Britaniya “Yeni dalğa”sı: Proletariat ekranda...

Britaniya “Yeni dalğa”sı: Proletariat ekranda...

Məmməd Süleymanov

II Dünya Müharibəsindən sonrakı ilk illərdə Britaniya kinosunu böhran bürüyür. Bu, həm maliyyə, həm də yaradıcılıq böhranı idi. Kinostudiyalar və teatrlar ( o cümlədən, sənədli filmləri ilə məşhur olan Crown studiyası) bağlanır, Hollivud bir çox istedadlı rejissorları (məsələn, Kerol Rid və Maykl Pauelli) yüksək qonorar vəd edərək ABŞ-a çağırır, daxili bazarı Hollivud filmləri zəbt edir. Üstəlik, televiziyanın inkişafı kinoteatrları boşaldır. Müharibədən sonrakı sosial sarsıntılar sənətdə öz ifadəsini tapa bilmir.

Bunun nəticəsiydi ki, fransız "Yeni dalğa”sının məşhur nümayəndəsi Fransua Trüffo o dövrdə deyirdi: "Doğrudanmı "Britaniya” və "kino” anlayışları arasında uyğunsuzluq var?” Yaranmış şəraitdə maliyyəçilərin diqtəsini isə rejissor Penelopa Xyuston bu sözlərlə ifadə edəcəkdi: "Bizim kino dünyamızın başında mühasiblər dayanır”.

1950-ci illərdən başlayaraq Britaniya kinosunda güclənən böhranı çox vaxt "depressiv era”, "durğunluq dövrü”, filmləri isə keyfiyyətinə görə "eskapist, mühafizəkar, saxta” adlandırırlar. Belə bir dövrdə yaranmış vəziyyətə etiraz olaraq bir qrup gənc kino tənqidçisi aztirajlı "Sequence” jurnalının ətrafında birləşərək çıxış yolları arayır. Elə həmin gənclər də Britaniya "Yeni dalğa”sının yaradıcıları olurlar.

Siyasi ideologiyasını açıq bəyan etməyən bu şəxslər istisnasız olaraq Sol mövqedə dayanırdılar. Burada ilk növbədə jurnalın redaktoru Lindsey Andersonun (1923-1994), Karel Reyşin (1926-2002) və Toni Riçardsonun (1928-1991) adları çəkilməlidir.

Məsələn, 1963-cü ildə "Tom Cons” filminə görə "Oskar” alan Toni Riçardson məşhur aktrisa, trotskiçi Vanessa Redqreyvin həyat yoldaşı idi və 1966-cı ildə ən qiymətli Sovet agentlərindən biri sayılan Corc Bleykin Londondan Moskvaya qaçışını maliyyələşdirmişdi.

"Sequence” maliyyə çatışmazlığına görə bağlanandan sonra Britaniya kino institutunun tanınmış "Sight and Sound” jurnalı ilə əməkdaşlıq edən bu rejissorların qısametrajlı və sənədli filmlər çəmək sahəsində yetərincə təcrübəsi vardı və 1956-cı ildə onlar Kino institutunun nəzdində kommersiya perspektivi olmayan qısametrajlı filmlərini nümayiş etdirirlər. Bu tədbir "Azad kino” adlanırdı və xüsusi olaraq yazılmış Manifestlə müşayiət olunurdu.

"Azad kino”nun Manifestində onlar mövcud kino sənayesinə radikalcasına hücuma keçir, Amerika modeli ilə qurulmuş və əsas məqsədi kommersiya uğuru olan bu sənayeni amansız tənqidə tuturdular. Britaniyada kinonun nüfuzu o qədər aşağı düşmüşdü ki, Lindsey Andersonun fikrincə, onlar kinonun təkcə əyləncə və iqtisadiyyat faktoru yox, həm də incəsənət olduğunu sübut etmək məcburiyyətində qalmışdılar. Andersonun fikrincə, rejissor kino sənayesinin vinti olmaqdan yaxa qurtarmalı və yalnız filmin üslubu və janrı ilə maraqlanmalıdır. "Bizə o kino lazımdır ki, orada insanlara film çəkmək poema yazmaq və ya şəkil çəkmək qədər azad olsun” - Anderson 1948-ci ilin yazında yazırdı.

"Azad kino”nun ilk proqramının rezonans doğuracağını çoxları gözləmirdi: ölkədə bütün kino prokatı 2 şirkətin əlində cəmləşmişdi, mətbuatda tədbirin geniş işılandırılacağına şans az idi. Ancaq Manifestin emosional mətni, doqmalara qarşı radikal mövqe və epataj öz işini gördü - qəzetlər proqrama maraq göstərdi və bunun sayəsində "Azad kino”da toplaşan rejissorların qısametrajlı filmləri tamaşaçı uğuru qazandı.

Sonrakı 3 ildə daha 5 proqram təşkil olundu. Bununla da fransız "Yeni dalğa”sına uyğun olaraq Britaniya "Yeni dalğa”sı adlanacaq cərəyan həyata vəsiqə aldı.

Təqdim olunan qısametrajlı filmlərin uğurunun səbəbi nədə idi? İlk növbədə sosial realizmdə: əsas qəhrəmanlar aşağı sosial siniflərin adamları, süjet xətti isə onların gündəlik həyatı idi. Sosial tematika və istənilən süjetin müəlliflər tərəfindən hətta epataj həddinə qədər ictimai əxlaq doqmalarına uyğun gəlməyən nəzər bucağından nəqli auditoriyada gözlənilməzlik effekti yaratdı. Orta statistik britaniyalı ekranda özünü gördü.

Yeni rejissorlar hansı kinonu "Azad” sayırdı? Əvvəla, film kino sənayesinin çərçivələrindən kənarda, kassaya və gəlirə baxmadan, "sponsor”un tələblərinə məhəl qoymadan çəkilməlidir. Bu filmlər ya rejissorların özləri tərəfindən, ya da Britaniya kino institutunun fondundan maliyyələşirdi. Kino institutunun maliyyəsi isə olduqca məhduddu və rejissorlara ən çoxu bir neçə yüz funt qrant ayıra bilirdi. Çəkiliş qrupunun əməyi pulla qiymətləndirilmirdi (Əksər filmlərin operatoru sonralar məşhurlaşacaq Uolter Lassalli idi).

Və ikincisi, filmlərin mövzuları və qəhrəmanları tamamilə yeni idi...

***

Britaniya kinosundakı "Yeni dalğa”nın təşəkkülü zaman baxımından analoji meyllərin bədii ədəbiyyat və dramaturgiyada inkişafı ilə üst-üstə düşür. Bu, yeni cərəyan üçün çox uğurlu təsadüfdü, çünki, bədii material sarıdan rejissorlar çətinlik çəkməyəcəkdilər.

Söhbət həmin illərdə ədəbiyyatda "Hirslənmiş gənc adamlar” (Angry young man) cərəyanının inkişafından gedir. "Hirslənmişlər”in nümayəndələri sinfi maneələri, ictimai həyatın bütün sahələrini nəzarətdə saxlayan və fəhlə sinfini köləyə çevirmək üçün qəsdən kütləşdirən isteblişmenti qamçılayırdılar.

Bu ideologiyanın əsas nümayəndəsi Con Osborn (1929-1994), onun proqram əsəri isə "Qəzəblə dönüb bax” pyesi idi. Pyesdə univestitet təhsili alsa da, xırda alverlə məşğul olmağa məcbur olan Cimmi Porterin ailə dramı əksini tapır və baş verən münaqişələrdə Potterin məişət etirazlarının kökündə əslində sinfi mübarizənin yaratdığı problemlərin dayandığı vurğulanır. Bir sözlə, ailə dramındakı münaqişələr əslində kapitalizmə qarşı etirazın sublimasiyasıdır.

"Hirslənmişlər”ə Osborndan başqa, Kinqsli Ellis, Con Ueyn kimi tanınmış yazıçılar aid idi. Onların kitabları bestsellerə çevrilir və teatrlarda tamaşaya qoyularaq böyük şöhrət qazanırdı. Məsələn, Osbornun "Qəzəblə dönüb bax” pyesinin tamaşası barədə teatr tənqidçiləri yazırdı: əsərdə o qədər sərhədsiz hisslər və dərin sinfi nifrət var ki, ingilis teatrının kursunu dəyişməyə nail olub.

Bu yazıçıların ideyalarını ekrana köçürmək Osborn və Riçardsonun birgə "Woodfall” müstəqil studiyasını yaratmaqlarından sonra mümkün olur. İlk çəkilən film də təsadüfi deyil ki, "Qəzəblə geriyə dön” (1959) adlanırdı.

Bu filmi Britaniya "Yeni dalğa”sının ilk tammetrajlı filmi sayırlar, ancaq eyni ideyaları əks etdirən ilk film qəribə də olsa bu cərəyana məxsus olmayan və qarşısına mövcud ictimai sistemə meydan oxumaq iddiası qoymayan rejissor - Cek Kleyton çəkmişdi. "Qəzəblə geriyə dön”ün təqdimatından (1959-cu ilin mayı) 3 ay əvvəl ekranlara çıxan "Yuxarıya aparan yol” filmi başqa bir "Hirslənmiş” yazıçının - Con Breynin eyniadlı romanı əsasında çəkilmişdi. Filmdə aşkarca "Yeni dalğa”nın motivləri vardı: əsas qəhrəman fəhlə mühitindəndi, sosial istismarla barışmayaraq qiyam edirdi, sənaye şəhəri bütün eybəcərlikləri ilə təsvir olunurdu, qəhrəmanların nitqi kobud və "təmizlənməmiş”di, açıq yataq səhnələri vardı. Bir sözlə, film Britaniya üçün hər cəhətdən atipik və yeni idi.

***

Həm "hirslənmiş”lərin, həm də "Yeni dalğa” kinematoqrafçılarının əsas diqqət obyekti 1950-ci illərin əvvəllərində leyboristlərin Britaniyasında sürətlə sosial təsir gücü toplayan və iqtisadi müstəqillik əldə etməyə can atan fəhlə sinfi idi. Əvvəllər fəhlələr filmlərdə ya komik personaj kimi istismar olunur, ya da məişət dramlarında mərkəzi rollarda göstərilirdisə, "Yeni dalğa”nın filmlərində onların istismara, kapitalizmə qarşı etirazı, sinfi mübarizə mərkəzi süjetə çevrilirdi.

Əgər fransız "Yeni dalğa”sında realistik analiz sinifsiz elementlər və marginalların timsalında aparılırdısa (Məsələn: Qodarın "Sonuncu nəfəsdə”sində baş qəhrəman qanqstedir, "Öz ömrünü yaşa”da fahişədir, Şabrolun "Yaraşıqlı Serj”ində sadə əyalət adamıdır), Britaniya "Yeni dalğa”sında ekrana işçi sinfi çıxır.

İlk filmlərdə proletariatla orta sinif qarşı-qarşıya qoyulurdusa, sonrakı filmlərdə artıq eyni sosial qrupun daxilindəki münaqişə və ziddiyyətlər təsvir olunurdu. Münaqişə artıq az təminatlı və ixtisaslaşmamış proletarilərlə "fəhlə aristokratiyası” arasında gedirdi (Reyşin "Şənbə günü axşam, bazar günü səhər”, yaxud Con Şlezingerin "Yalançı Billi” filmi).

***

"Yeni dalğa”nın ömrü qısa oldu. O, öz populyarlığının qurbanına çevrildi. Sosial realizm çox yaxşı satıldığından, iri studiyalar onun motivlərini tirajlamağa başladılar.

Başqa səbəb də var - seyrçilər sosial reallığın qaranlığından doyub yenidən yüngül, əyləncəli filmlər tələb etməyə başladılar. Odur ki, artıq 1960-cı illərin ortalarını bu cərəyanın süqutu illəri saymaq olar. "Yeni dalğa”nın yaradıcı irsi cəmisi 20-25 filmdən ibarətdir, ancaq o filmlər hələ də diqqətlə tədqiq olunur.

Sonralar Karel Reyş deyəcəkdi: "Havadakı xüsusi enerji yoxa çıxdı. Daha barışmaz Qiyama ehtiyac qalmadı”. Tənqidçi Filip Frenç isə 1966-cı ildə yazmışdı: "Böyük ehtimalla, bu gün rejissor diqqətini Cimmi Porterin sözlərinə yox, onun qadınının ütülədiyi köynəklərə yönəldir”.

Ancaq "Yeni dalğa”nın gətirdiyi "sosial realizm” yoxa çıxmadı, sadəcə televiziya ekranlarına köçdü. Üstəlik, Britaniya "Yeni dalğa”sının yaş çərçivələrini konkret müəyyənləşdirmək olmaz. Məsələn, günümüzün məşhur rejissoru, "Torpaq və Azadlıq”, "Karlanın nəğmələri”, "Çörək və qızılgül”, "11 sentyabr” kimi filmlərin yaradıcısı Ken Louçu da "Yeni dalğa”ya aid edirlər. "Proletar əxlaqının tərənnümçüsü” adlandırılan Louçun tetçerizmi ifşa edən "Bu azad dünya” filmini isə "sosial kinonun intibahı” sayırlar...

 

Mənbə: qaynarinfo.az