Rüstəm Behrudi hansı aktyoru döymüşdü? – Özü danışır...

Kult.az şair Rüstəm Behrudi ilə müsahibəni təqdim edir:

- Rüstəm müəllim, səhhətiniz necədir?

- Sən də bilirsən ki, uzun illərdir müxtəlif xəstəliklərdən müalicə alıram: şəkər, təzyiq və s. Son illərdə azı 5 dəfə əməliyyat olunmuşam. Bu əməliyyatların hamısı sağlamlığıma ziyan vurub. Çünki “narkoz” qəbul etmişəm. Hazırda daha çox ürək və şəkərlə bağlı problemlərim var. Şəkərim 250-350-yə, təzyiqim 170-ə, ürək döyüntülərim 130-a kimi qalxır. Ürək döyüntülərim təxminən normadan iki dəfə artıqdır. Bunlarla başa çıxmaq çox çətindir, amma mübarizə aparıram, müalicə olunuram. Bu yaxınlarda yenə əməliyyat olunacam, ürəyimə stend qoyulacaq.

Düşünürəm ki, yaşamaq elə belə şeylərdən ibarət imiş. Bir vaxtlar yazırdım ki, əslində yaşamaq ölümü öyrənməkdir. Bunu yaş ötdükcə anlayırsan.

- Özünüzü Azərbaycan səhiyyəsinə etibar edirsiniz?

- Daha çox xaricdə əməliyyat olunmuşam, amma Azərbaycanda da Avropada oxuyub gəlmiş çox gözəl həkimlər var, müayinələrimi onlar edirlər. Bəzi şəxsləri çıxmaq şərtilə, Azərbaycan səhiyyəsi sıfırdır!..

- Səhhətiniz yaradıcılığınıza necə təsir edir?

- Sağlam bədəndə sağlam ruh olmayınca ağrılar yazmağa imkan vermir. Düşündüklərini, içindən keçənləri yaza bilmirsən. Bu şəkər də yaddaşı pozur. Yaddaşsızlıq şair üçün böyük problemdir. Çünki daha çox düşünürsən və sonra yazırsan. Bir də görürsən ki, düşündüklərimi sonradan unuduram. Kağıza köçürə bilmirəm. Təbii ki, fiziki ağrılar yaradıcılığa birbaşa pis təsir göstərir. Mənə əziyyət verən də budur. Fiziki ağrılar istədiyim, düşündüyüm şeyləri yazmağa imkan vermir.

- Türklərin dini inancı ilə bağlı yazdığınız kitab haqqında danışardınız. Nələrə toxunulur?

- Bütün dünya xalqlarında Tanrı, insanın yaranışı, ölüm, əbədiyyət haqqında müxtəlif düşüncələr olub. Başqa xalqlardan fərqli olaraq, bizdə bunun özünəxas formaları mövcuddur. Uzun illər belə bir kitab yazmaq düşüncəsində olmuşam. Türk etnosunun da bu nüanslar haqqında öz düşüncələri olub, bunlarla bağlı fikirlərimi kitabda cəmləmişəm.

Bizdə Tanrı anlayışı və Allaha münasibət başqalarından fərqlidir. İslam dini inanc sistemi bizə yaddır, zorla qəbul etdirilib. İnsanlar nəyə istəyirlər inana bilərlər. İnanclarında sərbəstdirlər. Bu kitabı yazana qədər bəlkə də din və mifologiya haqqında bütün kitabları oxumuşam. Həmin kitablarda türklər haqqındakı bölümlərdə inanc və dini görüşlərlə bağlı məlumatların nə qədər yarımçıq və yanlış olduğunu gördüm.

- Nə kimi yanlışlıqlar var?

- Məsələn, Barbara Sproulun “Yaradılış mifləri”ndə türklərin inancları haqqında məlumatlar yarımçıqdır, bəzi hallarda isə bilərəkdən yanlış verilib. Bu kitabları oxuyarkən bir daha anladım ki, dünyadakı müxtəlif xalqların yaradılış haqqında düşüncələri bir-birinə yaxındır. Amma türklərin baxışı tamam fərqlidir. Bizim “Orxon-Yenisey” abidələrində deyilir ki, özünə qayıt, özünə qayıdanda böyük olursan. Bu fikirdən yola çıxaraq belə bir kitab yazmağa qərar verdim.

- Bu kitab sifarişdir, yoxsa öz təşəbbüsünüzdür?

- Mənim kimi adamlara sifarişlə nəsə yazdırmaq mümkün deyil. Hətta sifariş olsa belə, uzun illər yazmağa can atdığım bir kitabdır. Təbii ki, Türkiyədəki dostlarımla söhbətlərimizdən sonra onlar mənə belə bir kitab yazmağı sifariş etdilər. Mənim düşünmək və yazmaq istədiklərimi başqaları da istəyir… Bu kitab təkcə sifarişlə alınan bir şey deyil. Bu, mənim 20-30 ildir Tanrı, ölüm və əbədiyyət haqqında düşündüyüm fikirlərin toplusudur.

Mən türk dünyasının, etnosunun dəyərlər, dini inanclar sistemini, şamanizmi, ən başlıcası, türkün insanın yaranışı haqqında düşüncələrini bir kitabda toplamaq istədim. Hazırda həmin kitabla məşğulam. Özü də sevə-sevə yazıram. Mənbələr axtarıram, kitablar oxuyuram. Düşünürəm ki, bu kitab mənim həyatımda dönüş nöqtəsi olacaq.

- Sizcə, bizim cəmiyyət belə bir kitabı oxuyub qəbul etməyə hazırdırmı?

- Bütün dinlər, eləcə də islam dini, Quran ortaya çıxanda ərəblər ona hazır idilərmi? Yox! Böyük mənada fərqli düşüncə tərzini ortaya qoyan adam heç vaxt xalqın buna hazır olub-olmadığını fikirləşmir.

- Rüstəm Behrudi bu kitabı türkün peyğəmbəri kimi yazır?

- Yox, mən peyğəmbərlərdən fərqli olaraq, insanların bilmədikləri, unutduğu şeyləri yazıram. Mən peyğəmbər deyiləm. Olanları və olanların içərisində nə vaxtsa olacaqları qələmə alıram. Bu, tam dini kitab deyil. İstəyirəm ki, türk xalqı unudulmuş dini inanclarını yenidən qavrasın. Əməl edib-etməyəcəkləri başqa söhbətin mövzusudur. Bilirəm ki, bu kitabı məndən başqa heç kim yazmayacaq. “Şaman duaları”nı yazdım, üzərindən 30 ilə yaxın vaxt keçib. Heç kim bu mövzuya qayıtmadı.

- Son dönəmlər xarici ölkələrdə kitablarınızın çap edilməsi xəbərlərini alırıq. Hansı ölkələr sizin kitablarınızın nəşrində maraqlıdır?

- Sonuncu dəfə alman dilində kitabım çap olundu. Belçika, Ukrayna, İran, Türkiyədə kitablarım nəşr olunub. Bundan başqa, İngiltərədə də kitabım nəşr ediləcək. İnsan ömrü boyu yazdıqlarının nəticəsini görəndə fərəhlənir.

- Karantin günlərində heç balıq tutmağa getdinizmi?

- Mənim həyatımı mənalandıran hobbilərimdən biri də balıq tutmaqdır. Tez-tez balıq tutmağa gedirəm, bir dəfə də sən mənə yoldaş olmusan. Karantin günlərində qadağalara görə gedə bilmirdim. Ancaq iki dəfə hamıdan xəlvətcə balıq tutmağa getmişəm. Şairlik həm də budur, bütün qadağaları pozmaq. Yadımdan çıxmamış onu da deyim ki, şairlər Tanrının yerdəki casuslarıdır. Eyni zamanda Tanrı ilə müxalifətdə olmaqdır. Balıq tutmaq isə əslində şeir yazmaq kimi bir şeydir. Çox sirli tərəfləri var. Görmədiyin, can atdığın, gözlədiyin bir istirahətdir… Əslində şeir də belədir. Məncə, balıq tutmağın özündə də bir mistika var. Məni həmişə bu mistika özünə çəkib. Mən dünyanın hər yerində balıq tutmuşam: çayda, okeanda, dənizdə, göldə…

- Bahalı tilovlarınızın olduğunu bilirəm...

- Vaxtilə orta məktəbdə dərs dediyim, indi milyonçu olan bir nəfər mənə 7 min dollarlıq tilov dəsti alıb. Gümüş qabdadır. İçərisində hər şey var. Onu evdə saxlayıram, balığa gedəndə götürmürəm. Çünki çox uzundur. Burada işlətmək qeyri-mümkündür. Hazırda balıqları bir dostumun 400 avroya aldığı tilovla tuturam.

- Sənət adamlarından kiminlə balıq tutmaq istəmisiniz, amma mümkün olmayıb?

- Qədir Rüstəmov yaxşı balıq tutmaq həvəskarı idi. Onunla balıq tutmaq istəyərdim.

- Eşitdiyimizə görə, Elçibəy öz toyunu yarımçıq qoyub sizə gəlib. Özü də tək yox... Nə üçün gəlmişdi?

- Biz tərəflərdə toylar 3-4 gün olurdu. Həmin gün Əbülfəz bəyin toyunda mən də vardım. Yorulmuşdum, gecə saat 10-11 arası toydan evə getdim. Həmin vaxt Kələkidə müəllim işləyirdim. Meşənin içində bir ev tutmuşdum, orada tək qalırdım. Toyun davam etdiyi vaxtlarda qapı döyüldü. Bir də gördüm, rəhmətlik Əbülfəz bəylə şair Vaqif Cəbrayılzadə məni ziyarətə gəlib. Kəndin o başında bəyin toyu çalınırdı, Əbülfəz bəy isə bizdə idi. Bir neçə saat söhbət etdik. Orada Vaqiflə tanış olduq. Sonradan Vaqif mənim şeirlərimi “Ulduz” jurnalında çap etdirmişdi. Ondan əvvəl heç yerdə çap olunmamışdım. İllər sonra Bakıya gəldim. 10 ildən sonra Vaqif Cəbrayılzadənin ilk kitabının redaktoru oldum. Həmin vaxt “Yazıçı” nəşriyyatında redaktor işləyirdim. İlk kitabının adını da mən qoydum - “Unudulacaq bütün sevdalar”…

- Bizdə olan məlumata görə, tədbirlərin birində Hacıbala Abutalıbov sizin şeirinizi əzbər deyib.

- Hə, o vaxt telekanallar da bunu vermişdilər. Həmin şeiri də deyəsən, ilk dəfə YAP-ın qurultayında oxuyub. Sonradan Yutubda da qarşıma çıxdı. Hacıbala müəllim başqa yerdə deyirdi:

Bu ömür ən qəmli, kədərli nəğmə.

Bu ömür sevincdən süzülən kədər.

Kimisi içər bu dərdi,

Kimsə də yaşayıb gedər…

Həmin şeir bu idi. O, necə yadında qalıbsa, o cür səsləndirmişdi…

Mən Hacıbala müəllimi böyük ziyalı və filosof kimi tanıyıram. Akademiyada işlədiyi dövrdən onunla münasibətlərimiz var. Şəxsi söhbətlərimizdən böyük düşüncə adamı olduğunu bilirəm. Hacıbala müəllim sıradan bir insan deyil. Nobel mükafatçılarının dərc olunduğu bir jurnalda Hacıbala müəllimin də yazıları çap edilir. Onlar hətta Hacıbala müəllimə məqalə də sifariş veriblər. Hacıbala Abutalıbov mənim oxucumdur. Şeirlərimi həmişə mütaliə etdiyini söyləyib. Heç mən alman dilində kitabımın nəşr olunduğunu bilmirdim. Bunun xəbərini mənə Hacıbala müəllim verib. “Amazon” saytına baxıb, fizika ilə bağlı öz yazdığı məqaləsini axtaranda mənim kitabım qarşısına çıxıb.

- Həyat yoldaşınız sizə bahalı iş otağı düzəltdirib. Niyə orada yox, adətən qardaşınızın ofisində yazırsınız şeirlərinizi?

- Bahalı yox, zəngin. Doğrudur, adətən burada oluram, orada şeir yazmıram. Həyat yoldaşım da şeir-sənət vurğunudur. Öz zövqü ilə həmin otağı dizayn edib. Hər zaman diqqəti üzərimdədir. Həssas insandır. Həmin otağı araya-ərsəyə gətirmək də onun öz təşəbbüsüdür. Qəribədir ki, həmin otaqda şeir yazmadım. Yəqin ki, yaza bilmədim. Şeir yazanda insan Tanrı kimi olur. Mən həmin otaqda Tanrı ola bilmirəm. Bəlkə də dəbdəbə qoymayıb… Mən əksər şeirlərimi balıq tutanda və maşınla yol gedəndə yazmışam. Sonra onları ya bağda, ya da burada – qardaşımın ofisində kağıza köçürmüşəm. Bəlkə də Tanrının mənə göndərdiyi dualar həmin otaqda yetişmir, ona görə də bu zəngin otaqda yazıb-yaratmaq qismət olmayıb.

- Bildiyimizə görə, Vyetnamdan, Kubadan gətirdiyiniz güllərdən bina evinin eyvanında bağça salmısınız...

- Dünyanın harasına getmişəmsə, oradan güllər, çiçəklər gətirmişəm. Getdiyim ölkələrdə çiçək mağazasına baş çəkmişəm ki, oradan gül alım. Hətta gül də oğurlamışam. “Hollivud”da çayın qırağında bir çiçək var idi. Lap uclarında bapbalaca, ulduza oxşayan çiçəkləri gördüm. Çox xoşuma gəldi. Mənim üçün möcüzə idi. Qardaşlarım da orada idi. “Hollivud”un bağçasında… Onlara dedim ki, sıra ilə dayanın, mən görünməyim. Gizlicə həmin güllərdən birini çıxardım. Yaş əskiyə bükdüm. Bir həftə özümlə çantamda gəzdirdim. İki gündən bir nəm əskiləri yenisi ilə əvəzləyirdim. Sonra gətirib burada – eyvanımdakı bağçamda əkdim. Həmin eyvandakı güllərin çoxunu xarici ölkələrdən – Cənubi Afrikadan, Vyetnamdan, Kubadan gətirmişəm.

- Bir çoxları, əsasən də şair həmkarlarınız düşünür ki, Rüstəm Behrudinin ədəbi mühitdən uzaq olmasının səbəbi onun biznesə qoşulmasıdır. Doğrudanmı bizneslə məşğulsunuz?

- Bu, şərdir. Həyatımda heç vaxt nəsə alıb-satmamışam. Mən sadəcə olaraq qardaşlarımın mənə verdiyi bir otaqda otururam. Axmağın biri yazmışdı ki, Rüstəm Behrudinin uşaq bağçası var. Ömrümdə elə bir şey ağlıma da gəlməz. Bir dəfə Aqşin Yenisey yazmışdı ki, Rüstəm Behrudi taxta-şalban satır. Artur Rembo adlı çox sevdiyim bir fransız şairi var. 30 il əvvəl şeirlərini tərcümə etmişəm, çap da olunub. Bu adam bütün həyatı boyu alverlə məşğul olub. Afrika qəbilələrinə silah satmaq istəyərkən yaxalanıb. Heç fransızlar onun silah satdığından danışmırlar, şair kimi bəhs edirlər. Şeirlərindən danışırlar. Halbuki həmin silahla iki tayfa bir-birini qıracaqdı. Onun cinayətkarlığından fransız xalqı heç vaxt danışmır. Amma mənim məşğul olmadığım iş haqqında yalan yazırlar. Ola bilsin ki, qardaşlarımın yanında olmağıma görə deyirlər. Düşünürlər ki, onların yanındayamsa, deməli, mən də biznesə qoşulmuşam.

- Rüstəm Behrudi haqsızlıqla barışmayan, əsəblərini cilovlaya bilməyən insandır. Olubmu ki, sözünüz çəpləşsin və qələm yoldaşlarınızdan, tanınmışlardan, sənət adamlarından kimisə döyəsiniz?

- Hə, döymüşəm (gülümsünür). Amma adlarını deməyəcəyəm, ayıb olar. Əlim ağırdır. Bir dəfə bir aktyora bir sillə vurdum, bir həftə xəstəxanada yatdı. Bir siyasətçiyə də yumruq vurmuşam, onu da xəstəxanaya aparıblar. Onlar məşhur adamlardır, adlarını demək olmaz. Sərxoş olub vurmuşam. Bir vaxtlar çox araq içirdim. Hətta atam bir dəfə dedi ki, sən bütün mənalı ömrünü araq içməklə keçirdin, bu boyda kitabları nə vaxt yazmısan?!

- Hələlik son olaraq nə demək istəyirsiniz?

- İstəyirəm ki, söhbətimizin sonluğunu bu şeirlə tamamlayasan. Bu şeir mənim bütün ağrılarımı ifadə edir:

Gözəlim Yağmur,

Gözəlim, bir danəm!

Tükənməz, bitməz,

Və nə vaxtsa, bitəcəyinə də ümid edə bilmədiyim

Ağrılar içindəyəm!

Şikayətim, filanım yox əslində,

Bir danəm!

Olsa da gecdi, gecdi…

…Ömrüm bir tabutu süsləyəcək qədər gözəl keçdi, bir danəm!..

Axar.az

ƏVVƏLKİ XƏBƏR

"Barselona" 19 yaşlı hücumçu aldı - 300 milyon avro qiymət qoydu

SONRAKI XƏBƏR

Gültəkinin faşizm ideologiyası TƏRS BAXIŞ