Azərbaycanda qızılca kabusu - Yoluxma sayı 2 mini ötərsə...

Azərbaycanda qızılca kabusu -

Qızılca Azərbaycanda “iri addımlar”la irəliləyir. Əfsus ki, virusun çox ağır fəsadları da özünü göstərməkdədir. Artıq bir neçə uşaq onun qurbanı olub. Orta məktəblərdə isə infeksiya kifayət qədər sürətlə yayılmaqdadır. Qusarda da artıq 27 nəfər qızılcaya yoluxub. Qusar Rayon Mərkəzi Xəstəxanasından mediaya bildirilib ki, onlardan 24-ü məktəblidir. Virus həmçinin Avropa ölkələrində özünü göstərməkdədir.

Məsələn, Rumıniyanın 29 əyalətində 2 minə yaxın yoluxma halı qeydə alındığı üçün ümummilli qızılca epidemiyası elan edilib. Bu barədə Rumıniyanın Səhiyyə Nazirliyi məlumat yayıb.

“Qızılcaya yoluxma hallarının həyəcanverici artımı, həmçinin yoluxmuş uşaqların pediatriya və yoluxucu xəstəliklər şöbələrinə yerləşdirilməsini nəzərə alaraq, Səhiyyə Nazirliyi 9-11 aylıq uşaqların peyvənd olunmasını təmin etmək məqsədilə ölkə səviyyəsində qızılca epidemiyası elan edib”, - məlumatda deyilir.

Qeyd olunub ki, ölkədə peyvənd olunmamış və ya natamam peyvənd edilmiş insanlar da peyvənd olunacaqlar. 2 minə yoluxmaya görə epidemiya elanı. Azərbaycanda bu günədək neçə nəfər yoluxub? Bizdə də qızılca epidemiyası elan oluna bilərmi? Yaxşılaşma nə vaxt gözlənilir? Havaların soyuması virusun yayılmasına təsir göstərəcəkmi?

Yeri gəlmişkən, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib ki, ağır infeksion xəstəlik olan qızılcanın fəsadları da xeyli ağır olur: “Bəzi şəxslərdə bu xəstəlik ağır fəsadlaşmış şəkildə keçir və hətta ölümlə nəticələnir. Qızılcaya yoluxan şəxsin səhhətində paralel şəkildə digər bəzi xəstəliklər də ortaya çıxa bilər. Bu xəstəliyin fəsadlarından ən çox rast gəlinəni isə pnevmoniyalardır”.

Dr. Mərdan Əliyev Şamaxı Müalicə Diaqnostika Mərkəzinin savadlı  həkim-hepatoloqu » gununnebzi.com

İnfeksionist: “Peyvəndləmə nisbəti yüksək olsa, epidemiya olmayacaq”

Təyyar Eyvazov bildirib ki, qızılcaya qarşı spesifik müalicə yoxdur: “Bu səbəbdən də ən yaxşı üsul peyvənd vurulmasıdır. Peyvənd almış şəxs xəstəliyə yoluxsa belə, çox yüngül keçirir. Qeyd edim ki, 2015-ci ildən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanda qızılcanın endemikliyinin olmadığını sübut edən sənəd verib. Bundan sonra ölkədə qeydə alınan yoluxmalar qonşu dövlətlərdən gəlmə hallar hesabına qeydə alınırdı. Nəzərə almaq lazımdır ki, qonşu ölkələrdən gəlmə hallarına ölkəmizdə münbit şərait olarsa, yoluxmalar, təbii ki, baş verəcək. Bunun olmaması üçün peyvəndlərin vurulması vacibdir. Qeyd edim ki, COVID-19 pandemiyası dövründə də xüsusilə peyvəndlərdən imtina ilə bağlı əsassız təbliğat aparılırdı.

Peyvəndlərin vurulması bir çox uşaq ölümlərinin qarşısını alır. Ona görə də valideynlər hələ də bunu etməyiblərsə, bu gün də gec deyil, vaxtında peyvənd olunmaq lazımdır. Yaşayış yeri üzrə uşaq poliklinikalarına müraciət edin. Uşaqlara dövlət hesabına qızılca əleyhinə peyvənd vurulacaq".

İnfeksionist-hepatoloq Mərdan Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini söylədi: “Hələ ki, Avropa ölkələri arasında yalnız Rumıniyada epidemiya müşahidə olunur. Digər Avropa ölkələrində xəstəlik yayılmayıb. Burada görünür ki, Rumıniyada peyvəndlənmə ilə bağlı problem olub. İnsanlar orada daha çox peyvənd etdirmək istəməyiblər. Təbii ki, digər Avropa ölkələrində də peyvəndə qarşı çıxanlar var. Amma burada peyvənd olunanlarla olunmayanların nisbəti məsələsi var. Bu nisbət fərqi əgər çox olarsa, həmin yerdə epidemiya, ya da endemiya müşahidə olunur. Fərq azdırsa, peyvənd olunanlar kifayət qədər çoxdursa, onların fonunda peyvənd olunmayanlar da infeksiyaya yoluxmur. Qızılca xəstəliyi çox sürətli yoluxan xəstəlikdir, COVİD kimi deyil. Burada pik nöqtəyə çatma, sonra enmə daha sürətlə müşahidə olunur. Bu artıq bizdə bir müddətdir ki, başlayıb. Hər halda lokal şəkildə rayon, kənd üzrə pandemiyanın sönməsi müşahidə olunacaq. Burada artıq bir dəfə yoluxmaqla ömürlük, möhkəm immunitet yaranır. Yoluxub sağalanlar bir daha yoluxmurlar. Nəzərə alsaq ki, orta və yaşlı nəsildən əvvəllər bu xəstəliyi keçirənlər var. Peyvənd olunanlar da var, onlar yüngül keçirir, yaxud da yüngül keçirirlər. Bütün bunlar onu göstərir ki, qızılca xəstəliyi çox böyük problem yaratmamalıdır. Qısa dövr ərzində yaxşılaşmanı müşahidə etməliyik. Fikrimcə, bu, COVİD kimi uzun çəkməyəcək”.

Antibiotik soyuqdəymə və öskürək dərmanı deyil": Pediatr Vaqif Qarayevlə  müsahibə - (VİDEO)

Pediatr: “İndiki epidemioloji vəziyyət peyvəndlənmə ilə bağlı saxta rəqəmləri ifşa etdi”

Tanınmış pediatr Vaqif Qarayev isə qızılca ilə bağlı hazırda qurumların insanları, insanların da səhiyyə qurumlarını, həkimləri qınamasını tənqid edib: “Keçmişə qayıtsaq, Sovet vaxtı sahə pediatrının iki əsas işi var idisə, birincisi uşaqların aktiv immunizasiyası idi. Peyvənd altına düşən müxtəlif yaş qruplarının illik planı hazırlanardı. Sonra aylıq, rüblük, illik hesabatlar verilərdi. Kimə, epidemioloqa. Epidemiloqlar daim izləyərdi immunizasiyanın gedişini. Plan dolmayanda xəbərdarlıqlar, şiddətli töhmətlər, tibbi şuralarda tənələr, danlanmalar olurdu. İki dəfə peyvəndə görə nazirliyin kollegiya iclasına çağırılmışam. Yəni çox ciddi nəzarət vardı peyvənd məsələsinə. İndi bilmirəm necədir vəziyyət. Bildiyim odur ki, sahə pediatrı valideyndən iltizam almaqla işini bitmiş hesab edir. Bu, vəziyyətdən çıxış yoludurmu?- Xeyr. Bəs epidemioloqlar nəzarət edirmi? Edirsə, bu günə kimi niyə həyəcan təbili çalmayıblar? Peyvənd barədə saxta rəqəmlər yazmaq olar. Amma indiki epidemioloji vəziyyət o rəqəmləri ifşa edir. Bunları ona görə deyirəm ki, qızılca bizimlə əbədi yaşamayacaq. Bitəcək nə vaxtsa. Təki az itki ilə çıxaq bu durumdan. Məsələ budur ki, uşaqlar təkcə qızılcaya görə yox, digər infeksiyalara qarşı da peyvənd olunmur. Heç kim zəmanət verə bilməz ki, sabah difteriya, göyöskürək, poliomielit, hepatit B kimi təhlükəli infeksiyalar yayılmayacaq. İndiki, sərhədlərin açıq olduğu bir zamanda infeksiyaların yayılma ehtimalı həddindən artıq çoxdur. Bizə yaxın qonşu dövlətlərdə də epidemioloji durum qənaətbəxş deyil. Ona görə yeganə çıxış yolu peyvənddir. Müxtəlif qurumların bir-birini ittiham etməsi ilə vəziyyətdən çıxa bilmərik. Ciddi çıxış yolları fikirləşib əhalini məlumatlandırmalıyıq”.

Afaq MİRAYİQ

Mənbə: www.musavat.com