Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimlinin APA-ya müsahibəsi
- Azad həkim, son illər açıqlanan elmi, statistik məlumatlara, mütəxəssislərin fikirlərinə əsasən, Azərbaycanda bədxassəli şişlərin geniş yayıldığı, onkoloji xəstələrin sayının artdığı müşahidə edilir. Burada daha çox nəyin payı var - genetika, qidalanma, ətraf mühit amilləri, yoxsa...?
- Yalnız onkoloji deyil, bütün xəstəliklərdə artım müşahidə edilir. Bu cür statistik göstəricilərdən danışarkən həmişə demoqrafik vəziyyətə nəzər salmaq lazımdır. Statistik göstəricilərdə xəstəliklərin artması əhalinin sayının artımı ilə bağlıdır. Digər səbəblərə gəlincə, bildirim ki, hələ dünyada onkoloji xəstəliklərin əmələgəlmə səbəbi tam məlum deyil. Amma bu o demək deyil ki, bu xəstəliyin müalicəsi yoxdur, bununla mübarizə aparmaq olmaz və s. Bu, təbiətin xəstəliyidir, bununla bütün canlı orqanizmlər xəstələnmə qabiliyyətinə malikdir.
Bədxassəli törəmələrə heyvanat, bitki aləmində də təsadüf olunur. İnsanlar arasında daha çox rast gəlinməsi isə insanların sayının çoxluğu və şüurlu canlı olması ilə bağlıdır. Qeyd etdiyiniz faktorlar ki var – ekoloji, qidalanma və s. bunları da yaradan insandır. Ona görə də deyirik ki, insanlar arasında bu xəstəliyə daha çox rast gəlinir.
Demoqrafik vəziyyəti nəzərə almaqla müqayisə etdiyimizdə görürük ki, qonşu ölkələrlə nisbətdə bizdə onkoloji xəstələrin sayı çox azdır. Azərbaycanda onkoloji xəstəlikdən qeydiyyatda olanların sayı 2019-cu ildə 52 718 nəfər, 2020-ci ildə 54 403 nəfər, 2021-ci ildə 58 948 nəfər, 2022-ci ildə isə 62 385 nəfər olub. 10 milyon 300 min əhali üçün 62 min onkoloji xəstənin olmasını çox hesab etmək düzgün olmaz. Bu rəqəm azdır, sadəcə əhali arasında bu xəstəliyə qarşı ciddi qorxu var.
Poliklinikanın qəbul şöbəsində hər gün çox sayda adam olur. Müşahidə edərkən bu çoxluq insanı qorxuda bilər, lakin oradakıların hamısı onkoloji xəstə deyil, bir-iki nəfər xəstədir. Sadəcə bir nəfərin yanında 3-4 nəfər gəlir və kənardan baxan da deyir ki, onkoloji xəstə sayı çoxdur.
2022-ci il üçün rəsmi qeydiyyatda olan 62 385 nəfərdən 22 349 nəfəri 5 il və 5 ildən yuxarı onkoloji xəstəliklə yaşayanlardır. Bunlar arasında 18, 25, 35 il yaşayanlar da var. Bu adamlardan kimsə infarkt, insult da keçirə, avtomobil qəzasında da həlak ola bilər. Lakin özüm də müşahidə edirəm ki, onkoloji xəstəlik diaqnozu qoyulmuş şəxs başqa səbəbdən də vəfat etsə, onkoloji xəstə olmağı önə çıxarılır. Bu da qorxu yaradır. Onkoloji xəstəlik də digərləri kimi, müalicə oluna bilən xəstəlikdir, sadəcə vaxtında aşkarlamaq lazımdır ki, bununla mübarizə aparmaq asan olsun. Yerləşdiyi anatomik nahiyədən asılı olmayaraq, ilkin mərhələlərdə bu xəstəlik sağalma imkanına malikdir. Lakin xəstə 3-4-cü mərhələdə, fəsadlar vermiş, digər orqanları zədələmiş halda, ağır vəziyyətdə gələndə kömək etmək bir qədər çətin olur. Bu çətinliyi də xəstə özü yaradır.
- Həkim, bəs, xəstələr niyə gec müraciət edirlər?
- Çünki maarifləndirmə zəifdir. Bu gün əsas təbliğat vasitəsi televiziyadır. Amma efirə baxanda elə təəssürat yaranır ki, Azərbaycanda müğənnilərdən başqa iş fəaliyyəti ilə məşğul olan yoxdur. Müğənnilər üçün təntənəli ad günləri keçirdikləri bəsdir! Mən demirəm, televiziya kanallarında təkcə onkoloji xəstəliklərdən söz açılsın. Xeyr, həmçinin kardioloji, nevroloji problemlərdən, uşaq xəstəlikləri, hamiləliyin aparılmasından və s. danışılsın. Məgər Azərbaycan Respublikasında professor-həkim, professor-kimyagər, professor-dilçi, ədəbiyyatçı yoxdur? Onları efirə çıxartsınlar, təbliğ etsinlər. Axı onların gördüyü iş, cəmiyyətə verdikləri fayda daha çoxdur. Mən incəsənət nümayəndələrini pisləmirəm, incəsənətimizə böyük hörmətim var. Amma bu dərəcədə müğənnilərin təbliği ilə məşğul olmaq olmaz.
- Efirdə tibbi verilişlərin də sayı az deyil...
- Tibbi verilişlər daha çox özəl kanallarda yayımlanır. Həmin kanallarda da “Azərbaycanda nömrə 1 həkim” adlandırılanlar var. İndi bunu aparıcı deyir, bəs, həmin həkim özü ona dərs deyən professordan utanmır?! O professor ki ultrasəs, kompüter tomoqrafiya, MRT və s. müayinə üsulu olmadan xəstəyə 100% diaqnoz qoyur. İllərini tibb sahəsinə həsr etmiş həkimlə, bir neçə ilin həkiminin təcrübəsi eyni deyil.
Həkimlik elə sahədir ki, gərək ömür boyu oxuya, daim təkmilləşəsən. Bir müalicə üsuluna söykənib onunla davam etmək düzgün deyil. Dərmanlar da, müalicə və müayinə üsulları da daim inkişaf edir, müsbətə doğru dəyişir. Bir neçə illik təcrübəsi ilə efirə çıxanların çoxu xəstə yığmağa çalışır.
- Həkim, təbliğatdan danışdıq, dediniz ki, bu istiqamətdə görülən işlər qaneedici deyil. Yaxşı bəs, təbliğat hansı formada aparılmalıdır?
- Bilirsiniz, hər şeyi onkoloqun üstünə atmaq düzgün deyil. Onkoloq həkimin müalicəsi son mərhələdir. Biz institutda təhsil alarkən təkcə öz ixtisasımıza aid olan fənləri deyil, eyni zamanda, digərlərini də oxuyurduq. Mən demirəm ki, onkoloq kardiologiyanı da dərindən bilsin. Doğrudur, bilməyində eyib yoxdur, amma bir həkimin ürək xəstəliklərindən kifayət qədər məlumatlı olmamağı nöqsandır. Həkim öz ixtisasına aid xəstəliklərlə yanaşı, digər xəstəliklərdən də məlumatlı olmalı, psixologiyanı bilməlidir. Xəstə ilə danışmalı, onun qorxularını azaltmağı, sağalacağına inandırmağı bacarmalıdır. Hazırda poliklinikalarda fəaliyyət göstərən həkimlərin də onkoloji xəstəliklərdən anlayışları olmalı, xəstəni profilaktik olaraq yoxlamalıdırlar. Lakin görürük ki, xəstə müraciət edir, həkim müalicə yazır, xəstə sağalmır, digər həkimə müraciət edir, o zaman da effekt görmür və beləcə həkimləri dəyişə-dəyişə qalır. Belə olduğu halda da onkoloqa gəlib çatanda gecikmiş olur. Buna görə birinci ağır xəstəliyi inkar etmək lazımdır ki, digərləri olsa, rahat müalicə edəsən. Yəni maarifləndirmə dedikdə burada təkcə əhali nəzərdə tutulmur. Tibb işçiləri də maarifləndirilməlidir.
- Azad həkim, kiminsə nəslində yaxın keçmişdə xərçəngdən vəfat edən olursa, həmin nəsildə bir qorxu yaranır ki, onların genetikası bu xəstəliyə meyillidir. Bu xəstəlikdə genetikanın rolu nə qədərdir?
- Əvvəla, onu qeyd edim ki, genetika həddindən artıq maraqlı, eyni zamanda, ağır elmdir. Bu elmi öyrənmək və onunla məşğul olmaq üçün yaxşı laboratoriyan olmalıdır.
Xəstələr arasında yaxın qohumlarında xərçəng xəstəliyinə təsadüf edilənlərlə yanaşı, edilməyənlər də olur. Bu zaman da genetik laboratoriyanı işə salıb molekulyar səviyyədə araşdırma edə bilsək, məlum olar ki, ola bilsin, bir neçə nəsil əvvəl hansısa qohumunda xərçəng xəstəliyi olub. Bu gün Milli Onkologiya Mərkəzində bütün laboratoriya üsulları mövcuddur. Allah ümummilli lider Heydər Əliyevə rəhmət eləsin! O hələ Azərbaycanda Mərkəzi Komitənin birinci katibi olanda onkoloji mərkəz tikdirmək istəyirdi. Bu işi başlatsa da, yarımçıq qalmışdı. Sağ olsun Prezident İlham Əliyev bu işi davam etdirdi, bu gördüyünüz şəhərciyi saldı. İndi mərkəzimizin imkanları olduqca genişdir. Bizim genetik laboratoriyamız da var.
Bir qadın burada müayinə edildi və məlum oldu ki, onun genetik olaraq xərçəng olma ehtimalı var. Xanım daha sonra İsraildə, Türkiyədə də müayinə olundu. Əldə olunan nəticələr bizimki ilə eyni idi. Bunun üçün də qeyd etdiyim kimi, həm laboratoriya lazımdır, həm də insanların maariflənməsi ki, vaxtında müayinə olunsunlar, bunun heç bir ziyanı yoxdur.
- Həkim, yeri gəlmişkən, onkoloji xəstəliklə bağlı müayinədən keçməklə bağlı da insanlarda xof var. Mən hansısa aparatda müayinə olunduqdan sonra bu xəstəliyə tutulacağından qorxan insanların olduğunu da müşahidə etmişəm.
- Bu gün xərçəngin aşkarlanmasında əvvəlki illərə nisbətdə olduqca irəliləyiş var. Ona görə ki, çox sayda gənc insan profilaktika üçün müayinə olunur. Maarifləndirməni artırmaq lazımdır ki, insanlar vaxtında tibbi müayinəyə gəlsinlər, belə qorxular yaşamasınlar.
Sizdən bir qədər əvvəl 95 yaşlı bir xanımı yola saldım. Həmin xanımın 70-ci illərdə 8 illik fasilə ilə süd vəzilərini götürüblər. Lakin bu gün sapsağlamdır. Ona görə ki, həmin xanıma desək, sabah saat 2-də müayinəyə gələrsən, o saat 1 olmamış burada olur. Yəni bu insan öz sağlamlığına qarşı laqeyd deyil. İbn Sinaya sual veriblər ki, ən ağır xəstəlik hansıdır? Deyib ki, öz sağlamlığına laqeyd qalmaq.
- Adətən deyilir ki, bədxassəli şişlər cavanlar arasında daha çox yayılır, eləcə də cavan orqanizmlərdə daha sürətlə inkişaf edir, nəinki yaşlı şəxslərdə. Bu fikirdə həqiqət payı var?
- Xeyr, bütün yaş qrupları arasında bu xəstəliyə rast gəlinsə də, ən çox 50 yaşdan yuxarı şəxslər arasında müşahidə edilir.
- Statistik məlumatlara və təcrübəyə əsasən, daha çox hansı şişlərə təsadüf edildiyini demək olar?
- Bütün dünyada onkoloji xəstəliklərin əmələgəlmə tezlikləri eynidir. Məsələn, qadınlar arasında süd vəzisinin və uşaqlıq boynunun, kişilər arasında ağciyər, prostat vəzisinin xərçənginə daha çox təsadüf olunur. Bu həm bizdə, həm digər ölkələrdə belədir.
- Həkim, süd vəzisi xərçəngi diaqnozu qoyulduqdan sonra cərrahi müdaxilə hansı halda şərt hesab edilir?
- Buna ancaq tibbi göstəriş olduğu halda icazə verilir. Biz bu gün Amerika, Avropa protokolları ilə işləyirik və onlardan kənara çıxmırıq. Bu zaman mütləq birinci, şişin ölçüsü, histoloji müayinə nəticəsi nəzərə alınır və bundan sonra müalicəyə başlanılır. Bəzən olur ki, əməliyyat öncəsi 6-7 kurs kimyaterapiya aparırıq və bundan sonra xəstə təkrar müayinə edilir. Bu zaman xəstənin vəziyyəti cərrahi əməliyyata imkan verirsə, əməliyyat edilir. Bəzən də xəstə əməliyyat olunur, bundan sonra şüa terapiyası, daha sonra kimyaterapiya aparılır. Onkologiyada müalicə kombinə olunmuş və kompleks formada aparılır. Kompleks müalicədə son sadaladığımın hamısı var.
Bizdə çox sayda orqan saxlayıcı əməliyyatlar aparılır. Bunun üçün xaricə getməyə ehtiyac yoxdur. Qeyd etdiyimiz kimi, bununla bağlı qərar protokola uyğun verilir. Təcrübəmizdə olub ki, süd vəzisinin kəsilməsinə göstəriş olan xəstəmiz bununla razılaşmayıb və İrana gedib. Orada törəməni götürüb kimyaterapiya ediblər. Qadın Azərbaycana dönəndə artıq gec olub.
- Həkim, yeri gəlmişkən, müşahidələr göstərir ki, bəzi hallarda bədxassəli şişdən əziyyət çəkən xəstə ömrünün son günlərinə qədər kimyaterapiya alır. Bu nə ilə bağlıdır: Xəstənin ümidini itirməməyinə və müalicəsini davam etdirmə istəyinə həkimin hörməti, yoxsa...?
- Biz çox sayda xəstəni kimyaterapiya ilə geri qaytarmışıq. Burada 15 gün, bir ay aparatda qalan xəstələrimiz olub ki, onlar sağalıblar. Yəni sona qədər mübarizə aparmaq lazımdır. Təəssüf ki, uğurlu nəticələr barədə çox danışılmır, kimlərsə də uğursuz nəticələri əlində bayraq edirlər, onları müalicəyə razı salmaq olmur. Hansı ki o önə çıxarılan ölüm halları daha çox 4-cü mərhələdə gələn xəstələrimizdə olur.
- Müalicədən imtina edən xəstələriniz çox olur?
- Bəli, belə xəstələrə də təsadüf edilir.
- Nəyi əsas gətirib müalicədən yayınırlar?
- Xərçəngə yoluxduğunu öyrənənlərin bəzisi ümidsiz olur. Kimsə ağırlaşmış halda gəlib, müalicə üçün gecikibsə, elə bilirlər, müalicə onlarda da effekt verməyəcək. Lakin belə deyil. Qeyd etdiyim kimi, günlərlə mərkəzdə ağır vəziyyətdə yatıb sağalan xəstələrimiz də olub.
- Həkim, ölkəmizdə onkoloji xəstəlikdən əziyyət çəkən uşaqlarla bağlı vəziyyəti necə dəyərləndirirsiniz?
- 2012-ci ilə qədər ölkəmizdə uşaq onkologiyası olmayıb. Həmin dövrə qədər imkanı olan uşağını xaricə aparıb, olmayanlar da yarı düz, yarı səhv burada müalicə etdiriblər. Çünki bu vaxta qədər uşaq onkologiyası ilə məşğul olan kadr da yox idi. 2012-ci ildə Mehriban xanım Əliyevanın iştirakı ilə buranın açılışı olana qədər direktorumuz akademik Cəmil Əliyev kadrlar hazırlamışdı. Mərkəz istifadəyə veriləndə uşaq onkoloqlarımız var idi. Bu gün uşaq onkologiyasının rəhbərliyi tərəfindən kadrlar hazırlanır.
Onkoloji xəstəliklərə böyüklərə nisbətən uşaqlar arasında az təsadüf edilir. Uşaqlarda təsadüf edilən embrional şişlər olur ki, onlar da vaxtında aşkarlandığı halda yüz faiz sağalan olur.
- Həkim, böyüklərdən danışarkən dediniz ki, gecikmiş halda müraciət edənlər çox olur. Uşaqlarla bağlı bu məsələdə vəziyyət necədir?
- Uşaqlarda bu cür hallar çox az olur. Lakin yenə də məsələ gəlir maarifləndirmədə dayanır. Ona görə deyirəm ki, bu məsələdə maarifləndirmə çox önəmlidir. Pediatrlar da bilgili olmalıdırlar. Nəyə fikir verməli olduqlarını, uşaqların şikayətlərinin sonuna qədər getməyi, səbəbi ortalığa çıxartmağı bacarmalıdırlar.
- Estetik əməliyyatlar, xüsusilə də mədə kiçiltmə əməliyyatı xərçəngə səbəb olurmu?
- Xeyr, xərçəng xəstəliyini bununla əlaqələndirmək doğru deyil.
- Həkim, ölkəmizdə onkoloq sayını yetərli qədər hesab etmək olarmı?
- Onkologiya çətin sahədir. Vaxtı ilə bu sahədə olan və olmaq istəyən çox az adam var idi. Akademik Cəmil Əliyevin sayəsində bu sahədə müəyyən bir həkim ordusu yaranıb.
Bu sahənin terapiyası da, cərrahiyyəsi də çox çətindir. Özüm də bir müddət cərrah kimi işləmişəm. Adi əməliyyat vaxtı kiçik bir qanaxma olanda adam həyəcandan o dünyanı görüb qayıdır. Axı əlinin altındakı canlı insandır. Özü də onkologiyanın cərrahiyyəsi olduqca mürəkkəbdir. Digər cərrahiyyələrdə normal anatomiyaya müdaxilə edirsənsə, onkoloji cərrahiyyədə patoloji anatomiyaya müdaxilə etməli olursan. Ola bilir ki, şiş başqa orqanlara sirayət etmiş olur, hansısa damarın üstündə ola bilər və s. Bu baxımdan çətin işdir.
- Onkoloji xəstələr üçün tələb olunan dərmanların ölkəyə gətirilməsi və satışı sahəsində problemlər var?
- Bu gün bizdə istifadə olunan onkoloji dərmanlarla bağlı hansısa çətinliyimiz yoxdur.
- Milli Onkologiya Mərkəzinin imkanlarından danışdınız. Bəs elə bir məqam varmı ki, onunla bağlı çatışmazlıq olduğunu hesab edirsiniz?
- Xeyr, elə bir məqam yoxdur. Biz istəyərdik ki, bütün poliklinikalarda məsələn, mamoqraf olsun. Hansısa qadın bircə bu müayinədən ötrü Milli Onkologiya Mərkəzinə gəlməsin. Burada olan şəraitin heç olmasa yarısı ilkin müraciət üçün nəzərdə tutulmuş səhiyyə ocaqlarında olsun. Bu zaman xəstəlik də vaxtında aşkarlanacaq, müalicə də erkən başlamış olacaq.
Mənbə: apa.az