İslam Əməkdaşlığı Təşkilatının Gənclər Forumu Azərbaycana dəstək üçün çağırış edib

İslam Əməkdaşlığı Təşkilatının Gənclər Forumu Azərbaycana dəstək üçün çağırış edib<span class="qirmizi"></span>

İslam Əməkdaşlığı Təşkilatının Gənclər Forumunun (İƏGF) İdarə Heyəti yanvarın 27-də İstanbulda keçirilmiş iclasında Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi məlum qərəzli qətnaməni kəskin şəkildə qınamaqla yanaşı, Senatın bu hərəkətini son iki əsrdə müsəlmanlara qarşı yürüdülən islamafobik siyasətin növbəti təzahürü kimi qiymətləndirib.

İƏGF-nin katibliyindən AZƏRTAC-a verilən məlumata görə, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına yönələn istənilən addımı, xüsusi ilə Azərbaycan Hökumətinin bu istiqamətdəki cəhdlərini alqışlayan İƏGF İdarə Heyəti Fransa Senatını birtərəfli, ədalətsiz və qərəzli qərarını dərhal geri çəkməyi tələb edib.

İƏGF İdarə Heyəti, eyni zamanda, Qarabağ iqtisadi rayonunda təbii sərvətlərin Ermənistan və Qarabağdakı cinayətkar ünsürlər tərəfindən qeyri-qanuni istismarını kəskin şəkildə qınayıb, bu barədə İƏT Baş katibi və İƏGF sədrinin müvafiq bəyanatlarını alqışlamaqla, bu qeyri-qanuni fəaliyyətin dayandırılmasını tələb edərək, azərbaycanlı ekoaktivistlər və QHT-lərin Laçın-Xankəndi yolunda dinc nümayişlər keçirməsini dəstəkləyib. Ermənistanın bu əməlinin həm Azərbaycan-Ermənistan-Rusiya üçtərəfli Bəyanatına, həm də İƏT qərarlarına zidd olduğunu ifadə edən İdarə Heyəti İƏGF-yə üzv təşkilatları azərbaycanlı gənclərin bu etiraz aksiyalarını müxtəlif sosial media resurslarında istifadə etməklə dəstəkləməyə çağırıb.

Sabir Şahtaxtı

Mənbə: azertag.az