Məşhur aktyor bəyan etdi: “Sovremennik” Teatrı “ölüb”

Məşhur aktyor bəyan etdi: “Sovremennik” Teatrı “ölüb”

Rusiyanın Əməkdar artisti, Gürcüstan və Çuvaşiyanın Xalq artisti, tanınmış teatr və kino aktyoru Stanislav Sadalski bəyan edib ki, Qalina Volçekin vəfatından sonra “Sovremennik” Teatrı da "ölüb".

Open.az xəbər verir ki, aktyor hazırki rəhbərliklə fəaliyyət göstərən “Sovremennik”i “ölü” Teatr adlandırıb.

“Teatr- İnsan kimidir. Doğulur, yaşayır və ölür. “Sovremennik” Teatrı da Qalina Borisovnanın vəfatı ilə ömrünü başa vurdu. Mən, gələcəkdə bu teatrın aqibətinin necə olacağını bilmirəm. Bəlkə daha da yaxşı olacaq... bəlkə də çox pis olacaq... Bunu demək çətindir” deyən Stanislav Sadalski hazırki “Sovremennik”də Qalina Volçekə tay ola biləcək liderin olmadığından şikayətlənib və son zamanlar teatrın daxilində baş verən çəkişmələri də məhz buna bağlayıb.

S.Sadalski “Sovremennik” Teatrının hazırki durumu ilə bağlı söylədiyi fikirləri ilə, bir müddət əvvəl teatrdan gedən Xalq artisti Sergey Qarmaşın mövqeyini müdafiə edib.

Xatırladaq ki, Rusiyanın Xalq artisti Sergey Qarmaş bir müddət əvvəl “Sovremennik”in truppasını qalmaqallı şəkildə tərk edib. Daha sonra açıq məktubla fikirlərini ictimaiyyətə bəyan edən S.Qarmaş bildirib ki, Qalina Volçekin vəfatından sonra Teatra təyin edilən yeni Bədii rəhbər-Viktor Rıjakov, “Sovremennik”i “yeni dəbli məkana” çevirmək istəyir. Q.Volçekin bütün arzuları, vəsiyyəti, qoyub getdiyi mirasa xələl gətirildiyini deyən Sergey Qarmaş, bundan sonra belə teatrda fəaliyyət göstərməyin mənasız olduğunu deyib.

Qeyd edək ki, “Sovremennik”in keçmiş Bədii rəhbəri 86 yaşlı Qalina Volçek, 2019-cu il dekabrın 26-da vəfat edib.

Ülviyyə Həsənqızı

Mənbə: open.az