Nigeriyada azərbaycanlı sənətçilərin iştirak ilə canlı konsert proqramı təqdim olunub

Nigeriyada azərbaycanlı sənətçilərin iştirak ilə canlı konsert proqramı təqdim olunub

Bakı, 15 avqust, AZƏRTAC

Nigeriyanın tanınmış sopranosu Ranti, istedadlı azərbaycanlı sənətçilər Vüsalə Yusif (fortepiano), Şəbnəm Şıxəliyevanın (kanon) müşayiət və solo ifaları ilə rasizm və müharibəyə qarşı #bizsülhüdəstəkləyirik şüarı altında “Musiqi körpüsü” adlı canlı konsert proqramı təqdim edilib.

AZƏRTAC xəbər verir ki, konsert Nigeriyada fəaliyyət göstərən Azərbaycanın Dostları Təşkilatının təşəbbüsü və dəstəyi ilə həyata keçirilib.

Təşkilatın rəhbəri Nigeriyada yaşayan soydaşımız Billurə Bayramova–Bernard konsert zamanı Azərbaycanın dahi bəstəkarları Tofiq Quliyev, Rauf Hacıyev, Oqtay Kazımi, Nigeriya bəstəkarları və dünya bəstəkarlarının əsərlərinə müraciət edildiyini bildirib: “Əsas məqsədimiz musiqi, mədəniyyət vasitəsilə dünyaya sülh mesajı vermək və sülhün, bərabərliyin, humanizmin bəşəriyyət üçün önəmli olduğunu çatdırmaqdan ibarətdir”.

Konsert canlı olaraq Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və “Azeri Home Chef”in “Facebook” səhifələri üzərindən yayımlanıb.

 

Mənbə: azertag.az