Mehdiyevin “dibçəkdə” yetişdirdiyi akademik korpus

Mehdiyevin “dibçəkdə” yetişdirdiyi akademik korpus

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin nəvəsi Fidan Əliyevanın ötən ayın 18-də gerçəkləşən toy mərasimi özlüyündə məişət hadisəsi sayılsa da, ölkənin siyasi həyatında aktiv müzakirələrin başlanmasına rəvac verdi.

 

Yenisabah.az xatırladır ki, Azərbaycanın tanınmış ictimai-siyasi xadimlərinin, elm və mədəniyyət adamlarının qatıldığı məclis təxminən bir aya yaxındır ki, müzakirə olunur. YAP-çı deputat Siyavuş Novruzovun partiyadakı vəzifəsini itirməsinə səbəb olan məlum toy digər qonaqlar üçün də təsirsiz ötüşmədi. Əli Abbasov və Abel Məhərrəmov kimi tanınmış akademiklər karantin dövründə baş tutan toy məclisinə qatıldıqları üçün ölkənin ictimai həyatından tamamilə təcrid olunmuş vəziyyətə düşdülər. İctimai qınaqdan digər mərasim iştirakçılarına da pay düşdü.

Peşəsindən və cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq, müxtəlif adamların qanun pozuntusuna etiraz etməsi diqqətçəkən əsas məqamlardan biri kimi yadda qaldı. Təkcə siyasətçilər, ictimai xadimlər deyil, hətta tanınmış mədəniyyət xadimləri, ictimai proseslərdən kənarda qalmağı sevən şou əhli də karantin qaydalarının pozulmasına təpki göstərdi. Sözsüz ki, toy sahiblərinin qanun qarşısında cəzalandırılmasında ictimai qınaq əhəmiyyətli dərəcədə rol oynadı.

Maraqlıdır ki, məlum toy mərasimi son bir ayda ən müxtəlif kontekstlərdən təhlil olunsa da, AMEA-nın rəhbərliyində təmsil olunan şəxslər, o cümlədən bu qurumun həqiqi və müxbir üzvlərinin heç biri qanunların ayaq altına atılmasına, karatin qaydalarının pozulmasına, ayrıseçkiliyə yol verilməsinə etiraz etmədi. AMEA rəhbərliyinin israrla susması, qurumun həqiqi üzvlərinin hər vəchlə mətbuatla təmasdan yayınması diqqətdən kənarda qalmadı. Bu fakt AMEA üçün xarakterik olan “Mehdiyev xofu”nun davam etdiyinə dair qənaəti bir qədər də gücləndirdi.

Başa bir vacib məqam isə Ramiz Mehdiyevin AMEA-nın saytını şəxsi bloquna çevirdiyinə dair iddiaların cavabsız buraxılması oldu. Yerli mətbuat bu faktı dəfələrlə qabartsa da, qurumun rəhbər şəxslərindən heç kim məsələyə münasibət bildirmədi. Mehdiyevin dövlət vəsaiti hesabına fəaliyyət göstərən bir saytı məişət mövzularına alət etməsinə dair çağırışlar ən müxtəlif cinahlardan tənqid olunsa da, “akademik sükut” heç bir halda pozulmadı...

Nə baş verir? Akademik titulu daşıyan şəxslər gözlərinin qabağında baş verən bu pozuntulara niyə etiraz etmirlər?

AMEA rəhbərliyində təmsil olunan şəxslərdən biri bizimlə söhbət zamanı Ramiz Mehdiyevin bu qurum üzərində ciddi təsir imkanlarına malik olduğunu bildirib. Qeyd edib ki, son 20-25 il ərzində akademiyada baş tutan bütün təyinatlar Mehdiyevin xeyir-duası ilə gerçəkləşib. Onun sözlərinə görə, ötən əsrin 90-ci illərinin ikinci yarısından başlayaraq, akademiyanın bütün həqiqi və müxbir üzvləri Ramiz Mehdiyevin razılığı ilə seçilib. O vaxt Prezident Administrasiyasına rəhbərlik edən Mehdiyev soyuq münasibət bəslədiyi bir nəfərin belə həqiqi və müxbir üzv seçilməsinə imkan verməyib. Bu üzdən də çoxlu sayda tanınmış elm adamının həqiqi və müxbir üzvlüyə gedən yolu birdəfəlik bağlanıb. “Hazırda AMEA rəhbərliyində təmsil olunan şəxslər, o cümlədən müxbir üzvlər birmənalı şəkildə Ramiz Mehdiyevin adamı hesab olunur. Buna görə də onların qanun pozuntularına göz yumması başadüşüləndir” – deyə, mənbə fikrini tamamlayıb.

Qeyd edək ki, AMEA ətrafında cərəyan edən bu hadisələr qurumun ləğv olunmasıyla bağlı çağırışları yenidən aktuallaşdırıb. Akademiyanın böyük ştat cədvəliylə dövlət büdcəsinə yük olması bu strukturda islahatları qaçılmaz edib. Mütəxəssislər dünya təcrübəsini əsas gətirərək hesab edirlər ki, inkişaf etmiş ölkələrdə AMEA kimi qurumlar çoxdan ömrünü başa vurub. Onların fikrincə, AMEA-nən əsas institutları profilinə uyğun olaraq ayrı-ayrı nazirliklərin və universitetlərin tabeliyinə verildikdən sonra qurumu ləğv etmək lazımdır. Mütəxəssislərin qənaətinə görə, AMEA-nın tabeliyində fəaliyyət göstərən Yusif Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutu SOCAR-ın, Yüksək Texnologiyalar Parkı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Neft və Qaz İnstitutu Azərbaycan Dövlət Neft Akademiyasının, İqtisadiyyat İnstitutu İqtisadi İnkişaf Nazirliyinin, Respublika Seysmoloji Xidmət Mərkəzi Ekologiya və Təbii Sərvətlər nazirliyinin tabeliyinə verməklə bu qurumların daha effektiv işləməyini təmin etmək mümkündür.

Bu çağırışların cavabsız qalmayacağı, çoxminlik işçi heyəti ilə dövlət büdcəsinə yük olan AMEA-nın tezliklə ləğv ediləcəyi və bu qurumun tabeliyində olan institutların islahatlar yolu ilə daha effektiv işləməsinin təmin olunacağı gözləniləndir.

Mənbə: yenisabah.az