"İmkanı olan da ağlayır, olmayan da"

"İmkanı olan da ağlayır, olmayan da"

Səkinə İsmayılova: "Əgər vətənimizi, torpağımızı, əzizlərimizi seviriksə, bu bəladan qurtulmaq üçün səbr etməliyik. Başqa yolu yoxdur"

"Pandemiya gəlib elə məcraya çıxıb ki, tanışlarda, qohumlarda da yoluxanlar olur. Ona görə də vəziyyətlə barışmalıyıq. Artıq söhbətlər lazım deyil"

Koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan xüsusi karantin rejiminin uzadılması hər kəsə fərqli təsir göstərib. Kimi işsizlikdən gileylənir, kimisi yay fəslində rahat istirahət edə bilməməkdən. Bir də müğənnilər var ki, onlar da işlərinin, yəni toyların yoxluğundan gileylənir. Xülasə, hamının dərdi özünə bəs edir. Amma unutduğumuz bir məsələ var. Axı karantin rejimi və bütün tədbirlər bizim sağlamlığımız üçündür... Hər biri bu bədnam infeksiyanın qarşısının alınması məqsədilə həyata keçirilir.

Belə olduğu halda etiraz etmək, qarşı çıxmaq nə dərəcədə düzgündür?

Məsələ ilə bağlı “Sherg.az”ın suallarını cavablandıran tanınmış muğam ifaçısı, Xalq artisti Səkinə İsmayılova söyləyib ki, koronavirus bəlası bütün dünyada yayılıb, ölkəmizdən də yan keçməyib:

“Şükürlər olsun ki, bizdə təcili addımlar atıldı, lazımi tədbirlər görüldü. Yenə də vəziyyət pis deyil. Başa düşmək lazımdır ki, müvəqqəti çətinlikdir, dözməliyik. Neyləməliyik ki? Bu gün dövlətimiz hər bir vətəndaşının yanındadır. Hamı üçün çətindir, amma daimi deyil.

Əgər vətənimizi, torpağımızı, əzizlərimizi seviriksə, bu bəladan qurtulmaq üçün səbr etməliyik. Başqa yolu yoxdur. Toy olsun deyəndə düşünməliyik ki, insanlar xəstələnə bilər. Yəqin ki, həkimlərimiz boş danışmır. Bilirlər nə tövsiyə edirlər.

Yoluxanlar var, görürük, bilirik. Bəlkə də əvvəllər çoxu inanmırdı. Sonradan gördülər ki, doğrudan da virus var. Pandemiya gəlib elə məcraya çıxıb ki, tanışlarda, qohumlarda da yoluxanlar olur. Ona görə də vəziyyətlə barışmalıyıq. Artıq söhbətlər lazım deyil”.

Sevilən sənətkar maddi cəhətdən sıxıntıları olan müğənnilərə gəlincə vəziyyətin çətinliyini, qazanc yolunun olmadığını başa düşdüyünü deyib: “Özüm də bir ailənin, nəslin başçısıyam.
Baxmayaraq ki, toylara getmirəm, çox pul qazanmamışam. Amma dövlətin, prezidentin verdiyi təaqüdüm var. Onunla da hazırkı günlərdə yaxınlarımda imkanı olmayanlara yardım edirəm.

Biz Azərbaycan xalqıyıq. Əslində bir-birimizə kömək etməliyik. Amma imkanı olan da ağlayır, olmayan da... Bu da düzgün deyil. İndi ancaq əl-ələ verməliyik. Yardıma ehtiyacı olanlara gücləri çatdığı qədər kömək eləsinlər. Müvəqqətidir, hər birimiz dözək. Dövlətimizin yanında olaq!

İnanın, Mehriban xanımın hər çıxışı bir qadın, ana olaraq məndən təsirsiz ötüşmür. O da birinci xanımımız kimi, ana kimi hamımızın sağlam olmağını, bu bəladan zərərsiz keçməyini istəyir”.

Mənbə: sherg.az