Burda tək deyiləm ki... - ŞƏHİDLƏRİMİZƏ İTHAF

Burda tək deyiləm ki...  - ŞƏHİDLƏRİMİZƏ İTHAF

Milli Ordumuzun, ermənilərin Tovuz rayonu istiqamətindəki təxribatlarına cavab olaraq apardığı hərbi əməliyyatlar ərəfəsində gənc şairə Əsmər Hüseyn Xanın şəhidlərimizə həsr etdiyi yeni şeirini Moderator.az-ın oxucularına təqdim edirik:

Salam, ana, necəsən?!

Bağışla, qurban olum

Qabar olmuş əlinə.

Saçının hər telinə

Qurban olum, bağışla,

Mən sözümü tutmadım,

Demişdim qayıdacam,

Bağışla, qayıtmadım.

Amma nigaran olma,

Bura necə gözəldir,

Bircə görsən, anacan.

Hər tərəf al lalədir,

Gül çiçəkdir sonacan.

Səma aydın, yol hamar,

Mənsə, sağ salamatam.

De oğlu şəhid olub,

Başın dik tutsun atam.

Bəsdi basdın bağrına,

Dur, dur əlindən qoy yerə

O sinəsi deşilmiş

Əsgərlik paltarını.

Döymə özünü, ana,

Yolma ağ saçlarını.

Burda tək deyiləm ki,

Qonşumuz Əliş də var,

Qırçı Fəttahın oğlu

Dadaş da var yanımda.

Sənə bənzər mələklər

Fırlanır sağ solumda.

Ayağa qalx, mərd qadın,

Qara örpək bağlama.

Qan qoxuyan torpağı,

Göz yaşınla sulama...

 

Ana basdı bağrına,

Balasının paltarın.

Nə gözəl qoxuyurdu,

Köynəyin üstündəki

Al qırmızı lalələr.

Elə bir ah çəkdi ki,

Soldu bütün çiçəklər...

Mənbə: moderator.az