Polad generalımıza: ““Polad Həşimov xatirələrdə” çap olunacaq !”

Polad generalımıza: ““Polad Həşimov xatirələrdə” çap olunacaq !”

“Kitabda təkcə xatirələr yox, həm də müsahibələr toplanıb”

“Hətta Müdafiə Nazirliyi Polad bəyin hərbi xasiyyatnaməsini və fotolarını Verdi”

Tovuz döyüşlərinin əsas qəhrəmanlarından biri-general-mayor Polad Həşimovun şəhid olmasından bir ay ötür. Fəqət yenə onun haqqında danışılır, yazılır. “Qanun” nəşriyyatından sonra “Hədəf” nəşrlər evi şəhidimiz haqqında kitab çıxarmağı qərara alıb. Bu barədə “Hədəf” Şirkətlər Qrupunun təsisçisi Şəmil Sadiq məlumat verib. Bildirilib ki, “Polad Həşimov xatirələrdə” adlı kitab artıq çap prosesindədir və gələn həftə oxuculara təqdim ediləcək.

Təşəbbüs barədə “Sherg.az”a danışan naşir bunu mənəvi borc hesab etdiyini deyib:

“Əlbəttə, hərbçilərimizin, o cümlədən Polad bəy kimi generalımızın şəhid olması hər birimizə təsir etdi. Onların hamısı bizə əzizdir. Amma rütbə də öz sözünü deyir. Polad Həşimovun Azərbaycan hərb tarixində xüsusi rolu var. Odur ki, vətəndaşlıq borcumu yerinə yetirmək üçün əlimdən gələni etməyi qərara aldım. İndiyə kimi “Xatirə ədəbiyyatı” silsiləsindən 51 kitab buraxmışıq.

 

 

Həmin nəşr məhsulları Hüseyn Cavid, Cəfər Cabbarlı kimi dahilər haqqındadır. Polad Həşimov barədə xatirələrin toplusu isə bu silsilənin 52-ci nümunəsi oldu. Hər kəs bacardığı qədər kömək göstərdi. Hətta firmalardan biri kağız yardımı etdi. 50-si fotolardan ibarət olan 256 səhifəlik kitabda təkcə xatirələr yox, həm də müsahibələr toplanıb.

Hətta Müdafiə Nazirliyinə rəsmi məktub yazdım. Sağ olsunlar, köməkliklər göstərdilər, Polad bəyin hərbi xasiyyatnaməsini, fotolarını verdilər. Kitab səmimi ifadələrlə doludur. İnanıram ki, oxucular da bəyənəcək”.

Ş.Sadiq, həmçinin bildirib ki, kitab pulsuz paylanacaq:


“Generalımızın 40 mərasiminə kitabın nəşrini çatdırmağı arzu edirəm. Məncə, alınacaq. İki min tiraj nəzərdə tutmuşuq. Nazirliklərin kitabxanalarına təqdim edəcəyik. Həmçinin 50 nüsxəsini mətbu orqanlar üçün nəzərdə tutmuşam. Kitab mağazalarına da veriləcək, kim istəsə, pulsuz götürə bilər”.

Mənbə: sherg.az