Şəhid gizir Babək Abidov haqqında sənədli film çəkilir

Şəhid gizir Babək Abidov haqqında sənədli film çəkilir

Şabran, 13 avqust, Elxan Yusifli, AZƏRTAC

2016-cı il Aprel döyüşlərində qəhrəmancasına şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin giziri Babək Abidovun həyat və döyüş yolundan bəhs edən sənədli film çəkilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sənədli filmin çəkilişləri şəhidin doğulub boya-başa çatdığı Şabran rayonunun Zeyvə kəndində həyata keçirilir. Filmdə şəhidin ailə üzvləri, dostları, döyüş yoldaşları onunla bağlı xatirələrini bölüşür.

“Aprel Qəhrəmanı” adlı 30 dəqiqəlik ekran işinin “ARB Media Qrup”a daxil olan “ARB Günəş” televiziyasında yayımlanması nəzərdə tutulub.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə köməyi ilə “Regional Medianın İnkişafına Yardım” İctimai Birliyinin “Aprel döyüşlərində şəhid olan Babək Abidovun xatirəsinə dair tədbirlərin təşkili” layihəsi çərçivəsində ərsəyə gələcək filmin sentyabr ayının sonunda tamaşaçılara təqdim olunması nəzərdə tutulub.

Filmin rejissoru Dəyanət Rzayev, prodüseri Vəli Turan, ssenari müəllifi Coşqun Beydullayev, quruluşçu operatorları Rizvan Hacıyev və Mais Allahverdiyevdir.

Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində cəbhədə gedən döyüşlərdə şəhid olan Babək Abidov ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medala layiq görülüb.

Mənbə: azertag.az