Mənsum İbrahimov: "Xahiş edirəm, ağlaşma videoları yaymayın"

Mənsum İbrahimov: "Xahiş edirəm, ağlaşma videoları yaymayın"

“Çox xahiş edirəm, ağlaşma videoları yaymayın, erməni saytlarını izləyirəm, belə videoları lağa qoyub, gülürlər ki, baxın, necə ağlaşırlar… Şəhidlərimiz var, çox ağırdır, amma başımızı dik tutmalıyıq”.

Bu sözləri Yenicag.az-a açıqlamasında xalq artisti Mənsum İbrahimov deyib.

Xanəndə insanları təxribat xarakterli məlumatlara inanmamağa və yaymamağa səsləyib:

“Erməni yenə də təxribat törətdi, amma cavabsız qalmadı. İgid ordumuz onları bir addım da olsun irəli buraxmadı, layiqincə cavablarını verdi. Belə bir çətin dönəmdə insanlara səslənirəm, rəsmi olmayan məlumatları yaymayın, şəhid övladlarının fotolarını paylaşmayın, düşmən bundan istifadə etməsin. Hər birimiz bir əsgərik, lazım olsa, torpaqlarımız uğrunda döyüşməyə də hazırıq. Amma bu gün güclü və hazırlıqlı ordumuz var və işini layiqincə görür. Hər birimiz Ali baş komandanımızın ətrafında birləşmişik və onun əmrini gözləyirik. Koronavirusdan fərqli olaraq erməni gözə görünən düşməndir və düşmən üzərində qələbə çalacağıq”.

Mənbə: yenicag.az