III Animafilm Beynəlxalq Animasiya Festivalının proqramına daxil olan filmlərin siyahısı açıqlanıb

III Animafilm  Beynəlxalq Animasiya Festivalının proqramına daxil olan filmlərin siyahısı açıqlanıb

Azərbaycan Kinematoqraflar İtiifaqı (AKİ) III Animafilm Beynəlxalq Animasiya Festivalının seçim komissiyası müsabiqə proqramına daxil edilmiş animasiya filmləri və ssenarilərin siyahısını açıqlayıb.

Open.az xəbər verir ki, Festivalın direktoru Rəşid Ağamalıyev bildirib ki, bu il daha çox ərizələr ABŞ-dan gəlib: “Böyük Britaniya, Kanada və Fransa kimi həmişə aktiv idi. Bu il ötən illə müqayisədə iki dəfə daha çox ərizə aldıq. Azərbaycandan 20 animasiya filmi və 40 ssenari daxil olub. Bu bir daha sübut edir ki, Azərbaycanda animasiya inkişaf etməyə başlayır”.

ANİMAFİLM festivalının Seçim Komissiyasına baxılması üçün dünyanın 58 ölkəsindən(Azərbaycan, İran, Hindistan, Rusiya, Hollandiya, Özbəkistan, Fransa, Avstraliya, Yaponiya, Almaniya, Kanada, İspaniya və s.) 433 ərizə daxil olub. Müraciətə baxılaraq 146 əsər müsabiqə proqramına daxil edilib:

Beynəlxalq müsabiqə:

Ən yaxşı tammetrajlı animasiya filmi Ən yaxşı qısametrajlı animasiya filmi Qısametrajlı animasiya filmi üçün ən yaxşı ssenari Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi Uşaqlar tərəfindən çəkilmiş̧ ən yaxşı qısametrajlı animasiya filmi Ən yaxşı qısametrajlı eksperimental və ya abstrakt animasiya filmi Ən yaxşı qısametrajlı tələbə animasiya filmi Ən yaxşı televiziya və ya İnternet animasiya seriyalı Ən yaxşı musiqili animasiya videosu

Milli müsabiqə:

Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi Ən yaxşı Azərbaycan tələbə qısametrajlı animasiya filmi Qısametrajlı animasiya filmi üçün ən yaxşı Azərbaycan ssenarisi Uşaqlar üçün nəzərdə tutulmuş qısametrajlı animasiya filmi üçün ən yaxşı Azərbaycan ssenarisi.

Müsabiqə proqramına Seçilmiş filmlərə və ssenarilərə gəlincə, onlar beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və nəticələr ANİMAFİLM Festivalının bağlanış mərasimində – 18 oktyabr 2020-ci il tarixində elan ediləcək.

Qeyd edək ki, festivalın qalibləri mükafatlandırılacaqlar. Belə ki, ANİMAFİLM festivalı “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” kateqoriyası üzrə yeni mükafat təsis edib.

Mükafat Fransanın Azərbaycandakı səfirliyi, Fransız İnstitutunun (İFA) tərəfdaşlığı və Annecy Animasiya Filmləri Beynəlxalq Festivalının dəstəyi ilə təsis olunub. Builki ANİMAFİLM festivalının qalibi 2021-ci ildə Fransada keçiriləcək Annecy Beynəlxalq Animasiya Film Festivalında iştirak edəcək və MİFA adlı peşəkar akkreditasiya alacaq. Qalibin bütün səyahət və yaşayış xərcləri İFA tərəfindən ödəniləcək.

“Qısametrajlı animasiya filmi üçün ən yaxşı azərbaycan ssenarisi” kateqoriyasında ANİMAFİLM mükafatı Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi ilə birgə təqdim olunacaq. Qalib qiymətli foto kamera ilə mükafatlandırılacaq.

Məlumat üçün bildirək ki, ANİMAFİLM III Beynəlxalq Animasiya Filmləri Festivalı 14-18 oktyabr 2020-ci ildə Bakıda keçirilməlidir. Builki festivalın mövzusu Fransız animasiyasına həsr olunub. Festival Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycan Kinematoqrafçılar İttifaqı, Çexiyanın və Fransanın ölkəmizdəki səfirliklərinin, Fransanın Azərbaycandakı səfirliyinin, “Nizami” Kino Mərkəzinin, “Mücrü” nəşriyyatının, Barat Abdullayevin və digər tərəfdaşların dəstəyi ilə keçiriləcək. İştirakçıların siyahısına aşağıdakı lingdən baxa bilərsiniz: https://animafilm.az/news/participants-announce

Mənbə: open.az