Koronavirus xəstələri ilə işləyən həkimlərə qarşı müğənni Elnarə Xəlilovanın ittihamı ciddi əks reaksiyalar doğurub

Koronavirus xəstələri ilə işləyən həkimlərə qarşı müğənni Elnarə Xəlilovanın ittihamı ciddi əks reaksiyalar doğurub

Aydın Xan Əbilov: “Bir müğənninin koronavirusla mübarizə aparan həkimlərə hər hansı formada mənfi yanaşmasını...”

Azərbaycan həkimlərinin, tibb işçilərinin koronavirusla mübarizədə xüsusi xidmətlərinin olduğu danılmazdır. Məhz onların gecə-gündüz demədən, həftələrlə, günlərlə ailələrindən, övladlarından uzaq düşərək yüksək qayğı və peşəkarlıqla xəstələrin müalicəsilə məşğul olmasının nəticəsidir ki, yüzlərlə ağır koronaviruslu xəstə sağalaraq ailəsinə qovuşub.

Bildiyimiz kimi, ölkə başçısı İlham Əliyev dəfələrlə öz çıxışlarında koronavirusla mübarizədə böyük fədakarlıq göstərən həkimləri qəhrəman adlandırıb və onların əməyini maddi və mənəvi cəhətdən qiymətləndirib.

Ölkəmizin bütün səhiyyə sisteminin, həkim və tibb işçisi personalının tam gücü ilə koronavirus pandemiyası ilə çarpışdığı bir vaxtda bəzi şou-biznesçilər öz xislətlərinə və həyat tərzlərinə uyğun olaraq xoşagəlməz mövqe sərgiləyirlər. Aylardır gecə-gündüz evlərinə, ailələrinə belə getmədən koronavirusa yoluxan xəstələrin müalicəsi ilə məşğul olan həkimlərin fəaliyyətini bəzi şou-biznesçilər qaralamağa çalışırlar. Sosial şəbəkələrdə aktiv fəaliyyət göstərən şou-biznesçi, müğənni Elnarə Xəlilova “İnstagram” səhifəsində həkimləri qaralayan fikirlər bilirib.

“...Həkimin canı da çıxmalıdır baxmalıdır xəstəyə. 3 qat maaş alır. Özü də bizdə, Azərbaycanda həkimin xəstəyə münasibətini, Allaha şükür, hamı bilir (?). Zəng vurub tapşırmasan, pul verməsən, xeyri yoxdur. Ona görə də heç kim xəstəxanaya getmir ki, həkimlər öldürəcək. Neçəsini öldürdülər baxımsızlıqdan (?)...” - deyə yazan müğənni fikirlərinin digər hissəsində qeyri-etik ifadə işlətdiyi üçün onu burada qeyd etmirik.

E.Xəlilovanın “İnstagram” səhifəsində həkimləri qaralayan fikirlər bildirməsi böyük ictimai narazılıqlarla qarşılanır.

“Belə xoşagəlməz münasibət qəbuledilən deyil”

İctimai Nəzarət Koalisiyasının baş katibi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq, Prezident təqaüdçüsü Aydın Xan Əbilov “Bakı-Xəbər”ə bildirdi ki, hansısa bir şou-biznesçinin fədakar həkimlərin əməyinə kölgə salması yolverilməzdir. “Pandemiya dövründə bütün cəmiyyətlərdə psixoz vəziyyəti müşahidə edilir. Ona görə də həm tibb işçiləri, həm də vətəndaşlar səbrli olmağa çalışmaldırlar. Nəinki həkimlərə, eləcə də insanlar bir-birinə münasibətdə mədəni və etik normalara əməl etməlidirlər. Fərqi yoxdur, tanınmış adamsan, yaxud tanınmamış adamsan, sən əgər ictimai-sosial, tibbi müraciət edirsənsə, nəzərə almalısan ki, bu ümumi bəladır və bundan çıxmaq üçün hamımız həmrəy olmalıyıq. Cəmiyyətin tanıdığı adamlar da koronavirusla mübarizə aparan həkimlərə münasibətdə diqqətli olmalı, belə qarayaxmalara əl atmamalıdırlar . Belə xoşagəlməz münasibət qəbuledilən deyil. Bir müğənninin koronavirusla mübarizə aparan həkimlərə hər hansı formada mənfi yanaşmasını fəal ictimaiyyətçilər olaraq qınayırıq. Bu gün sıravi vətəndaşlardan tutmuş, tanınmışlara qədər hər kəs pandemiya ilə mübarizə aparan dövlət qurumlarına və həkimlərə münasibətdə diqqətli olmalıdır” - deyə A.X.Əbilov bildirdi.

İradə SARIYEVA

Mənbə: www.baki-xeber.com