Mollalar terror törətmiş Yasini nədən “Səhər” telekanalına çıxardı?

Mollalar terror törətmiş Yasini nədən “Səhər” telekanalına çıxardı?<span class="qirmizi"></span>

İran mollaları Tehranda Azərbaycan səfirliyinə silahlı hucuma nə qədər “məişət” donu geyindirməyə çalışsalar da, əmmamələrinin və ya çadralarının “altından” görünənlər onu təsdiq edir ki, bu qanlı olay məhz onların özləri tərəfindən təşkil edilmiş terror hadisəsidir. Olayın gedişatına diqqət edəndə burada xeyli sualdolu detallar üzə çıxır.

Baxın, hadisə baş verəndən dərhal sonra Tehranın polis rəisi insindentin guya “məişət zəminində” olduğu ehtimalını irəli sürdü. Onun ardınca isə İran XİN rəhbəri Hüseyn Əmir Abdullahianın “hücum edən şəxs İran polisi tərəfindən dərhal ələ keçirilib və onun dindirilməsi dünən günortadan davam edir”, deməsi, onun olayla bağlı ilk yalanını üzə çıxardı. Öncə onu deyək ki, Azərbaycan səfirliyinə hücum edən və qətl törədən Yasin Hüseynzadəni İran polisi deyil, məhz səfirlik nümayəndəsi tərksilah edib. Digər tərəfdən maraqlıdır, Tehran polisi hansı sürətlə istintaq-əməliyyat tədbiri gördü ki, olayın “məişət zəminində” baş verdiyini dərhal əldə etdi?

Abdullahian bildirir ki, “əməliyyat metodu, təhlükəsizlik qüvvələrinin və polisin fikrincə, bunun qəsdən törədilmiş terror aktı olmadığını, şəxsi səbəblərdən atılan addım olduğunu ortaya qoyur”. Yaxşı, o zaman olayın terror aktı olmadığını və şəxsi səbəblərdən atılan addım olduğunu incələyək.

Əgər bu gün İranda molla rejiminə qarşı mübarizə aparan vətəndaşlar hər addımbaşı qurulmuş postlarda tumanlarının altınadək ciddi şəkildə yoxlanılırlarsa, hər tərəfdə mitinqçilərdən daha çox polis görünürsə, onda Yasin Hüseynzadə öz maşınında hazır vəziyyədə olan avtomatla Azərbaycan səfirliyinə necə gəlib çata bildi?! Bundan əlavə, səfirlik qarşısında “keşik” çəkən silahlı polis nədən əli avtomatlı Yasinə müqavimət belə göstərməyə cəhd etmədi? Axı, ən azı arxadan da olsa, ona ayağından atəş aça bilərdi... Görünür Tehran polis rəisi həmin “keşikçiyə” plan üzrə susub yerində oturmaq tapşırığını əvvəlcən veribmiş.

İran mollalarının planlı şəkildə həyata keçirdikləri bu terror aktını gizlətmək üçün digər bir oyunu isə, Yasin Hüseynzadəni olaydan dərhal sonra Azərbaycana qarşı antitəbliğat aparmaqda məşhur olan İranın “Səhər” telekanalına bir növ hadisənin “şahidi” qismində müsahibəsini təşkil etməsi diqqətdən kənarda qalmamalıdır.

Maraqlıdır, niyə məhz “Səhər” telekanalı və hazırda İrandakı mövcud siyasi çaxnaşma şəraitində - sərbəst toplaşmaq hüququndan, söz haqqından istifadə edərək meydanlarda etiraz səsini ucaldanları güllələyən, dar ağacından asan mollalar nədən belə bir qanlı terror aktı həyata keçirmiş şəxsə əli-qolu açıq şəkildə efirdə müsahibə verməsinə şərait yaratdı?! Əlbəttə, cavab gün kimi aydındır. Göründüyü kimi terror aktı yerində ifşa olundu və bu o deməkdir ki, molla rejiminin çirkin planı qismən həyata keçsə də, nəticə olaraq müsbət sonluqla tamamlanmadı. Terrorçunun İranın digər telekanallarında deyil, məhz “Səhər”də efirə çıxarılmasına gəlincə isə, bu, adı çəkilən telekanalın seyricilərinin daha çox Qüzeyli-Güneyli azərbaycanlılar olduğundan, mollalar belə güman ediblər ki, xəbərin yalan olmasına baxmayaraq insanlar psixoloji baxımdan ilk informasiyaya inanmış olacaqlar. Bundan başqa, terrorçunu efirə çıxaranlar onu heç də “efir ulduzu” etmək üçün deyil, məhz bu olayı planlaşdıranları məlumatlandırmaq məqsədilə etdilər ki, Azərbaycana cavab verməkdə diqqətli olub, verəcəkləri bəyanatda və ya ifadələrdə bir-birini inkar etmədən Yasin deyən sözlərə “amin” desinlər.

Bu arada, jurnalistika nəzəriyyəsini nəzərə alsaq, Kütləvi informasiya vasitələrinin missiyası ölkədə və dünyada baş verən hər hansı bir hadisə, o cümlədən terror təhlükəsi, terror və ekstremist təşkilatların fəaliyyəti ilə bağlı məlumatların yayılmasıdır. Ancaq, ekstremist və ya terror fəaliyyətində təqsirləndirilən şəxslərə kütləvi informasiya vasitələrində özləri çıxış etmək, tərəfdarlarının və potensial qurbanların auditoriyasına birbaşa müraciət etmək imkanının verilməsi bu təhlükənin aradan qaldırılmasına xidmət etmir. Əksinə, radikal fikirlərin tərəfdarları bundan mənəvi dəstək alır, insanlar arasında qorxu və çaxnaşma yayılır ki, bu da terrorçuların əsas məqsədlərindən biridir. Bu halda media azadlığının məhdudlaşdırılmasına icazə verilir.

Terrorçular haqqında mətbuatda, televiziyada, internetdə heç bir nəşrə yol verilmir. Çünki terrorçuların gücü məhz qorxudur ki, onlar bu şər əməllə birlikdə böyüyür və möhkəmlənirlər. Molla rejimi beynəlxalq qanunlara məhəl qoymasa da, Vətəndaş və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 12-ci maddəsinin 2-ci bəndində məlumatların yayılması azadlığının müəyyən məhdudiyyətlərinin tətbiqi mümkündür. Bu, müəyyən şəxslərin hüquqlarına və nüfuzuna hörmət etmək, dövlət təhlükəsizliyinin, ictimai qaydanın, əhalinin sağlamlığının və ya əxlaqının qorunması üçün qəbul edilir. Belə məhdudiyyətlərin siyahısı İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndində yer alıb.

Sözsüz ki, İran mollalarının tarixboyu Azərbaycana qarşı məkrli niyyətdə olmaları təkzibedilməz faktlarla öz təsdiqini çoxdan tapıb. Bunun səbəbi barədə nəinki Azərbaycan özü, hətta bütün dünya bilir. Bu üzdən mollalar özlərinin təşkil etdikləri terror aktına nə qədər “məişət” donu geyindirməyə çalışsalar, o qədər də onların əmmamələri və çarşabları açılıb ayaqlar altına düşəcək.

Mübariz Azərbaycanlı

Mənbə: moderator.az