Rauf & Faiq: - "Babamızın qardaşı Bakıda opera teatrının direktoru idi" - FOTO - VİDEO

Rauf & Faiq: - "Babamızın qardaşı Bakıda opera teatrının direktoru idi" - FOTO - VİDEO

Rusiyada və MDB ölkələrində populyar olan Rauf & Faiq dueti, layihənin yaranması, məqsədləri və yaradıcılıq planları barədə Rusiyanın "Cosmopolitan" jurnalına məlumat verib.

"Biz əkiz qardaşlarıq (red. Mirzəyev Rauf Rafiq oğlu və Mirzəyev Faiq Rafiq oğlu), 7 iyul 1999-cu ildə İjevskdə azərbaycanlı ailəsində anadan olmuşuq, hər şey bundan başladı", Rauf & Faiq Cosmopolitan-a müsahibəsində deyib.

Uşaqların 4 yaşı olanda qonşu onlarda musiqi istedadının olduğunu görür və valideynlərinə tövsiyə edir ki, oğlanları İjevskdəki Musiqi Kollecinə aparsınlar. Ana və ata belə də edir - beləcə qardaşlar pianoda çalmağa başladılar və sonra vokal dərsləri aldılar: “Anlamaq lazımdır ki, yaradıcılığımız musiqi məktəbindəki dərslərin nəticəsi deyil. Biz belə doğulmuşuq, belə hiss edirik. Yeri gəlmişkən, ümumiyyətlə ailəmiz musiqiyə çox bağlıdır: babamızın qardaşı opera müğənnisi olub, Bakıda opera teatrının direktoru idi. Anamız da çox istedadlı, musiqini yaxşı bilən bir insandır. Fortepianoda və qanun adlanan maraqlı Azərbaycan musiqi alətində əla ifa edir".

Rauf & Faiq bütün ailənin onları dəstəklədiyini və inandığını deyir. "Üstəlik əmimiz, ailənin maddi durumunun yaxşı olmadığına baxmayaraq, 2014-cü ildə bizə 100.000 rubla noutbuk aldı (o zaman bu çox böyük pul idi) ki, musiqi ilə məşğul ola bilək. Demək olar ki, beş il bu noutbukda məşq etdik: musiqi tərtibatını öyrəndik və bu işi təkmilləşdirdik. Nəticədə "Mən səni sevirəm" adlı ilk albom bu kompüterdə hazırlandı. Studiyanın çılpaq divarları arasında 700 rubl dəyərində iki dinamikadan başqa dostumuzun bizə verdiyi mikrofon və noutbuk və mikrofon arasında ötürücü olan kafedə qazandığımız pulla aldığımız səs kartı vardı".

Rauf & Faiq yaradıcılıq karyeralarını Udmurtiyanın ən güclü təhsil ocağı olan musiqi kollecindən başlayıb: “6 yaşında musiqi məktəbinin birinci sinfinə daxil olanda artıq üçüncü sinif tədris proqramının mürəkkəb əsərlərini ifa edə bilirdik. İmtahandan uğurla keçdik, lakin hər ikimiz üçün yer yox idi: sonda birlikdə P.İ. Çaykovski N2 adına Uşaq İncəsənət məktəbinə getməyə və fortepiano şöbəsinə daxil olmağa qərar verdik.

Məşhur qardaşlar xatırlayırlar ki, ümumtəhsil məktəbinin ikinci sinifində müəllim onların vokal qabiliyyətlərini görmüş və sonra məktəb tədbirlərində çıxış etməyə başlayıblar: “Onlardan birində Uşaq İncəsənət Evinin müəllimi Olqa Nikolayevna Naqovitsına da olub. O bizi dinləmək üçün öz vokal studiyasına dəvət etdi. Bir neçə il orada oxuduq, bir çox vokal müsabiqələrində qalib gəldik və eyni zamanda musiqi məktəbində fortepiano şöbəsində, sonra isə vokal şöbəsində oxuduq, özümüzü tamamilə musiqiyə həsr etdik. Altıncı sinifdən sonra "Göy qurşağından yuxarı" estrada studiyasına keçdik, onlarla birlikdə Sankt-Peterburq, Estoniya, Finlandiya, İsveç və İtaliyanı gəzdik. 2015-ci ildə musiqi məktəbini fərqlənmə diplomu ilə bitirdik".

"Biz 90-cı və 2000-ci illərin musiqisi ilə böyümüşük: R&B, pop, soul. Bizə Sem Smit və Maykl Cekson, Ed Şeran, Brayn Maknayt, İvan Dorn kimi sənətkarların yaradıcılığı təsir edib və XXXTentakionun yaradıcılığı da bizim üçün dəyərlidir”, Rauf & Faik Cosmopolitan-ın hansı sənətçilərin onların musiqilərinə təsir etdiyi sualına cavabında deyib.

"Bizim üçün ən əsası olduğumuz kimi qalmaqdır. İstəyirik ki, yaradıcılığımız insanlara təsir edə bilsin. Ancaq hamıya istədiyini yeritmək də doğru deyil. Bəzən özünüz də daxil olmaqla heç kimə zərər verməmək üçün yavaşlamalı və səbr göstərməlisiniz - Rauf və Faiq vurğulayıb. - Ümumiyyətlə, qabağa qaçan adam ən ağıllı olan deyil. Heç kimi incitməmək üçün manevr etməyi bacarmalısan, bəzən yavaşlamalısan. Bu dünyada biz tək deyilik. Bəzən hər hansı bir vəziyyətdə və ya insana münasibətdə geriyə durmağı bacarmalısan ki, heç kim ziyan görməsin. Ümumiyyətlə, həyatdakı devizimiz - I swear to God, I’m moving on (Yoluma davam edəcəyimə and içirəm) Ümumiyyətlə, uşaqlıqda tez-tez belə bir şey eşidirdik: “Həqiqətən də bunun sizdə alınacağını düşünürsünüz? Bu ki, gülməlidir!" Ancaq bu bizi əsla dayandırmadı. Bir xəyalımız vardı və hələ də var, onu həyata keçirməyə davam edirik".

Duet üzvləri deyirlər ki, onları ilk dəfə onları “Birincinin Musiqisi” kanalının direktoru 2015-ci ilin sonunda gördü: “O hardansa nömrəmizi tapıb zəng etdi və Yeni il - Snow Party tədbirində çıxış etməyi təklif etdi. Kimsə bizə qiymət vermişdi və "Sözlərə ehtiyacım yoxdur" mahnısı çıxandan sonra birinci "May günü"nə dəvət olunduq. Sonra 11-ci sinifdə musiqi məktəbini bitirdik və müvəqqəti olaraq mahnı yazdıqmağa fasilə verdik.

Rauf və Faiq deyirlər ki, boş vaxtlarında pərəstişkarlarının şəxsi mesajlarına cavab verirlər və idealındakı qız barədə danışarkən Faiq Mirzəyev bunları dedi: “O fərqli olmalıdır. Yanımda olanda - təvazökar, şən, xarizmatik, amma əsas odur ki, digər insanların qarşısında belə olmasın. İstəyirəm ki, şəxsi münasibətlərimiz elə şəxsi olaraq qalsın". Öz növbəsində, Rauf Mirzəyev idealından danışarkən qeyd edir ki, onun fikrincə xarici görünüş baxımından idealı yoxdur: "İnsan daxilən nə qədər gözəldirsə, onu bir o qədər çox sevib hörmət edərəm."

"Pərəstişkarlardan aldığımız ən qeyri-adi hədiyyələr dinə aid hədiyyələrdir", deyən Rauf & Faik, bu birliyin əsas sirrinin qardaşlıq bağı olduğunu vurğulayaraq gələcək planlarını gizli saxlamaq istədiklərini bildirdi: "Ümid edirik ki, dinləyicilərimizi təəccübləndirə və pley-listlərində qala biləcəyik".

EDNews.net

Mənbə: ednews.net