Onlayn konsert verən məşhurlar: Hansı kanaldan istifadə etdilər? - BİZİM ARAŞDIRMA

Onlayn konsert verən məşhurlar: Hansı kanaldan istifadə etdilər? - BİZİM ARAŞDIRMA

Yeni növ koronavirus bütün dünyada sərt qaydalar tətbiq olunmağına səbəb olub. Belə ki, insanların kütləvi toplaşacağı hər yer fəaliyyətini dayandırıb.

Artıq 6 aydır demək olar ki, ölkə ərazisində kütləvi məclislərin təşkili qadağan edilib. Konsert proqramları, teatrlar, tamaşalar, sirklərin fəaliyyəti də qeyri-müəyyən tarix üçün dayandırılıb. İnsanların asudə vaxtlarında üz tutduğu, ruhunu qidalandırdığı bu yerlərin fəaliyyətinin dayandırılması psixoloji gərginliyə səbəb olub.

Bütün bunları nəzərə alan - teatr rəhbərləri, aktyorlar, müğənnilər, konsert proqramlarının təşkili üzrə mütəxəssislər sərt karantin rejimində insanlara müəyyən imkanlar daxilində evdən xidmət göstərməyə çalışıblar.

Teatrların, tamaşaların onlayn şəkildə davam etdirildiyi demək olar ki, hər kəsə məlumdur.

Maraqlıdır, sərt karantin rejimi ərəfəsində hansı müğənnilər onlayn konsert veriblər? Bu proses necə baş verib?

Cebhe.info mövzu ilə bağlı araşdırmanı təqdim edir.

Öncəliklə qeyd edək ki, sərt karantin rejiminin tətbiq edildiyi ilk aylarda silsilə konsertlər təşkil olunub.

Azərbaycan Diasporuna Dəstək Fondu COVID-19 pandemiyası səbəbindən dünyada karantin rejiminin tətbiq olunduğu zamanda xaricdə yaşayan azərbaycanlıların asudə vaxtlarının səmərəli təşkilinə kömək etmək məqsədilə silsilə konsert proqramlarının təşkil ediblər.

Belə ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlı musiqiçilərin konsert proqramları Fondun facebook sosial şəbəkə səhifəsi (https://www.facebook.com/AzDiasporaFund/) üzərindən canlı yayımlayıblar.

İlk konsert proqramı bəstəkar, pianoçu, dirijor, beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadə və həyat yoldaşı, Vyana Konservatoriyasının məzunu Karen Danger-Manafzadə aprelin 11-də Bakı vaxtı ilə saat 22:00-da çıxış ediblər.

Prezident təqaüdçüsü olan Ağarəhim Quliyev isə aprelin 13-ü saat 18:00-da Paris şəhərindən konsert proqramı ilə çıxış edib. Fransanın Ecole Normale de Musique de Paris-Alfred-Cortot ali məktəbinin tələbəsi olan A.Quliyev fleytada ifa edib.

Azərbaycanın Xalq Artisti Eyyub Yaqubov #bizbirlikdegüclüyük #evdeqal həştəqləri ilə onlayn konsert verib. Eyyub Yaqubov pianino müşayiəti altında özünün ən sevimli mahnılarını oxuyub. 13.000-dən çox abunəçisi olan "YouTube" kanalındakı konsertin baxış sayı 3.000-dən çox olub.

2019-cu ildə "Eurovision" mahnı müsabiqəsində Azərbaycanı təmsil edən müğənni Çingiz Mustafayev də sərt karantin rejimində dinləyicilərinə onlayn konsert verib. Müğənni konsertini "Instagram" sosial media hesabından canlı olaraq yayımlayıb.

Karantində canlı konsert verən Azərbaycanlı məşhurlardan biri də Emindir. O, “OK.RU” platforması üzərindən öz canlı konsertini paylaşıb. Pulsuz olan konsertə baxış sayı bir neçə gündə 810.000-dən çox olub.

O, konsertdən öncəki paylaşımında qeyd etmişdi ki, boş studiyada konsert vermək mənim üçün ilk təcrübə olacaq.

Ukraynanın müğənnisi, "Eurovision 2016" mahnı müsabiqəsinin qalibi Camala da onlayn konsert verən müğənnilərdən olub. O, videoları "Facebook" sosial şəbəkəsindən hissə-hissə paylaşıb. Təkcə 2 dəqiqəlik mahnıya baxış sayı 600.000 olub.

Türkiyəli məşhur müğənni Cem Adrian da dinləyicilərini karantin dövründə onlayn konsertləri ilə sevindirib. Müğənni canlı konsert edəcəyini anonsunu "Twitter" sosial media hesabından paylaşıb. Təkcə "YouTube" sosial şəbəkə hesabından olan bir konsertin baxış sayı 805.000-dən çox olub.

Amerikanın Soul musiqiçisi Con Legend də #togetherathome həştəqi ilə canlı konsertini paylaşıb. 12.3 milyon abunəçisi olan müğənninin konsertinə 3 milyondan çox baxış sayı gəlib.

Semra Ələkbərli
Cebhe.info

Mənbə: cebhe.info