkdən sevir, hər ikisinin müsbət xarakter cizgilərini gücü çatdığı qədər qabarıq verməyə çalışır. Doğrudur, Batmanqılınca xüsusi rəğbəti olan müəllif onun nöqsanlarını ötəri qeyd edir. Amma Qacarın çəkdiyi iztirablar, nakam taleyi də gözəl bəddi boyalarla, ustalıqla təsvir edildiyindən bu qəddarlığın, amansızlığın kökündə duran hadislər də oxucunu düqşünməyə, hətta çox vaxt Qacara haqq qazandırmağa qədər gedib çıxa bilir. Şuşanı ələ keçirmiş Qacarın qan-qan dediyi bir anda-Batmanqılıncı tikə-tikə doğratdırmağa hazır olduğu vaxtda baş verənlərə diqqət yetirək:

“-Bunda cəsarətə bax! Mənim döyüşçülərimin qulağını kəsmək, mənə hədiyyə göndərmək! Anamdan əmdiyim süd burnumdan gəlsin, əgər sənin hər tikəni sağ qulağın boyda eləməsəm, Məmməd bəy! Eybi yox! Hələ əvvəlki döyüşlərdə kəsdiyin qulaqlar yadımdan çıxmayıb. Nə olar? Mən mərdlik elədim, onun heç bir qohum-əqrəbasına, əyalına toxunmadım. Bu da onun əvəzi. Qulaq! Sənin qulaqlarını kabab edib özünə yedirdəcəm, Məmməd bəy!

Vəzir qorxa-qorxa dedi:

-Qibleyi-aləm, bacıları ki sənin əlindədir!

Qacar çevrilib qəzəbli nəzərlərlə vəzirə baxdı və qarşısındakı bu miskin adamdan iyrəndi, üz-gözünü turşutdu:

- Oğraş-oğraş danışma!”

Batmanqılıncın bacılarını əsir alıb, gəlmədiyi təqdirdə onları rüsvay edəcəyi ilə hədələyən Qacar vəzirin bu təklifindən də, özündən də iyrənib onu oğraş adlandırır və özünün də damarında Türk qanı axdığını, türk törəsinə sadiqliyini sübut edir.

Məmməd bəyə gəlincə, o da bilirdi ki, Qacarın nəyi varsa da binamusluğu yoxdur. Ona görə də şərəfli ölümə getməyə, kişi əliylə ölməyə uf demədən gedir.

Əsərdə bu kimi yüzlərlə epizodlar, təzadlar içərisində həqiqətlər anladan, insanın qanını coşduran səhnələr müəllifin şəxsi xarakterini də büruzə verir. Təbbi ki real tarixi hadisələr yazıçının könül və fikir dünyasından keçərək cilalanır, yeni rənglər qatılaraq tamamlanır. Əslində Aqil Abbas hər iki Məhəmmədin Vətən sevgisini, bütöv Azərbaycan ideyasını və idealını da üstüörtülü şəkildə ( çünki əsər yazılanda hələ 1983-cü il idi və belə şeyləri açıq yazmaq özü də bir cəsarət tələb edirdi!)verməyə çalışır və məncə buna da nail ola bilir.

Haşiyə: Burda bir məsləni qeyd etməyə bilmərəm. Bir oxucu kimi mənə elə gəlir ki, əsər yazılanda Aqil Abbas iki hissin əsarətində qalıb. İki Məhəmmədddən hansına üstünlük verib, hansını daha çox əzizləmək kimi hisslərin. Nə Qaçardan, nə də Batmanqılıncdan keçə bilmir müəllif. İkisi də onun üçün əzizdir, doğmadır. Hər ikisi də Vətəni sevir, onun uğrunda ölməyə hazırdırlar. İkisi də qeyrətli Türk kişisi, cəngavər döyüşçüdür. Hər ikisi ilə eyni qanı daşıyan, eyni düşüncəni paylaşan müəllifin yaşantıları o qədər qabarıq, o qədər cazibədardır ki, oxucu istər-istəməz hadisələrin burulğanına düşür, vuruşur, yaralanır, ufuldayır, içində keçən hisslər bəzən göz yaşına dönür. Bax bu da yazıçının qabiliyyətidir. Döyüş səhnələri o qədər güclü təsvir olunur ki sanki bir tabloya tamaşa edirmiş kimi qəribə hisslər keçirmək zorunda qalır oxucu...

Əsərdə daha bir maraqlı obraz Uyğur Əliş obrazıdır. Məhəmməd bəy Cavanşiri oğlu qədər sevən, onun qəlbindəki atəşin qaynağını bilən Uyğur Əliş islamaqədərki Türk inancının, şamanlığın obrazıdır. Cismlə deyil, ruhla yaşayan, insanlığın yaranışından ta bu yana Türkün yaşadığı, duyduğu, dərk etdiyi nə varsa gendən gələn irsiyyətlə Uyğur Əlişdə toplanıb. O, duyur, hiss edir, qəlbinin bütün varlığının dili ilə hisslərini ifadə edir. Ölüm adlı kabus onun üçün adi bir həyat hadisəsidir. Ancaq yaşamağının mənasını da çox gözəl bilir Uyğur Əliş. Müəllif bu obrazla Türk obrazının kökündəki gizli sirri açmaq, kişilik, sədaqət, vətənsevərlik, kimi uca və ülvi hisslərin mayasının gəldiyi rişəni göstərmək istəyir. Uyğur Əlişin ölüm səhnəsi də də təsirlidir. Müəllif burada da maraqlı bir üsuldan istifadə edir. Oxucunu da bu hadisəyə hazırlayırmış kimi incə bir üsulla, söhbətlə, ölümün gözəlliyini və onu dərk edərək də üstünə getməyi, vaxtın tamamında onu bir şərbət kimi qəbul etməyi anladır.

Uyğur Əlişin öncəgörmələri elə inandırıcı formada qələmə alınır, elə gözəl təsvir edilir ki oxucu heç bir tərəddüdə qapıla bilmir. Bu da Aqil Abbas yaradıcılığının özünəxas xüsusiyyətlərindən biridir.

Əsərdə diqqətimi çəkən maraqlı daha bir məqam var. Aqil Abbas özünün ən mənfi qəhrəmanına belə kin bəsləməyəcək qədər genişürəkil yazıçılardandır. Mənfi obrazı da hansısa bir üsulla vəziyyətdən çıxarmağa çalışır və oxucuda müəyyən qədər rəğbət hissi oyada bilir. əslində bunun da kökündə tarix durur. Müəllif əsərin son hissəsində Səfərəli bəyin düşüncələri ilə bunu qeyd edir və qeyd edir ki, “...Kim bilir bəlkə də Səfərli bəy bir qədər geciksəydi tale öz hökmünü dəyişəcəkdi, onda yəqin ki, tarix də başqa cür yazılacaqdı”.

Amma tale hökmünü dəyişmir və tarix də necə yazılmalıdırsa elə də yazılır. Bu da Aqil Abbasın son qənaətidir.

 

Kitabın “müəllifdən” olan hissəsində Aqil Abbas tarixi qalanın sökülməsindən yana-yana danışır. Onu bu əsəri yazmağa vadar edən düşüncələrin mahiyyəti də aydın olur. Kökə bağlılıq, tarixin dərin qatlarında gizlənmiş həqiqətlərə inam və Vətən sevgisi, onun daşına, tyorpağına sahib çıxmaq, uğrunda ölmək eşqi qaynayırdı içində. Onda 1983-cü il idi və hələ SSRİ adlı şər imperiyası bizim qalaları öz əlimizlə sökdürürdü. Sökdürürdü ki qan yaddaşımızı silsin, bizə kim olduğumuzu, haradan gəlib hara getdiyimizi unutdursun. Hələ onda heç Aqil abbas da bilmirdi ki qarşıda bizi hansı müsibətlər gözləyir. Amma içində bir təlatüm vardı. Ürəyində təşviş vardı. Uyğur Əlişin səsi gəlirdi içindən. Bundan sonra başımıza gələcək müsibətləri pıçıldayırdı Uyğur Əliş. Vəli Ağanın nizəyə keçirilmiş başı, Məhəmməd bəy Cavanşir Batmanqılıncın, həm də Azərbaycanın bütövlüyü uğrunda, qüdrəti uğrunda mübarizə apararaq qətlə yetirilmiş Məhəmməd Qaçarın (bunu da mən əlavə edirəm) iniltisi gəlirdi Aqil Abbasın qulaqlarına...

Məhəmməd bəy Cavanşir Batmanqılıncla umu-küsümü dərin bir məhəbbətə çevirdi bu əsər. Varlığımda, içimdə qəribə hisslər oyatdı bu əsər. Aqil Abbasın ustalıqla yaratdıqları obrazların hər biri mənə varlığımı, qan yaddaşımdakı duyğuları oyatdı.

Batmanqılıncdan Aqil Abbasa qədər keçən dövrün səlnaməsi olan roman oxumağa , oxuyub da düşünməyə, düşünüb də illərin o üzündəki tariximizə bir də nəzər salmağa dəyər.

 

Şəmsi Qoca,

AYB-nin üzvü, şair-publisist

Mənbə: moderator.az