Plastik əməliyyat zamanı dünyasını dəyişdi, bir il sonra səbəbkar həkim də stressdən öldü...

Plastik əməliyyat zamanı dünyasını dəyişdi, bir il sonra səbəbkar həkim də stressdən öldü...

Moderator.az kulis.az-a istinadən 53 yaşında dünyasını dəyişən müğənni Reyhan Müslümova haqqında maraqlı faktları təqdim edir.

Reyhan Müslümova 1949-cu ildə Qubada anadan olub. Valideynləri həkim olduğundan qızlarını da həmin sahəyə yönləndirmək istəsələr də, Reyhan xanım sonunda müğənni olmağa qərar verib.

O, müğənnilik karyerasında ilk addımlarını “Lalə” qızlar ansamblında atıb. Kəmalə Rəhimli, Nəzakət Məmmədova, Nisə Qasımova, Ruhəngiz Allahverdiyeva, Yaqut Babayeva ilə birgə səhnəyə qədəm qoyan müğənni uzun illər həmkarı Yaqut Babayeva ilə uzun illər küsülü olub.

Dövrünün ən yaxşı bəstəkarları ilə işləyən müğənni 18 yaşındaykən Hüseyn Seyidzadənin ekranlaşdırdığı “Dəli Kür” filmində Cahandar ağanın qızı Salatın rolunu canlandırıb.

***

Aktrisa Zemfira Sadıqova filmin çəkilişləri barədə maraqlı fikirlər səsləndirərək bunları deyib: “Rəhmətlik Reyhan Müslümova da filmdə Cahandarın qızı roluna çəkilirdi. Onunla biz yaşıd idik. Bir gün ikimiz birlikdə yemək yeyəndə qulağımız eşidə-eşidə Leyla Bədirbəyli dedi ki, bunları hardan tapıb gətiriblər. Nə istedadları, nə də gözəllikləri var. Sonra da məlum səhnədə Leyla Bədirbəyli məni elə bərkdən şillələdi ki, yerimdə səntirlədim. O, sonradan heç bir üzrxahlıq etmədi. Halbuki, edə bilərdi”.

Müğənni Xəyyam Nisanovun atası Reyhan Müslümova ilə yaxın dost olublar. Xəyyam 11 yaşı olanda valideynləri qəzaya düşüb rəhmətə gedirlər. Bir müddət nağara aləti üzrə təhsil alan Xəyyam Reyhan xanımla tanış olur. Onun özünün sözlərinə görə muğənnilik karyerasında başlamasında Reyhan Müslümovanın ona həm müəllim, həm də insan kimi çox köməyi dəyib.

***

Reyhan Müslümova müğənni Murad Sadıqın bacısının qayınanası olub. Reyhan xanımın yaxın qohumlarından sağ qalan insanlar bir oğlu, bir qızı və bacısıdır.

Reyhan Müslümova artıq çəkidən azad olmaq istəyir. Şəkər xəstəsi olduğundan həkimlər əməliyyat aparmaqdan imtina edirdilər. 2002-ci ildə Bakıdakı 5 saylı xəstəxanada liposaksiya əməliyyatı keçirən sənətçinin şəkəri yüksələrək komaya düşür və 53 yaşında həyatını itirir.

***


Əməliyyata getməzdən bir gün əvvəl dostları ilə zəngləşib danışanda qorxduğunu və əməliyyat riskindən ehtiyat etdiyini etiraf edib.

Onu əməliyyat edən cərrah Məhəmməd Xəlilov isə törətdiyi əmələ görə bir neçə il işindən uzaqlaşdırılır. O, Reyhan Müslümovanın ölümündən sonra çox böyük stress və əsəb keçirir və bir il sonra o, da dünyasını dəyişir.

***

Reyhan xanımın əməliyyatının yeganə şahidi olan həkim Ziyad Əsədov müğənninin ailəsi ilə bağlı maraqlı faktlar açıqlayarkən deyib ki, Reyhan xanımın həyat yoldaşından on il əvvəl ayrılsa da, o, dünyasını dəyişəndən sonra keçmiş əri xanımının ölümünə görə etirazını bildirib.

Sənətçinin oğlu Emin Vəlixanlı müsahibələrinin birində deyir:

"Anam 53 yaşında məlum səbəblər ucbatından dünyasını dəyişib. O vaxtlar bir neçə sənətçi bizimlə maraqlansa da indi artıq kimsənin yadına düşmürük. Nə qədər ki, bəstəkar Ramiz Mirişli Dövlət Televiziyasında işləyirdi, heç olmasa ara bir mərhum anamın video lentə yazılmış mahnılarını səsləndirirdi. Qəribədir, məgər Reyhan Müslümova Azərbaycan incəsənəti üçün heç bir iş görməyib? Çəkildiyi "Dəli Kür" filmi kifayətdir ki, hamı ona baxanda anamın aktrisa bacarığına heyran olur. Ölümünə bir-iki ay qalmış anama Əməkdar artist fəxri adını vermək istəyirdilər. Lakin özü razılaşmadı. Çünki həmin vaxt bir qrup gənc müğənni də həmin fəxri ada layiq görülmüşdü. Heç Xalq artisti də olmaq istəmirdi. Deyirdi ki, "mən xalqımın artistiyəm".

***

2004-cü ildə oğlu tərəfindən "Mən həyatda olmayanda" adlı musiqili diski və konsertlərdə, tele-kanallarda etdiyi çıxışların hamısını DVD-formasında arxivləşdirilib.

 

 

Mənbə: moderator.az