Cəhalətlə mübarizə aparan dahi: "avam kəndlilər soyulmaqdan, şeyxlərı isə soymaqdan yorulmaq bilmir"

Cəhalətlə mübarizə aparan dahi: "avam kəndlilər soyulmaqdan, şeyxlərı isə soymaqdan yorulmaq bilmir"

1861-ci ildə təhkimçilik hüququ ləğv olunduqdan sonra kəndlilərin bəylərdən aslılığı götürüldü. Nəticədə bəylərin nüfuzu azaldı və onlar get-gedə adi kəndliyə çevrilməyə başladılar.

Elə bir vəziyyət yarandı ki, bəylərin yalnız adı qaldı və bir çox sıravi kəndlilər də dəftərxanaya gedib, 3 manat verib adını bəy yazdırdı.

İndinin özündə də “filankəs 3 manatlıq bəydi” deyimi yaşamaqdadır. Heç bir var-dövləti, səlahiyyəti olmayıb, özünü yuxarıdan aparan adamlara zarafatla “3 manatlıq bəy” deyirlər.

3 manatlıq bəylərin tüğyan etdiyi, əsil bəylərin nüfuzdan düşdüyü bir zamanda təhkimçiliyə, aslılığa, iadarə olunmağa örgənmiş savadsız, cahil kəndlilərin bir çoxu özünü sahibsiz hiss etməyə başladı. Bu boşluqdan istifadə edən mövhumatçı cərəyanlar peyda olmağa başladı. Bu cərəyanların nə dinlə, nə də hansısa təriqətlə əlaqəsi yox idi. Buna baxmayaraq bu cərəyanın ardıcıllarına cahil kəndlilər İlahi bir varlıq kimi baxırdı. Onlar bəylərdən betər avam kəndliləri istismar etməyə başlamışdı. Ən qəribəsi isə bu istismar könüllü idi. Könüllü istismar olunmağa razı olan kəndliləri heç bir qanun-qayda ilə bu təhkimçilikdən azad etmək mümkün deyildi. Yeganə çıxış yolu cahil, savadsız insanları maarifləndirmək idi.

Maariflndirmək kimi böyük yük isə Mirzə Ələkbər Sabir, Seyid Əzim Şirvani, Həsən bəy Zərdabi kimi dövrün mütəfəkkirlərinin üzərinə düşmüşdü.

Həsən bəy Zərdabi təəssüf hissi ilə yazırdı ki, "avam kəndlilər soyulmaqdan, şeyxlərı isə soymaqdan yorulmaq bilmir. Ən mütəşəkkil quldur dəstəsi belə mütəşəkkil şəkildə kəndliləri soya bilməz."

Bu cərəyanın fanatik müridləri dövrün ziyalıları üçün fizki təhlükəyə də çevrildiyi anlar az olmamışdı. Seyid Əzim Şirvaninin müəmmalı ölümü, Zərdabinin təqiblərdən yayınaraq Kür çayını üzərək keçib Bakıya gəlməsi kimi tarixi faktlar var.

Bölgədə maarifləndirmə işinin az effektli olduğunu yaxşı bilən Həsən bəy Zərdabi Paytaxtda qəzet çıxartmaqla cəhalətlə daha yaxşı mübarizə aparmağı düşünürdü və bu istiqamətdə səylərini artırırdı.

Nəhayət, 1875-ci ilin iyulun 22-də “Əkinçi” qəzetinin ilk nömrəsi işıq üzü gördü. Beləlikə dahi Zərdabi cəhalətlə mübarizənin yeni formasına başlayaraq ilkə imza atdı.......

 

Müəllif: Zərdab Rayon Dövlət Arxivinin müdiri Elyar Bağırov

Mənbə: press.az