Abayın “Qara söz”ü...

Abayın “Qara söz”ü...

Bu gün türk dünyasının böyük mütəfəkkiri Abayın 175 yaşı tamam olur. Modern.az saytı Abayın “Qara söz”ünü təqdim edir.
QIRX İKİNCİ SÖZ
İnsanın pis yola düşməyinin əsas səbəbi işsizlikdən başlayar. Əgər torpaqla əlləşsə və ya ticarətlə məşğul olasa, pis iş görməyə, yamanlıq etməyə vaxtı qalarmı? O auldan bu aula, birindən at soruşub, birindən bir qarın yemək alıb, tüfeyli və müftəxor həyat keçirib, bir yerdən başqa yerə söz aparıb, söz gətirib, qeybət edən, hiyləgərlik və tülkülüklə insanları bir-birinə saldıran, kimsəyə yararı toxunmayan adama nə deyəsən?

Öz zəhməti sayəsində, halal əməklələ var-dövlət qazanan əsl kişi, belə adamların hərəkətini özünə sığışdırmaz. Zəhmətkeş, əməksevər adam öz işini buraxıb, qapı-qapı gəzməz. Öz təsərrüfatında mal-heyvanı çobanlara, uşaq-muşağa tapşırıb, Tanrının ona verdiyi ruzini az sayaraq, başqa yerdə yeni əyləncələr axtaran, ora-bura gəzən kişi də bir ev sahibi ola bilməz. Onun qazandığı var-dövlət elə etibar etdikləri tərəfindən dağıdılar, oğurlanar, qarğa-quzğuna nəsib olar ya da boranda-qarda məhv olar. O, bu itkiyə də dözəcək, lakin pis işlər görən, kiminsə evini yıxmaq üçün bir araya toplanan, gizli qərarlar verən adamların yanında olmaqdan zövq alacaq...
Belə düşünəcək ki, onların yanında olmaq toplumda görünməkdir. Əlinə bir az mal-dövlət yığan kimi, elə bilir ki, daha əli hər yerə çata bilər, evini-eşiyini, təsərrüfatını yad adamların öhdəsinə buraxıb, “Sən bunlara bax, üstündə göz ol!” əmrini verib, özü şadyanalıq etməyə, avaralanmağa, müftəxorluq edənlərlə gün keçirməyə gedəcək. İndiki adamların dərin ağlı, qazandıqları mal-dövlət, varidat ilə də öyünməli bir işləri yoxdur. Şikayət yazmaq istəyənə bir mirzəlik etmək, kimisə aldadıb, barmağına dolamaq üçün dərin ağıl lazım deyil, lakin onlar üçün bütün bunları əxz etmək və sərgiləmək şöhrət sayılır...

Bəzən bu əməllərdən başı çıxan adamı məclisdə yuxarı başda otuzdurub, ən yağlı əti onun qabağına qoyur, ən yaxşı atı ona verirlər. Bəzən belə fırıldaqçılar, varlı adamları hədəf götürüb, “Siz təki məndən nəsə istəyin, uğrunuzda özümü oda ataram”, - deyərək bir bəyi inandırıb, onun etibarını qazana bilir. Və bu hiyləgərcəsinə deyilmiş söz bəs edir ki, həmin müftəxor barmağını barmağına vurmadan, ən yaxşı atı minib, ən böyük hörmətə sahib olsun. Bu fırıldaqları edən o zəngin, özünün öz çıxarının da hesabını bilmir. “Bunu necə edim?”, - deyib, birinə ağıl öyrətmək istəsə, o, öncə özündən ağıllı birini tapıb, gizlində onun fikirlərini öyrənəcək, sonra isə ondan məsləhət istəyənin yanında özünü ağıllı göstərirmiş kimi, verdiyi sualın cavabında: “Aman Allah, siz bunu bulmirdiniz məgər? Yəni siz belə sadə bir məsələnin çıxış yolunu tapa bilmirdiniz? Oraya bunu qoy, buraya onu qoy, bu işi belə görsən olmazmı?”, - deyib, min bir hiylə və əda ilə qarşısındakı adamın etibarını qazanar, onlarda inam yaratmaq üçün bir-birindən dəhşətli yalanlar danışar, insanları bir-birinə salışdırmaqdan belə çəkinməz. Ağıllı adamlar bu əldəqayırma inteligentin sözlərinə uymaz, ondan üz çevirib gedər. Bu mənzərədən də istifadə edən, deklamasiya danışan həmin adam: “Gördünüzmü? Mən sizə demişdim, ona etibar etməyin”, - deyib, insanları özünə ram edib, inandırmağı bacarır.

İndi bir baxın, görün, indiki insanlar öz vaxtlarını və güclərini necə ucuz işlərə xərcləyir. Görün bir necə yaşayırlar?!

1898.


Tərcümə etdi: Aida Eyvazlı Göytürk

Mənbə: modern.az