“20 il əvvəl kiçik bir əməliyyat olunmuşdum. Yüngülvari xərcim də çıxmışdı. Yolumuz xəstəxanaya düşəndə istər-istəməz sağlamlıqla yanaşı, pulu da düşünürük. İndi də bu əməliyyata görə xeyli pulum çıxacağını düşünürdüm. Amma icbari tibbi sığorta ilə bütün bu düşüncələrdən xilas oldum. Tamamilə öz sağlamlığıma kökləndim”.
Bu sözləri ötən ay ürək əməliyyatı olunan Hatəm Rüstəmov deyir.
65 yaşında açıq ürək əməliyyatı keçirən söhbətimiz onu da bildirir ki, hazırda özünü olduqca yaxşı hiss edir: “İyunun 24-də xəstəxanaya gəldim və kardioloqa müraciət etdim. Burada mən EKQ və EXO müayinələrindən keçdim. Daha sonra isə anju etdilər. Sonra əməliyyat olundum. 2 gün reanimasiyada, 5 gün də palatada qaldım. Bütün bu müddətdə icbari tibbi sığorta sayəsində heç bir ödəniş etmədim. İndi müayinəyə gəlmişəm. Çox şükür, hər şey qaydasındadır. Özümü yaxşı hiss edirəm”.
Hatəm bəydən fərqli olaraq, Yadigar Qafarova xəstəxanaya ürək ağrısı ilə üz tutmayıb. Öd kisəsindəki narahatlıq onu müayinə olunmaq üçün klinikaya gətirib. Lakin elə həmin vaxt öyrənib ki, əslində onun ürəyində problem var və təcili əməliyyat olunmalıdır: “Ötən ayın əvvəli ödümdəki narahatlığa görə gəldim yoxlanışa. Məlum oldu ki, ödümdə daş var. Əməliyyat olunmalı idim və həkim demişdi ki, qaçmalıyam. Amma mən qaça bilmədim. Buna da səbəb təngnəfəsliyim idi. Sonra ürəyim üçün yoxlanışa gəldim və anju ediləcəyimi dedilər. Bu zaman da məlum oldu ki, ürəyimdə üç damar tıxanması var. Buna görə də ödümdən əməliyyat oluna bilmədim. İlk olaraq ürəyimdəki problem aradan qaldırılmalı idi. Ağrılarım olurdu, amma bilmirdim ki, bu, ürək ağrısıdır. Hamı deyirdi, “nə oldu sənə, elə hər yerin ağrıyır?” Artıq 3 gündür əməliyyat olunmuşam və özümü çox yaxşı hiss edirəm. Əməliyyatım icbari tibbi sığorta ilə oldu. Bir manat belə pulum çıxmadı.”.
63 yaşlı Abdulla Əliyevin isə bir əməliyyatla ürəyindəki 5 problem aradan qaldırılıb. Quba rayon sakini olan Abdulla dayı deyir ki, olduqca ağır bir əməliyyat keçirib: “2-3 il olar, mən heç bir iş görə bilmirdim. Son zamanlar ağrılar, təngnəfəslik məni taqətdən salmışdı. Bir gün Qubada xəstəxanaya getdim və oradan deyildi ki, təcili Bakıya getməliyəm. Mən də gəldim bura. Onu da deyim ki, mənim ürəyimdə 1 yox, bir neçə problem var idi. Bütün bu problemlər isə sadəcə bir əməliyyatla aradan qalxdı. Söhbət təkcə əməliyyatdan getmir, burada qalmaq, yemək, müayinələr, iynə, dərman hamısını icbari tibbi sığorta ilə qarşılandı. Əməliyyatımdan 10 gün keçib və mən özümü çox gümrah hiss edirəm”.
Əməliyyatları icra edən ürək-damar cərrahiyyəsi uzmanı Əlizamin Yusifli Türkiyədə təhsilini bitirdikdən sonra icbari tibbi sığortanın ixtisaslı kadr çatışmazlığını aradan qaldırmaq məqsədilə həyata keçirdiyi uzman proqramı çərçivəsində vətənə dönüb.
Karyerası belə bir dönəmə təsadüf edən uzmanın sözlərinə görə, müayinəyə gələn pasiyentlərin ən çox verdiyi sual əməliyyata lazım olacaq məbləğlə bağlı olur: “Ürək əməliyyatı üçün müraciət edən xəstələrimizin tibbi danışıqdan sonra verdiyi son sual bu olur ki, “Həkim, bizim nə qədər xərcimiz olacaq? Biz indidən bilək, hazırlaşaq”.
Həkim icbari tibbi sığortanın icrasından sonra son 3-4 ildə ürək əməliyyatlarının daha geniş vüsət aldığını bildirib: “Çox sevindirici haldır ki, artıq dövlət xəstəxanalarında da icbari tibbi sığorta çərçivəsində açıq ürək əməliyyatları icra olunur. Etdiyimiz əməliyyatların təxminən 70-80%-ni məhz aorta koronar şuntlama əməliyyatları tutur. Bu gün bu əməliyyatların icbari tibbi sığorta ilə qarşılanması xəstələrin vaxtında xəstəxanaya müraciət edərək səhhətlərindəki problemi aradan qaldırmasına zəmin yaradır. Ürək əməliyyatları ilə bağlı bir sıra əməliyyatlar - aorta koronar şuntlama, vital qapağın dəyişdirilməsi və təmiri, aortal qapağın dəyişdirilməsi və təmiri, aortanın anevrizminin ləğvi və təmiri icbari tibbi sığorta çərçivəsində həyata keçirilir ”.
Qeyd edək ki, 2021-2023-cü illər ərzində icbari tibbi sığorta hesabına 8153 aorta koronar şuntlama əməliyyatı icra olunub (https://its.gov.az/bloq). Analizlər, laborator və instrumental müayinələr, reanimasiya və stasionarda yatış, bu zaman istifadə olunan dərman və tibbi sərf də icbari tibb sığorta təminatına daxildir.
Lamiyə Məmmədova
Foto-Video: Xəyal Vəlizadə
Mənbə: qafqazinfo.az