Amerikada urologiya uzmanlığını qazanan ilk azərbaycanlı - Fotolar

Amerikada urologiya uzmanlığını qazanan ilk azərbaycanlı - Fotolar

 

Dünyanın müxtəlif nüfuzlu universitetlərində təhsil alan azərbaycanlı gənclərin elmi-tədqiqat sahələrinə maraq göstərməsi və ciddi uğurlara imza atması son illərdə qürur duyulacaq xoş ənənəyə çevrilib. Elm sahəsində öz sözünü deyən gənclərimizin hər biri ölkəmizin intellekt potensialıdır. Onlardan biri də Elm Günündə barəsində söhbət açmaq istədiyimiz İlahə İsalıdır.

Xoş xəbər odur ki, “Azərbaycan gənclərinin 2007-2015-ci illərdə xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın məzunu olan İ.İsalı bu il ABŞ-nin  nüfuzlu ali təhsil müəssisələrindən olan Kornel Universitetində Amerikada urologiya sahəsində ilk azərbaycanlı mütəxəssis kimi fəaliyyətə başlayacaq. Türkiyənin İstanbul Tibb Universitetində təhsil almış, ABŞ-nin məşhur Klivlend klinikasında təcrübə keçmiş İlahə İsalı elm yolunda hədəflərinə necə çatıb? Bu barədə gənc alimlə söhbətləşirik.  

İlahə İsalı 1991-ci ildə Tərtər rayonunda anadan olub. 2009-cu ildə Xırdalan şəhərindəki ərəb dili təmayüllü məktəbi fərqlənmə ilə başa vurub. Elə həmin ildə Azərbaycan Tibb Universitetinin I müalicə-profilaktika fakültəsinə daxil olub. 2011-ci ildən  “Azərbaycan gənclərinin 2007-2015-ci illərdə xarici ölkələrdə təhsili üzrə Dövlər Proqramı”na uyğun olaraq tibb təhsilini İstanbul Tibb Universitetinin tibb fakültəsində davam etdirib. Təhsil aldığı müddət ərzində Almaniyanın Heydelberg Universitetinin xəstəxanasında kardiologiya üzrə təcrübədə olub. Daha sonra 2014-cü ildə ABŞ-nin ən məşhur xəstəxanalarından olan Klivlend klinikasında cərrahiyyə ixtisası üzrə  təcrübə  keçib. Məşhur professor doktor Ceyms Kurkun rəhbərliyi altında əməliyyatlarda iştirak edib. Daha sonra gənc tədqiqatçı, tibb elmləri doktoru İ.İsalı ABŞ-nin Case Western Reserve Universitetinin Urologiya şöbəsində çalışmağa başlayıb.

Gənc alimlə söhbətimizə elm yolundakı ilk addımlarından başladıq.

- Mən hazırda Case Western Reserve Universiteti və Klivlend Universitet Xəstəxanasının Tibb Mərkəzinin Urologiya şöbəsində resident assistenti kimi çalışıram. Bu yeni dizayn edilmiş proqramda ilk beynəlxalq tibb məzunu kimi klinikada və əməliyyat otağında təcrübə qazanıram. İntern kimi eyni təhsil və klinik məsuliyyətlərə malik olduğum üçün bu təcrübə urologiya sahəsində biliklərimin inkişafında mühüm rol oynayıb. Mən, eyni zamanda universitetdə yarım iş günü (part-time) olaraq elmi tədqiqatçı kimi çalışır, digər tərəfdən “Regenerativ tibb və sahibkarlıq” (“Regenerative medicine and entrepreneurship”)  üzrə magistr proqramını tamamlayıram. Bundan əlavə, “Case Western University Translational Fellowship” Proqramında iştirak mənə urologiyada kommersiyalaşdırma və yeniliklər haqqında düşünməyə imkan verib. Eyni zamanda, "Klivlend Həyat Elmləri Məsləhətçiləri” (“Cleveland Life Science Advisors”) proqramında könüllü olaraq vençur təqaüdçüsü (“venture fellow”) kimi çalışıram. Bununla birlikdə Ohayo ştatında yeni tibbi startaplarda da yaxından çalışıram və bu, mənim “sahibkar həkim-alim” (“entrepreneurial physician-scientist”) olmaq hədəfimi daha da möhkəmləndirir. Bu təcrübələrin tarazlığı məni həm də mükəmməl, iddialı bir kommunikator halına gətirib.

- Siz həm də elmi-tədqiqatlarla məşğulsunuz. Bu sahədə son illərdə hansı uğurlarınız olub?

- 2017-ci ildən etibarən Amerikada urologiya sahəsində elmi tədqiqatlarla məşğul oluram.  Uroloji tədqiqatlar üçün toxuma mühəndisliyi/regenerativ tibb sahəsindəki ilk addımımı Case Western Reserve Universitetinin urologiya laboratoriyasında doktor Adonis Hijazın rəhbərliyi altında atmağa başladım. İlk layihəm qadınlarda “Stress Urinary Incontinence”-in  müalicəsi üçün kollagen torunun (kollagen mesh) inkişafı ilə bağlı idi və texnologiya transferi nəticəsində məhsulun tezliklə tibbi bazarda olacağını görmək məni həyəcanlandırır. Mən bu zamana qədər 130-dan çox elmi məqalənin müəllifiyəm və etdiyim araşdırmalardan dolayı 13-dən çox mükafatın, 3 patentin sahibiyəm (https://scholar.google.com/citations?user=0QEHYVYAAAAJ&hl=en). Yaxın zamanda üzərində çalışdığım “bladder patch” layihəsinin patentini aldıq və ən son aldığım mükafatlar arasında bu layihə ilə əlaqəli “Morgenthaler-Pavey Startup” yarışmasının qalibi olmağım da var .

Prestijli mükafatı almaq karyeramın ən önəmli anlarındandır

- 2023-cü il üzrə Elizabet Pikett mükafatına layiq görüldünüz. Bu barədə nə deyə bilərsiniz? Mükafat hansı işlərə və nailiyyətlərə görə verildi?

- Bu gün qadınlar üçün uroloq olma yoluna çıxmaq hələ də "cəsur" bir seçim kimi qəbul edilir. 2023-cü ildə Qadın Uroloqları Cəmiyyətinin (Society of Women Urology) "Elizabet Pikett Tədqiqat Mükafatı"na layiq görüldüm. Mən sidik yolunun daralması xəstəliyinin müalicəsi üçün xüsusi mikropartiküllər hazırladım, bununla da kişilərdə çox rast gəlinən bu xəstəliyin müalicəsi cərrahiyyəsiz mümkün ola bilər. Bu mükafat mənim üçün tərif edilməz dərəcədə önəmli mükafatlardan biridir. Çünki Qadın Uroloqları Cəmiyyəti qadın uroloqları dəstəkləməklə onların peşəkar inkişafına, şəbəkələşməsinə vəsilə olur, qadın uroloqları resurslarla təmin edir, urologiyada qadınları təşviq etməklə imkanlar, təhsil və bərabərlik yaradir.

Elizabet Pikett 1955-ci ildə Sloan-Ketterinq Memorial Klinikasında doktor Uillet Uitmorun rəhbərliyi altında uroloji onkologiyada təhsil almış ilk qadın ümumi cərrah olub. Bu mükafatı aldığım anda anladım ki, mənim üçün urologiya sahəsində irəliləyiş mümkündür, çünki belə bir prestijli mükafatı almaq karyeramın ən önəmli anlarındandır. Bu, mənə doğru yolda olduğumu və Amerikanın ilk azərbaycanlı urologiya mütəxəssisi olmaq yolunda inamımı daha da artırdı. Və 2024-cü ilin  fevralında Amerikada urologiya mütəxəssisliyimi Kornell Universitetində qazandım, beləliklə,  iyunda işimə başlayacağam.

- İmpakt faktorlu jurnallarda dərc olunan məqalələriniz, Hirş əmsalınız və istinadlar barədə nə deyə bilərdiniz? 

- Bəli, tibb sahəsində çalışmaqla bərabər, elmi-tədqiqatlarla da məşğul oluram. İmpakt faktorlu jurnallarda dərc olunan coxlu sayda məqaləm var. Hətta fəaliyyətlərim nəticəsində çoxsaylı istinadlar və dərc edilmiş məqalələrim əsasında Amerikada daimi yaşayış icazəsi kartı (yaşıl kart) almışam. Bu məqalələr, öz sahəmdə aparılan araşdırmaların nəticələrini əks etdirir və həmkarlarım tərəfindən yüksək qiymətləndirilir. Hirş əmsalım (h-index) mənim elmi işlərimin həm keyfiyyətini, həm də kvantitativ (kəmiyyət) təsirini əks etdirən bir göstəricidir və müəyyən bir səviyyədədir.

İstinadlar (https://scholar.google.com/citations?user=0QEHYVYAAAAJ&hl=en) barədə danışsaq, məqalələrim elmi cəmiyyətdə geniş istifadə olunur və müxtəlif araşdırmalarda mənə istinad edilir ki, bu da araşdırmalarımın əhəmiyyətini göstərir.

 Universitet əcnəbi alim və tədqiqatçılara qapılarını açıq saxlayır

- İşlədiyiniz Case Western Reserve Universitetində sizin fəaliyyətiniz üçün mövcud imkanları və elmi mühiti necə qiymətləndirərdiniz? Əcnəbi mütəxəssislərə münasibət necədir?  

- Case Western Reserve Universitetində işləmək mənə geniş elmi-tədqiqat və klinik imkanlar təqdim edib. Universitetin tədqiqat infrastrukturu və maliyyə dəstəyi, həm yerli, həm də beynəlxalq miqyasda ən son elmi irəliləyişlərlə paralel işləməyə imkan verir. Universitetdəki elmi mühit də çox dəstəkləyicidir, burada müxtəlif elm sahələrindən olan mütəxəssislərlə işbirliyi və bilik mübadiləsi asandır. Əcnəbi mütəxəssislərə gəldikdə isə, Case Western Reserve Universiteti müxtəlif mədəniyyətlərdən gələn alim və tədqiqatçılara qapılarını açıq saxlayır. Universitet fərqli ölkələrdən gələn mütəxəssislərin inteqrasiyasına və peşəkar inkişafına böyük önəm verir. Əcnəbi alimlərin universitetdəki təcrübəsi, adətən, çox müsbət olur, onlar da universitetin akademik və tədqiqat potensialına mühüm töhfələr verirlər. 

Bir çox yüksək stressli vəziyyətlərlə üzləşdim

- Siz öz uğurlu təhsil və elm hekayənizlə Azərbaycan gəncliyinə nümunəsiniz. Gənclərə elm yolunda nə kimi tövsiyələriniz var? 

- Qarşımda Amerikada urologiya rezidenturasına qəbul olmaq məqsədini qoyanda ətrafımda hər kəs, hətta ailəm belə, məni bu fikirdən daşındırmağa çalışdı. ABŞ-də ilk azərbaycanlı uroloq olmaq arzumu (Amerikada hələ də qadınlar üçün cəsarətli hesab olunur-İ.İ) həyata keçirmək üçün bir çox çətinlikləri aşmalı olduğumu bilirdim və bunu bacaracağıma inanırdım. Hər kəs məni bu fikirdən daşındırmağa çalışsa da, ABŞ-də qalmağımı dəstəkləyəcək maliyyə resurslarım yox idi. İstanbulda hər gün 18 saatlıq növbələrdə təcili tibb həkimi kimi böyük xəstəxanada çalışaraq, ABŞ-ə səfərim üçün pul yığmağa başladım. Bir çox yüksək stresli vəziyyətlərlə üzləşdim və bu səyahət boyunca qazandığım bacarıqlar, şübhəsiz ki, əməliyyat otağında sakitliyimə təsir göstərəcək. Bu yolda irəliləmək üçün hədəf müəyyənləşdirmək, sabitlik və səbr göstərmək, mentor axtarışı və şəbəkə qurma kimi tövsiyələrim olardı. Elm və təhsil yolunda davamlı öyrənməyin və etik davranışın əhəmiyyətini heç bir zaman unutmayın. Bəlkə çox ümumi görünə bilər, amma əsla və əsla xəyallarınızdan  vaz keçməyin. Yol çətin olsa da, mümkünsüz deyil.

Gənclərə demək istəyirəm ki, daim özünüzü inkişaf etdirməyə çalışın və hər günə bir şey öyrənməyi qarşınıza məqsəd qoyun. Mən Amerikaya ilk gəldiyim zamanlar ciddi maddi problemlərlə üzləşdim, amma hər şeyin mümkün olduğuna inandım. Bu inanc və hər gün öz üzərində işləmək ruhu ilə, ən çətin məqamlarda belə irəliləyə bildim. Hər biriniz öz hədəflərinizə doğru irəliləyərkən, mübarizə və səylərinizin nəticəsində əldə ediləcək uğurların dəyərini daha da qiymətləndirəcəksiniz.

Dövlət Proqramı həyatımda əhəmiyyətli dəyişikliklər yaratdı

- Hazırda bir çox azərbaycanlı gənc Dövlət Proqramı ilə xaricdə təhsil alıb ölkəmizə töhfələr verir.  Dövlət Proqramının gənclər üçün əhəmiyyəti, həyatınızda rolu barədə nə deyə bilərdiniz?

- Dövlət Proqramı ilə xaricdə təhsil almaq imkanı həyatımda və karyeramda əhəmiyyətli dəyişikliklər yaratdı. Bu proqram vasitəsilə əldə etdiyim bilik və təcrübə, mənim üçün yalnız akademik deyil, həm də şəxsi inkişaf baxımından dönüş nöqtəsi oldu. Xaricdə təhsil, müxtəlif mədəniyyətlərlə tanışlıq və beynəlxalq səviyyədə həmkarlarla əməkdaşlıq imkanları yaratdı ki, bu da dünyagörüşümü genişləndirdi və peşəkar bacarıqlarımı inkişaf etdirdi. Dövlət Proqramının gənclər üçün əhəmiyyətinə gəldikdə, proqram Azərbaycan gəncliyinə dünya standartlarında təhsil almaq və beynəlxalq səviyyədə rəqabətlilik qazanmaq imkanı verir. Xaricdə təhsil almış gənclər ölkəmizə qayıtdıqda, qazandıqları bilik və təcrübələri ilə ölkəmizin inkişafına töhfə verirlər. Öz təcrübəmdən deyə bilərəm ki, xaricdə təhsil proqramı mənə yalnız peşəkar sahəmdə deyil, həm də düşüncə tərzimdə böyük dəyişikliklər yaratdı. Bu proqram vasitəsilə qarşılaşdığım çətinliklər və nailiyyətlər, məni daha qətiyyətli və məqsədyönlü bir insan halına gətirdi. Bu səbəbdən, xaricdə təhsil Dövlət Proqramının gənclərimiz üçün çox dəyərli bir imkan olduğunu düşünürəm və sizin qəzetiniz vasitəsilə bir daha möhtərəm Prezidentimiz İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm.  

- Boş vaxtlarınız olurmu, istirahət gününü keçirməyin ən sevdiyiniz yolu nədir?

- Şərflər və papaqlar toxumaq. Kifayət qədər boş vaxtım varsa tarix, mədəniyyətləri, imperiyaları (xüsusən Osmanlı və monqol)  öyrənmək və sənədli filmlərə baxmaq, xarici dilləri öyrənmək və şeir, kitab yazmaq. Artıq 2 şeir kitabım dərc olunub.

- Gələcək hədəfləriniz barədə nə deyə bilərsiniz?

- Məqsədim  sahibkar uroloq alim kimi fəaliyyətimi davam etdirmək və Azərbaycandan urologiya kimi yüksək rəqabətli ixtisaslarla maraqlanan tələbələri buraya gətirə biləcəyim bir proqram yaratmaqdır. Mentorluq edərək və uğurlarını izləyərək gənclərə dəstək olacağam. Azərbaycanı beynəlxalq arenada təmsil etməyə davam edəcək və Azərbaycanda urologiya elminin inkişafına yardım üçün hər cür dəstəyi göstərəcəyəm... 

İlahə İsalının Case Western Reserve Universitet saytına verdiyi müsahibədə səsləndirdiyi bir fikri onun elm, təhsil, tibdə sahibkarlıq missiyasının qayəsini əks etdirir: “İnsanları ideyanın diqqətəlayiq olduğuna və həyatlarını yaxşılaşdıracağına inandırmaq dəyərli bir işdir. İdealizm, ətrafımdakı həyat şəraitinin və keyfiyyətinin yaxşılaşdığını görmək istəyi mənim əməl etməyə çalışdığım amaldır”.

Amerikanın ilk azərbaycanlı uroloq mütəxəssisinə hədəflərinə çatmasında bol uğurlar arzulayırıq.

Mənbə: Azərbaycan Müəllimi qəzeti


Mənbə: qafqazinfo.az