Qızılca peyvəndi videosu qalmaqal yaratdı: Nə baş verir? - AÇIQLAMA

Qızılca peyvəndi videosu qalmaqal yaratdı: Nə baş verir? -

Sosial şəbəkələrdə azyaşlı uşağa vaksin vurulması ilə bağlı görüntülər qalmaqala səbəb olub.

Valideyn qız övladına vaksin vurulduğu anları videoya çəkərək sosial şəbəkələrdə paylaşmaq istəyib. Lakin o, videoya diqqətlə baxdıqdan sonra həkimin iynəni uşağa vurmadığı və kənara boşaltdığı qənaətinə gəlib. Ata iddia edir ki, həkim onları Belçika istehsalı peyvənd vuracağını deyərək aldadıb:

"Üzünü bağladığım uşaq qızımdır. Yalandan iynə vurur illuziyasını yaradan isə Pediator DR. Nərmin Məmmədovadır.

Ölkəmizdə qızılca xəstəliyinin bu dərəcə pis yayıldığı dövrdə bu pediatr fürsətçillik edir. İki övladım var və hər biri üçün vaksinə 155, həkim müayinəsi üçün də 50 manat olmaqla ümumilikdə 410 manat pul ödəmişəm. Tam təsadüfən yoldaşım qızıma iynə vurulma anını həkimdən icazə alaraq videoya çəkib və mənə göndərib ki “atası, bax, qızın iynədən qorxmur”. Görüntünü daha dəqiq incələdikdə bəlli olur ki, həkim Nərmin Məmmədova iynənin içərisinə hansısa mayəni doldurur uşağın qoluna yaxınlaşdırır, amma vurmur və sonra isə kənara boşaldır.

Bu adam məlumat yayıb ki, onda Belçika istehsalı olan "GSK Priorix" vaksini var. Amma belə görünür ki, yox imiş və Nərmin həkim valideynlərdən pul yığıb, sadəcə, illuziya yaradıb".

Görüntülərin "Medera" klinikasında çəkildiyini iddia edən şəxs N.Məmmədovanın həkimlik lisenziyasının ləğv edilməsini tələb edir.

Məlumatda həmçinin o da qeyd edilib ki, klinika valideynə adı çəkilən həkimin işdən uzaqlaşdırıldığını deyib.

Məsələ ilə bağlı Baş prokur Kamran Əliyevin adına və TƏBİB-ə yazılı sürətdə bu işə baxılması üçün müraciət olunduğu bildirilir.

Ölkə.Az məsələ ilə bağlı "MedEra" klinikasının mövqeyini öyrənməyə çalışıb. Klinikada icraçı direktor vəzifəsində çalışan Lalə adlı xanım videodan xəbərsiz olduqlarını, həmin klinikada Nərmin adlı pediatrın çalışmadığını deyib:

"Əgər belə bir hadisə baş versəydi, həkim çəkilişə icazə verərdimi? Belə bir şey baş verməyib, yalan məlumatdır", - deyə o söyləyib.

Bundan əlavə, sözügedən özəl klinikanın rəsmi veb ünvanında da Nərmin adlı pediatr haqda məlumatlar müvafiq bölmədə yer almayıb.

Mənbə: demokrat.az