Bəhram Bağırzadə canlı yayımda: Nələr dedi...

Bəhram Bağırzadə canlı yayımda: Nələr dedi...

Koronavirusa inanmayanlar cahildirlər, savadsızdırlar. Ola bilər kimsə müəyyən səbəbə görə inanmır. Amma kütlə formasında götürəndə, deməli, bu insanlar bağçaya getməyib, məktəbdə oxumayıb, ali təhsil almayıb və yaxud Quranın heç olmasa 5 surəsini oxumayıblar. Onlar Allahın da qanunlarından uzaqdırlar.

Kult.az xəbər verir ki, bunu “Planet Parni iz Baku” KVN teatrının İnstaqramda yayımlanan "2+1=4" layihəsində qonaq olan əməkdar artist Bəhram Bağırzadə deyib.

"Əgər sən dövlətinin qanunlarına əməl etmirsənsə, deməli, Allahı da tanımırsan və yaxud da Allahı tanımırsansa, dövlətinin də qanunlarına riayət etmirsən. Özü virusa inanmaya bilər, amma qaydalara riayət etməsə, sabah ailə üzvlərini də yoxuldura və faciələrə səbəb ola bilər.TƏBİB-in sədri Ramil Bayramlıya təklif edəcəm ki, inanmayan insanları maska taxaraq koronaviruslu xəstələrin müalicə aldığı xəstəxanaları gəzdirsinlər. Baxsınlar ki, insanların burnundan və digər yerlərindən necə qan gəlir, necə boğulurlar və s. Bəlkə bundan sonra Allah qorxusu yaranar və qəbul edilən qərarlara inanarlar. 20 gün komada, 26 gün reanimasiyada olmuşam. Mən yay fəsilinin yarısını xəstəxanada keçirmişəm və hansı əzab-əziyyəti çəkmişəm, Allah bilir. Mənə bəziləri deyir Bəhram şou göstərir, bağda dincəlir və koronanı reklam edir. Lakin bu gün mən rahat danışıram. İki həftə əvvəl belə danışa bilməzdim", - Bağırzadə bildirib.

Əməkdar artist komada olan zaman keçirdiyi hisslərdən də bəhs edib:

"Komanın təsiri hələ indiyə kimi qalıb. Bu xəstəlik doğurdan da var. Bəziləri bunu yüngül keçirir. Mənim qohumlarımdan 5-6 nəfər yoluxdu və 2 həftəyə sağaldı. Ən ağır məndə oldu və yeganə azərbaycanlıyam ki, ölkədə EKMO apartını birinci dəfə mənə tətbiq etdilər. Həqiqətən çətin idi. Ayılandan sonra nə həyat yoldaşının, nə də övladlarının simasını yada salmaq olur. Komada olduğum müddətdə filmlər görürdüm. Özü də rəngli. Ən pisi komadan ayıldıqdan sonradır. 4-5 gün çətin olur, insan çox sentimental, kövrək olur. Anlamırsan ki, bunlar kimdir, mən haradayam.

Xəstəxanaya çatdırılanda huşumu itirmişdim".

Mənbə: axar.az