Doğmaları şəhid olan məşhurlarımız - BİZİM TƏQDİMAT

Doğmaları şəhid olan məşhurlarımız - BİZİM TƏQDİMAT

Qarabağ müharibəsinin ilk illərindən indiyədək ordumuz torpaq uğrunda savaşda xeyli sayda şəhidlər verib.

Doğmaları, yaxınları arasında şəhid olan kifayət qədər məşhurumuz da var.

Cebhe.info bu dəfə həmin məşhurlar barədə araşdırma edib. Sözügedən araşdırmanı diqqətinizə çatdırırıq:

Müğənni Leyla Ramazanlının atası Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub. Nurəddin Ramazanlı döyüşə yollananda onun 2 qızı körpə olub. Leytenant Ramazanlı 1992-ci ilin oktyabr ayının 8-dən 9-na keçən gecə - Laçında gedən döyüşlərdə şəhid adını qazanıb.

Akademik Opera və Balet Teatrının solisti, Əməkdar artist Gülüstan Əliyevanın isə həyat yoldaşı Zahid Əhmədov 1991-ci ildə Qarabağ döyüşlərində şəhidlik zirvəsinə ucalıb. O, 31 yaşında minaya düşərək həyatını itirib.

"Bülbüllər" qrupunun yaradıcısı, Əməkdar artist Aybəniz Haşımovanın da həyat yoldaşı Qarabağ uğrunda gedən döyüşlərində şəhid olub. Təhsil Nazirliyi nəzdində Təcrübə sınaq zavodunun Baş direktoru vəzifəsində işləyən X.Quliyev 29 yaşında könüllü olaraq cəbhəyə yollanıb və Ağdərədə gedən döyüşlərdə böyük şücaət göstərib. Manikli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Xalid Quliyev cəbhədə göstərdiyi igidliyə görə, "Vətən uğrunda" medalına layiq görülüb.

Müğənni Təranə Qumralın qardaşı Qarabağda şəhid olub. Onun qardaşı Firdovsi Məmmədov milli ordumuzun ilk şəhidlərindən biridir.

Müğənni Nadir Qafarzadənin qohumu isə Tərtərdə gedən döyüşlərdə şəhid olub. Şəhidlik zirvəsinə yüksələn Novruzov Ravil Elman oğlu müğənninin dayısı nəvəsidir. Müğənni qohumunun şəhid olması ilə bağlı açıqlamalarının birində bunları söyləmişdi:

"Gözlərimin önündə böyüyən dayım nəvəsi şəhid oldu. Çox pis oldum. Amma şəhidlik zirvəsinə qalxmaq hər bir oğula nəsib olmur. Mənim evimdə gələcəyin iki əsgəri böyüyür. Onların da gələcəkdə vətənə layiqli övlad olması üçün əlimdən gələni edirəm".

Yaxını şəhid olan tanınmışlarımızdan biri də teleaparıcı Nanə Ağamalıyevadır. Onun qardaşı 6 əsgərlə birlikdə şəhid olub. Aparıcı özü də bunu bir neçə dəfə efirdə çıxışı zamanı deyib.

Xalq artisti Ramiz Novruzun Qarabağ savaşında əmisi oğlu, Aprel döyüşlərində isə əmisi nəvəsi əsgər Fərahim Novruzov şəhid olub.

Müğənni Elariz Məmmədovun da qardaşı Qarabağ savaşında itkin düşüb. E.Məmmədovun sözlərinə görə, qardaşı döyüş meydanında qaldığı üçün onu çıxarmaq mümkün olmayıb. İndiyədək bunu analarından gizlətdiyini deyən müğənni, atasının oğluna görə 14 il saqqal saxladığını bildirib.

Naibə
Cebhe.info

Mənbə: cebhe.info