Dedi-qodu

Dedi-qodu

Sosial şəbəkələrdə bir video paylaşılıb. Videoda dənizdə boğulan bir qadının yerdə cansız halda uzadıldığı görünür. Başqa bir qadın əlləriylə cansız qadının sinəsinə basaraq, onu diriltməyə çalışır, ağlayaraq fəryad qoparır, anasını köməyə çağırır. Amma olan olub, keçən keçib, öləni bir də geri qaytarmaq mümkün olmayacaq, ətrafdakı adamlar başlarını aşağı salıb, dinməzcə dayanıblar.

Yerdə cansız halda uzadılan qadın sən demə, hamilə imiş və dənizdə əri tərəfindən boğularaq öldürülübmüş! Onu həyata qaytarmaq istəyənin fəryadını, ümidsizcə yardım dilədiyini görəndə, ürəyin parçalanır. Di gəl, videonun altındakı qəddar şərhləri oxuyanda, qanın damarlarında donur, “Doğrudanmı bu insanlarda ürək yoxdur?” deyə düşünməyə bilmirsən: biri yazır, hamilə qadının dənizdə nə işi vardı, getməyərdi, boğulmayardı! O biri yazır, bu qadınların yiyəsi yoxdur, yaxşı qadın dənizə getməz! Digəri də yazır, yəqin, nəsə eləyib ki, əri öldürüb də!

Əgər bu cür şərhlərdən tək-tük olsaydı, məhəl qoymadan, ötüb keçə bilərdin, amma çoxdur belə şərhlər, məhəl qoyacaq qədər çox. Və üstəlik, bu ilk belə hal deyil. Polis övladlarının gözü qarşısında atanı qanunsuz şəkildə və zorakılıqla çılpaq halda evindən götürüb apardı, yazdılar ki, yaxşı olub, polisə qarşı çıxanın axırı belə də olmalıydı! Gözümçıxdıya salınan qızcığaz özünü məktəbin pəncərəsindən atıb intihar etdi, dedilər, yəqin, nəsə edibmiş ki, gözümçıxdıya salınıb da! İstanbulda terrorçuların əyləncə məkanını partlatması nəticəsində onlarla gənc qanına qəltan oldu, bəziləri çıxıb bəyan etdilər ki, yaxşı olub, əyləncə məkanına gedən adamın axırı belə də olmalı idi!

Hər dəfə belə şərhləri görəndə, mənsub olduğun cəmiyyətin gələcəyi barədə ümidsizliyə qapılmaya bilmirsən. Necə olub ki, balaca bir ölkədə qəlbiqaralıq, ağzıqaralıq bu qədər geniş vüsət alıb? Özünə heç bir mənəvi filter qoymadan, tanımadığın adamlara aşkarca şər-böhtan atmaq, şübhə toxumları, dedi-qodu yaymaq, qeybət etmək necə belə asan başa gəlir, heyrətlənməyə bilmirsən!

Bizdə aşkar şər-böhtan, iftira və dedi-qodu uzun müddət dövlətin monopoliyasında olub. Yadınızda olar, “Lider” telekanalına bir vaxtlar “Porno TV” deyilirdi: hökumət öz siyasi opponentlərinin gizli kamerayla çəkdiyi məhrəm görüntülərini adətən “Lider”də yayımladığına görə, telekanala belə bir ad verilmişdi. Sonra sosial şəbəkələr ortaya çıxdı, hər kəsin özünü ifadə etmək imkanı yarandı, nəticə isə bugünkü mənzərədir: hamilə bir qadın yerdə cansız halda uzanıb, yaxını fəryad edir, qəlbiqara insanlar isə kənardan sinizm dolu şərhlər verirlər…

Yaxşı tanımadığın adamlar haqqında qarayaxmanın, dedi-qodunun belə geniş vüsət almasının qarşısını idealda ya dini-əxlaqi normalar almalı idi, ya da sekulyar təhsil-tərbiyə. Bizdə hər iki institut işlək olmadığına görə, şər-böhtan, iftira və dedi-qodu televiziya kanallarından canlı yayımlana bilir, sosial şəbəkədə hesabı olan da heç bir koqnitiv-dissonans keçirmədən, ürəyi istəyən kimi ağzıqaralıq edir. Üstəlik də dedi-qoduya, qarayaxmaya əsas verən səbəblər kimi dini təmayüllü qaydalar göstərilir. Halbuki İslamda qeybət ən ağır günahlardan biri hesab edilir, “Quran”da dedi-qodu öz qardaşının ətini yeməyə bənzədilib: “Ey iman gətirənlər! Çox zənnə–gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi günahdır. Bir-birinizin sirrini arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar. Allahdan qorxun…” (əl-Hucrat, 12)

Qeybət barədə məşhur bir hədis də var. Rəvayətə görə Məhəmməd peyğəmbər səhabələrinə belə bir sual verib: “Qeybət nədir, bilirsinizmi?”Səhabələr cavab verdi: “Ən yaxşısını Allah və Rəsulu bilər.” Peyğəmbər dedi: “Qardaşınızın xoşuna gəlməyəcəyi bir şeyi başqalarına söyləməkdir.” Səhabələrdən biri sual etdi: “Əgər söylədiklərim onda varsa necə?” Peyğəmbər “Əgər söylədiklərin onda varsa, qeybət etmiş olursan, əgər yoxdursa, onda ona iftira etmiş olursan” cavabını verdi.”

Dini təmayüllü sitatlar gətirirəm, amma mən sekulyar bir insan kimi təbii ki, əxlaqi prinsiplərimizin sekulyar təhsil və tərbiyə ilə formalaşmalı olduğu fikrindəyəm. Təəssüf ki, ölkədə hələ də kütlələrə mədəni-mənəvi prinsipləri aşılayacaq sekulyar təhsil və tərbiyə oturuşmayıb. Sovet dövründə spiritual institutların sıradan çıxarılması və əvəzində mədəni-mənəvi prinsiplərin institusional şəkildə formalaşmaması bugünkü zəhərli mühitin meydana çıxmasına gətirib çıxarıb. İndi kütlələrə mədəni-mənəvi filterlər qoyası nə təhsil institutu var, nə də ki, spiritual institutlar. Beləcə, ağıllısı da, dəlisi də çox rahatlıqla ağzıqaralıq edə bilir. Düşünürəm ki, hərdən kütlələrə çox inandıqları İslam dinində şər-böhtanın, iftiranın və dedi-qodunun günah sayıldığını xatırlatmağın bəlkə cüzi də olsa, faydası ola bilər…

Sonuncu nümunəni də dini bir əhvalatdan gətirmək istəyirəm, amma bu dəfə xristianlıqdan.

Con Patrik Şenlinin rejissoru olduğu, baş rollarında Seymur Hoffman, Meril Strip və Emi Adamsın oynadığı “Şübhə” (“Doubt”) adlı şedevr bir film var. Yüksək sənətkarlıqla çəkilən və xüsusilə Seymur Hoffmanın yüksək sənətkarlıqla rol oynadığı filmdə dedi-qodu ilə bağlı çox vurucu bir epizod var: rahib rolunu oynayan Seymur Hoffman kilsədəki bir ayin zamanı dinləyicilərinə qeybətlə bağlı belə bir nitq deyir:

“Bir qadın rəfiqəsi ilə birgə çox az tanıdığı bir adam haqqında dedi-qodu edirmiş… Qadın o gecə bir yuxu görür. Üzərində nəhəng bir əl peyda olur və barmağıyla onu nişan göstərir. Qadın qəfildən böyük bir günah hissinə qapılır. Növbəti gün günahını etiraf etmək üçün kilsəyə yollanır. Kilsədə qoca bir rahib varıymış, Ata Orurk. Qadın ona hər şeyi danışır. “Qeybət günahdırmı?” – deyə qoca rahibdən soruşur: “Məni barmağıyla nişan göstərən yoxsa ulu Tanrınınmı əliydi? Ata, deyin, bağışlanmaq üçün yalvarmalıyammı? Səhvmi etmişəm?”

“Bəli!” – deyə cavab verir Ata Orurk: “Bəli, cahil, ədəbsiz qadın! Qonşunun əleyhinə yalançı şahidlik eləmisən! Onun nüfuzuna xələl gətirmisən! Və buna görə, mütləq utanmalısan!”

Qadın məyus olduğunu deyir və bağışlanmasını istəyir.

“Belə tez yox!” – deyə Ata Orurk cavab verir: “Səndən evə getməyini istəyirəm. Evdən bir yastıq götürüb dama çıx və onu bıçaqla yırt. Sonra da mənim yanıma qayıt.”

Qadın evə gedir. Yataqdan bir yastıq, dolabdan bir bıçaq götürür. Yanğın nərdivanı ilə dama qalxır və yastığı yırtır. Sonra da ona deyildiyi kimi rahibin yanına qayıdır.

“Yastığı bıçaqla yırtdınmı?” – deyə Ata soruşur.

– Bəli, Ata.

– Nəticəsi nə oldu bəs?

“Lələklər…” – deyə qadın cavab verir: “Lələklər… Hər yanda lələklər uçuşurdu, Ata…”

“İndi səndən geriyə qayıtmağı və küləyin uçurduğu bütün lələkləri bir-bir toplamağı tələb edirəm!”

“Amma… – qadın deyir: Bunu eləyə bilmərəm. Hara uçub getdiklərini bilmirəm. Külək onları hər yana yayıb.”

“Söhbət də bundan gedir! – deyə Ata cavab verir: Dedi-qodu elə budur!”

İndi Azərbaycanda da siyasi, ictimai, mədəni sferadan tutmuş, sosial şəbəkələrə, mətbuat və məişət sferasına qədər vəziyyət belədir: göydə saysız-hesabsız lələklər uçuşur, göz-gözü görmür, lələkləri toplamaq isə qeyri-mümkündür.

Mənbə: azlogos.eu