Fellininin filmlərində çəkilən 100 yaşlı aktrisa vəfat edib

Fellininin filmlərində çəkilən 100 yaşlı aktrisa vəfat edib

Məşhur italyan aktrisası Franka Valeri vəfat edib.

Open.az xəbər verir ki, ötən gün 100 yaşında dünyasını dəyişən aktrisanın iyulun 31-də yubileyi olub.

Romadakı evində vəfat edən məşhur aktrisanın əsl adı Franka Mariya Norsadır. Əslən yəhudi olan aktrisa, Milanda anadan olub. Müharibə illərində yəhudi soyadı ilə repsessiyadan xilas olmaq üçün, anasının yaxın rəfiqəsi Franka Mariya Norsanın sənədlərini dəyişdirir.

İlk dəfə 1947-ci ildə professional səhnəyə qədəm qoyan Franka Valerinin debütü, dünya şöhrətli kinorejissor Federiko Fellininin 1950-ci ildə çəkdiyi "Luci del varietà" filmində olub.

 

İtaliyanın məşhur aktyorları Toto, Alberto Sordi ilə tərəf müqabili olan mərhum aktrisa, 1970-ci ildən sonra teleseriallar üçün ssenarilər yazmağa və seriallarda çəkilməyə başlayıb.

2000-ci illərin əvvəlinə qədər teleseriallarda çəkilən Franka Valeri, Kinematoqrafiya tarixinə verdiyi töhfələrə görə 2020-ci ildə İtaliyanın Milli Kino Mükafatı "David di Donatello" ilə təltif edilib.

Son illər parkinson xəstəliyindən əziyyət çəkən aktrisa, sənətlə dolu uzun və mənalı ömür yaşayıb.

Ülviyyə Həsənqızı

 

 

 

 

Mənbə: open.az