"Dedi ki, sağalmış ayağını gətir, bir də gətirsən, bir cib fındıq gətirərsən...”

"Dedi ki, sağalmış ayağını gətir, bir də gətirsən, bir cib fındıq gətirərsən...”

Moderator.az şəhid generel-mayor Polad Həşimovla bağlı əsgəri Roman Bədəlovun xatirəsini təqdim edir:

- Mən Qəbələ şəhər Vəndam qəsəbəsindənəm. 1986-cı ildə doğulsam da, hərbi xidmətə 2006-cı ildə getmişəm və N saylı hərbi hissədə xidmətdə olmuşam. Cənab Generalımız, əziz bildiyimiz, hər zaman hörmətini saxladığım-Polad Həşimov bir gün məni otağına çağırdı və özüm haqda, kim olduğum, Vəndamda kimlərdən olduğum barədə soruşdu. Hamısını danışdım və içimdə sevindim ki, gənc əsgərəm, hərbidə “daydayım” olacaq, heç kim mənə heç nə edə bilməyəcək. Bu, beynimdə öz-özümə qurduğum fikirlər idi. Amma tam tərsi oldu. Əziz qardaşım, gözəl insan olan POLAD HƏŞİMOV mənə ilk öncə qürurlu olmağı və hamı kimi xidmət etməyi tapşırdı:

“Heç vaxt kəndçin kimi arxayın olma, mən heç bir əsgəri digərindən irəli çəkmirəm, hamı mənim üçün eynidi”-dedi.

Xülasə 9 ayın əsgəri oldum və necə lazımdı xidmət edirdim, heç kimdən qulluqda geri qalmırdım. Bir gün ayağımı “botinka” yaman döymüşdü, axsayırdım, təsadüfən onunla rastlaşdım. “Niyə axsayırsan, Bədələov?”-deyərək ciddi-ciddi soruşdu. İlk öncə çəkindim və zəhmindən dilim dolaşa-dolaşa “ayağımı “botinka” döyüb, komandir, dedim. Üzümə baxdı, “vəndamlılar sözümlü olur, heç nə olmaz”-deyərək gülümsəyib getdi. Mən də heç nə demədən batalyona, öz bölüyümüzə gəldim. Axşamüstü saat 17:00 radələrində mənə xəbər verdilər ki, səni ştaba çağırırlar və özüm də bilmədən, həm də qorxaraq getdim ki, görəsən nə olub. O vaxtlar atam xəstə idi, elə bildim atama nəsə olub. Ştaba gəlib və dedilər HƏŞİMOV səni çağırır, qapısını döydüm və içəri daxil oldum.

-Keç əyləş, Bədəlov.

-Baş üstdə komandir, deyib əyləşdim. Mənə məzuniyyət vərəqəsi uzatdı və dedi “get evinizə, ayağın sağalanda gələrsən”.

Düzdü, sevinirdim, amma sevinməyimə baxmayaraq utanırdım, çünki o mənə dözümlü ol və kişi kimi əsgərlik et demişdi. Məzuniyyət vərəqəsini alıb çıxanda dedim ki, komandir, sizə kənddən nə gətirib? Üzümə baxım gülümsədi və dedi ki, “sağalmış ayağını gətir, başqa heç nə lazım deyil, bir də gətirsən, bir cib fındıq gətirərsən”.

Allahdan cənab generalımıza, onun simasında bütün şəhidlərimizə rəhmət diləyirəm. Yazdıqca kövrəlirəm və öz-özlüyümdə qürur duyuram ki, mənim vətənim, elim-obam belə cəsur igid yetişdirib.

Mənbə: "Polad Generalımız" kitabı

Mənbə: moderator.az