Niderlandda ümumölkə karantini tətbiq olundu - Daha bir epidemiya həyəcanı

Niderlandda ümumölkə karantini tətbiq olundu - Daha bir epidemiya həyəcanı

Avropada və ABŞ-də quş qripi (H5N1) epidemiya kəskinləşməkdə davam edir. Niderland hökuməti son günlərdə qeydə alınan yoluxma hallarından sonra ölkə miqyasında fermerlərə quşların qapalı məkanlarda saxlanılmasını tapşırıb.

“Qafqazinfo” xəbər verir ki, Niderlandın Kənd Təsərrüfatı naziri Silvio Erkens xəstəliyin yayılma riskinin yüksək olduğunu bəyan edərək, həm fermerləri, həm də təsərrüfatları qorumaq məqsədilə ümumölkə karantin tələbinin tətbiq edildiyini bildirib.

Qərara əsasən, ölkədəki bütün ev quşları qapalı və ya qorunan ərazilərdə saxlanılmalıdır.

Analoji vəziyyət okeanın o tayında da müşahidə olunur. ABŞ-nin İllinoys ştatındakı “Rose Acre Farms” müəssisəsində quş qripi alovlanıb. Təkcə bu fermada 934 mindən çox toyuq yoluxub və virusun qarşısını almaq üçün təxminən 1 milyon quş məhv edilib. Bu, hazırda ABŞ-də qeydə alınan ən iri aktiv epidemiya ocağı sayılır.

Qeyd edək ki, 2022-ci ilin fevralından bəri ABŞ-də quş qripi səbəbindən 210 milyondan çox quş tələf olub və ya məhv edilib. Bildirilir ki, köçəri quşların miqrasiyası ilə yayılan bu virus tədarük zəncirini pozaraq yaxın zamanlarda yumurta və quş ətinin qiymətində kəskin artıma gətirib çıxara bilər.

Mənbə: qafqazinfo.az