"Bu, Azərbaycan kinosunda ilk böyük hadisədir..." - Fehruz Şamıyev

"Bu, Azərbaycan kinosunda ilk böyük hadisədir..." - Fehruz Şamıyev

Rejissor Hilal Baydarovun "Səpələnmiş ölümlər arasında" bədii filmi Venesiya Festivalında Azərbaycanı təmsil edən ikinci filmdir. Amma bu, festivalın əsas proqramında, yəni "Qızıl şir" uğrunda müsabiqədə iştirak edən ilk filmimizdir. Onun proqrama düşməsi həddindən artıq böyük hadisədir və Azərbaycan kino tarixində indiyədək bu səviyyədə heç bir ekran işi belə bir uğura imza atmayıb.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Bakı Beynəlxalq Qısa Filmlər Festivalının direktoru, prodüser Fehruz Şamıyev deyib.

O bildirib ki, filmin Venesiya Film Festivalında iştirakı digər tərəfdən kinoda öz ifadə tərzini tapan rejissorların hansısa maliyyə məsələlərindən asılı olmayaraq dünya kino bazarına çıxmağı bacardığını göstərir: “Məncə, burada önəmli olan əsas məqam yeni kino dilidir. Rejissorun xüsusi baxışıdır.

Mənə elə gəlir, bu uğuru Azərbaycan dövləti, müstəqil rejissorlar, ümumiyyətlə, kino ictimaiyyəti dəstəkləməlidir. Dünyaya göstərmək lazımdır ki, Azərbaycan filmi dünyanın ən qocaman festivalı olan Venesiya Festivalının əsas proqramına düşüb. Bu, həm də onun göstəricisidir ki, Azərbaycan bir fərdin timsalında müasir kinonun nə olduğunu başa düşən bir ölkədir və bu ölkədə istedadlı gənclər var.

Venesiya Film Festivalı dünya zadəganlarının toplaşdığı mədəni tədbirdir. Başqa festivallarla müqayisədə orada daha peşəkar, dünyanın yaşlı kinomatoqrafçıları cəmləşir. Bu o deməkdir ki, festivalda adımızın hallanması Azərbaycanın bir sivil ölkə olmasının göstəricisidir. Mənə elə gəlir, bu filmin uğuru Azərbaycanın Avropada bir mədəniyyət ölkəsi kimi tanıdılmasına yardımçı olacaq. Düşünürəm ki, bütün ictimaiyyət bu informasiyanın yerli və xarici mediada yayımlamağın marağında olmalıdır”.

Fehruz Şamıyevin fikrincə, əsas qalib olmaq deyil, müsabiqədə iştirak etməkdir: “Burada hər filmin qalib olmaq şansı var. Oraya minlərlə filmlər göndərilir. Həmin proqrama düşmək çox çətin məsələdir. Film müsabiqəyə düşübsə, deməli, onun qalib olmaq ehtimalı var.

Sözsüz, müsabiqədə çox peşəkar insanlar təmsil olunur, onlar Venesiya Film Festivalında da, Berlin Film Festivalında da mükafat alıblar.

Hilal Baydarov yeganə gənc rejissordur ki, orada debüt edir. Onun ilk filmi Venesiya Film Festivalına qatılır, yaxud da A kateqoriyalı festivalda öz sözünü deyir. Düşünürəm ki, Hilal Baydarovun filmi bu festivalda mükafat ala bilər. Arzu edirəm ki, mükafatı alsın da. Onun qalib olması həm Azərbaycan dövləti, həm Azərbaycan kino ictimaiyyəti üçün baş ucalığıdır”.

Mənbə: teleqraf.com