“Heç ağlımıza belə gəlməyən şey başımıza gəldi” - Brilliant Dadaşova

“Heç ağlımıza belə gəlməyən şey başımıza gəldi”  - Brilliant Dadaşova

Son günlər şou-biznesin bəzi nümayəndələri karantin rejiminin uzadılmasına etiraz edərək, toyların yoxluğundan şikayətlənirlər. Maddi sıxıntılarının artdığını söyləyən sənətçilər, çətin vəziyyətdə olduqlarını bildirirlər. Bu isə sosial şəbəkələrdə birmənalı qarşılanmır. Sənət adamlarına qarşı ittihamlar yenidən alovlanıb.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Brilliant Dadaşova koronavirusun tək Azərbaycanda deyil, bütün dünyada mövcud olduğunu deyib:

“Hərə bir cür düşünür. Mən fikirləşirəm ki, ən əsası sağlamlıqdır. Əlbəttə, hamımız istəyirik ki, hər şey yaxşı olsun, karantin bitsin, xəstəlik olmasın. Amma sağlıq da önəmlidir. Ümumiyyətlə, bu proseslər bütün dünya üçün necə təzədirsə, mənim üçün də yenidir. Heç ağlıma gəlməyən bir şey idi. Hamımız istəyirik bu bəla dünyanı tərk etsin. Heç ağlımıza belə gəlməyən şey başımıza gəldi. Bunu kim istəyərdi ki? Nə ölkələr, nə ayrı-ayrı vətəndaşlar, nə də ölkəni idarə edənlər belə bir şey olmasını istəməzdi. Bəziləri deyir ki, qəsdən olunur, bu yalan söhbətdir, heç vaxt heç kim belə bir şeyi istəməz. Çünki xəstəlik balaca ailələrə zərər vurduğu kimi, böyük ölkələrə də böyük zərərlər vurur. Müğənnilər, tanınmış şəxslər karantinin əleyhinə danışırsa, haradasa onlar da haqlıdırlar, amma hesab edirəm ki, karantini tətbiq edənlər də haqlıdırlar. Çünki onlar da xəstəliyin yayılmasının qarşısını almaq istəyir. Onlar da yaşlı insanların, körpələrin ölümünü istəmir”.

Mənbə: yenisabah.az