“O, həm təbabətin, həm də ədəbiyyatın vicdanı idi...”

“O, həm təbabətin, həm də ədəbiyyatın vicdanı idi...”

“O, Allaha hamıdan yaxın idi, amma bəzən onu ateist kimi təqdim edirlər, bu yanlışdır. Rafiq heç vaxt populist çıxışlar etmədi, şan-şöhrət xəstəsi yox, vicdanlı həkim, yazıçı və vətəndaş oldu”

Bunu Moderator.az-a açıqlamasında şair Baba Vəziroğlu yazıçı Rafiq Tağı haqda danışarkən deyib. O, yaxın dostunun dünyadan köçməsinə baxmayaraq, onun üçün həmişə yaşadığını bildirib:

“Bu günə kimi demişəm və bundan sonra nə qədər desəm də Rafiq Tağını tanımayanlara onu tam tanıda bilmərəm. Rafiq həm təbabətin, həm də ədəbiyyatın vicdanı idi. Dünyada müxtəlif etalonlar var və onları qoruyurlar ki, həmin çəkilər deformasiyaya uğramasın. Bu mənada mən təxminən Tafiq Tağını bir şəxsiyyət, varlıq, insan kimi etalonlarla müqayisə edirəm. O, insanlığın, vicdanın etalonu idi. Yəni haqq yolunda güzəştə getməməyin simvolu idi. Yəni canını qurban verərdi, amma haqqın yolunda bir zərrə güzəştə getməzdi. Ona görə də Rafiq həyatda çox həlim adam idi və bir qarışqanı belə incitməzdi. Dostsevər, vətənsevər və ən əsası da Allahsevər bir insan idi. O, Allaha hamıdan yaxın idi, amma bəzən onu ateist kimi təqdim edirlər, bu yanlışdır. Rafiq heç vaxt populist çıxışlar etmədi, şan-şöhrət xəstəsi yox, vicdanlı həkim, yazıçı və vətəndaş oldu. O, Allahın imanlı bir bəndəsi idi. Mənə elə gəlir ki, həyatın mənası da odur ki, sən öz missiyana daxil olan işləri vicdanla həyata keçirəsən. Rafiq böyük yazıçı idi və ona həmişə Azərbaycanın Çexovu deyirdim. O, hekayənin ustası yox, peyğəmbəri idi.

Biz onunla çox yaxın idik. Moskvada və Bakıda gənclik illərimiz bir keçib. Belə vicdanlı insanlar həmişə maddi cəhətdən kasıb olurlar. Bəzən məndən borc pul istəyirdi və sonra məlum olurdu ki, xəstəsinin dərman almağa pulu yox imiş. O, dərman alıb xəstəsinə aparırdı. Ondan kimsə borc istəyəndə yox demirdi, gəlib bizdən alıb aparıb verirdi. Çox səmimi adam idi və səmimi insanlarla oturub-dururdu. Təbiət və səfər vurğunu idi. Bütün bunlara rəğmən onu mən məcburi şəkildə rayona aparırdım. Bakıdan çıxan kimi qanadlanırdı. İndi hər gün mənlə birlikdə olan adama rəhmət deyə bilmirəm. Rafiq həmişə yaşayan işıqlı bir sima və ruhdur”.

Qeyd edək ki, bu gün yazıçı Rafiq Tağının doğum günüdür. O, 1950-ci il Masallı rayonunun Xoşçobanlı kəndində anadan olub. 2011-ci il noyabrın 19-da bıçaqlanaraq qətlə yetirilib.

Vasif Əlihüseyn

 

 

Mənbə: moderator.az